Məhkəmədə “qanuni oğru”ların tərəfdarları arasında dava

22-07-2014, 13:25   
Məhkəmədə “qanuni oğru”ların tərəfdarları arasında davaAranı sakitləşdirmək üçün dustaqların otağına qaz sıxılıb; insidentə aidiyyəti olmayan dustaqlar da xəsarət alıb
Bakı Apelyasiya Məhkəməsinin hakimləri «facebook» məhbusu Əbdül Əbilovun işini araşdırmaq istəmir
Dünən Bakı Apellyasiya Məhkəməsinin binasında təcridxanadan gətirilən və məhkəməsini gözləyən dustaqların saxlanıldığı otağa Penitensiar Xidmətin əməkdaşları bibər qazı sıxıb. Buna səbəb isə otaqda kriminal aləmin “qanuni oğru”ları - Quli (Nadir Səlifov) və Rövşən Lənkəranskinin (Rövşən Canıyev) tərəfdarları olan dustaqlar arasında yaranmış dava olub. “Konvoy”lar aranı sakitləşdirmək üçün dərhal “bibər qazı” tədbirinə əl atıb.
Penitensiar Xidmət əməkdaşlarının qeyri-peşəkarlığının nəticəsi olaraq, insidentə heç bir aidiyyəti olmayan xeyli dustaq, o cümlədən “facebook”dakı “Yaltaqlara dur deyək!” səhifəsinin admini olmuş və bu səbəbdən narkotiklə şərlənərək 5 il 6 ay azadlıqdan məhrum edilmiş Əbdül Əbilov da olub. Bibər qazını hara gəldi sıxan “konvoy”ların naşılığından Əbdül Əbilovun əli yanıb, gözlərinə ziyan dəyib.
Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə Əbdül Əbilovun işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Əbdül məhkəmə zalına gətirilərkən onun üzü, gözləri qıpqırmızı olub ki, bu da bibər qazının təsirindən yaranıb.
Əbdül Əbilovun hüquqlarını müdafiə edən vəkil Xalid Bağırov hakimlərə müraciət edərək, insidentə aidiyyəti olmayan dustaqlara qarşı bu cür addımların araşdırılması və müvafiq tədbir görülməsini istəyib. Lakin hakim bildirib ki, Penitensiar Xidmət özü araşdırma aparacaq.
Vəkil isə bu fikirlə razılaşmır, bildirir ki, Əbdül Əbilovun işi hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, məhkəmə onunla bağlı hər hansı qanunsuzluğa reaksiya verməlidir.
Bundan başqa, vəkil apelyasiya məhkəməsində Əbdül Əbilovun şikayətinə məhkəmə istintaqı (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) ilə baxılmasını istəyib. Xalid Bağırov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu işlə bağlı bir sıra zəruri halları araşdırmayıb, müdafiə tərəfinin çoxsaylı vəsatətləri təmin olunmayıb. Əgər məhkəmə obyektiv araşdırma aparıb, ədalətli qərar qəbul etməkdə maraqlıdırsa, o zaman mütləq bu işə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır.
Lakin Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər heyəti vəkilin vəsatətini təmin etməyib. Ilkin baxış iclasının qərarında prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsi müəyyənləşdirilib.
Bu iş üzrə məhkəmə iclası isə avqustun 4-nə təyin olunub.
Vəkil Xalid Bağırov məhkəmədən sonra açıqlamasında bildirib ki, ümumiyyətlə, Bakı Apelyasiya Məhkəməsində siyasi motivli işlər üzrə məhkəmə istintaqı keçirilmir. Bu da ondan irəli gəlir ki, hakimlər obyektiv, hərtərəfli araşdırma aparmaqda maraqlı deyil.
Vəkil Əbdül Əbilovun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.