Qarabağı niyə itirdik?

22-07-2014, 13:53   
Qarabağı niyə itirdik?Heydər Əliyevin kadrı olan Boris Gevorkovun xain, hiyləgər əməlləri
Repressiya illərində olmazın əzablar çəkmiş Nuriyevlər ailəsi
Fikrət Şərəfxan oğlu Nuriyev, 1950-ci ildə Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. Hazırda pensiyaçıdır. Yazı ötən əsrin 20-30-cu illərində Qarabağdan Sibirin şaxtalı həbs düşərgələrinə və Qazaxıstanın qızmar çöllərinə sürgün edilmiş repressiya qurbanlarına həsr olunur.
Mal-qara vaqonlarında yolçuyuq
Başlanğıcı ötən sayımızda
Qarabağın minlərlə azərbaycanlı əhalisi kimi qanunsuz repressiyaya məruz qalaraq öz dədə-baba torpaqlarımızdan sürgün edildiyimiz 1937-ci ilin 10 may tarixini mən heç düşmənə də arzulamazdım. 3 nəfər azyaşlı uşaqla son dayanacağı bəlli olmayan mal-qara vaqonlarından ibarət dəmir yol eşelonunda həftələrlə məşəqqətli sürgün yolçuluğunun nə demək olduğunu yalnız həmin yolu gedənlər bilir:
“Beləcə gecə-gündüz həftələrlə yol getdik. Xeyli ölən oldu. Bir gün eşelonu göz işlədikcə hər tərəfi su ilə əhatə olunan körpünün üstündə saxladılar. Eşelon tərpənmək bilmirdi. Kimsə xəbər yaydı ki, bizi diri-diri dənizə tökəcəklər. Arvad-uşaq olan vaqonlardan bir ”şaxsey-vaxsey" fəryadı qopdu ki, heç Imam Hüseynin aşurası da ona çata bilməzdi. Bir müddət sonra eşelon hərəkətə gəldi. Nəhayət onları Qazaxıstanın Canbul vilayətinin Çu rayonunun eyni adlı dəmir yolu stansiyasında yerə tökdülər. Heç bir şəraiti olmayan çöllük-biyabanda məskunlaşmaq üçün yer ayırdılar. Ilk günlər olduqca çətinlik oldu, sonra ətraf bölgələrdə yaşayan yerli əhalinin köməyi sayəsində yavaş-yavaş özlərinə gün-güzəran qurmağa başladılar. “Yeni yol” (“Novıy put”) adında kolxoz təşkil etdilər, qəsəbə salıb beləcə sürgün illərini yaşamağa başladılar.
Nənəm sürgünlük həyatında 1941-1945 müharibəsinə 3 oğul yolladı. 1942-ci ilin oktyabr ayında cəbhəyə getmiş, 1943-cü ilin mart ayında Kursk cəbhəsində itkin düşmüş birinci oğlu Gülməmməddən bu günə kimi heç bir soraq yoxdur. Sonra ikinci oğlu Qubadı əsgər apardılar. O da bir müddət ön cəbhədə vuruşub ağır yaralandığı üçün sürgün yerinə qayıtdı. Kolxozda işləməyə başladı və çox keçmədi yerşumlayan traktorunun kotanı altına düşüb təkrar zədə aldı... Daha sonra sonuncu oğlunu Şərəfxanı, yəni mənim atamı da əsgər apardılar, heç bir günahı olmaya-olmaya 12 yaşından repressiya uğrayan atamı.
Boris Gevorkovla qarşı-qarşıya
“Fəhlə batalyonu” (“Raboçiy batalyon”) adlanan hərbi hissənin tərkibində Altay vilayətində dəmiryol xəttinin çəkilişində və sonra da Baykal gölünün arxasında yerləşən Petrozavodsk metallurgiya zavodunda fəhləlik elədi və burada da istehsalat zədəsi aldı. Atam üst-üstə 11 illik əzablı və məşəqqətli sürgünlük həyatından sonra 23 yaşında yaxınları ilə bərabər doğma vətəninə, Cəbrayıl rayonu Mahmudlu kəndinə qayıtmağa müvəffəq oldu. Ailə qurdu, ev-eşik sahibi oldu. Əvvəllər ən adi işlərdə çalışsa da sonralar öz bilik və bacarığı sayəsində sadə hesabdar vəzifəsindən iri sənaye müəssisələrinin baş mühasibi vəzifəsinə yüksəldi. Bir sıra keçmiş respublika nazirliklərinin mərkəzi təftişi idarələrində dövlət qulluqçusu oldu.
Yəqin ki, 1950-60-cı illərdə keçmiş Yüngül Sənaye nazirliyi pambıqtəmizləmə baş idarəsinin müfəttişi kimi keçmiş Noraşen (indiki Şərur) pambıqtəmizləmə zavodunda əsassız yerə ittiham edilən bir qrup işçinin güllələnmədən xilas olunmaları üzrə apardığı yoxlamanın nəticələrini hələ də unutmayan insanlar var.
Atam, ağır günlərdə qohumlarına, dostlarına, tanışlarına, iş yoldaşlarına imkanı olan qədər əl tutub, yaxşılıq eləyib, amma zaman-zaman həddini aşmış, hiyləgər, xain, ədalətsiz adamlarla da üzləşməli olub. Lakin heç vaxt ruhdan düşmür özündən qat-qat yuxarı vəzifədə olanlarla haqq-ədalət mübarizəsi aparırdı. Indi, üstündən 42 il ötəndən sonra daha yaxşı anlayıram ki, ötən əsrin 70-ci illərində Xırdalan pivə zavodunun baş mühasibi olaraq təkəbbürlü və kinli direktor Albert Kasparovun və havadarı, keçmiş Kirov (indiki Binəqədi) rayon partiya komitəsinin birinci katibi Boris Gevorkov kimi təmsilçisi olan erməni mafiyasının qəzəbinə duruş gətirmək elə də asan bir iş deyilmiş. Əksər adamlar bilir, sonralar Dağlıq Qarabağda birinci katib elə həmin bu Boris Gevorkov oldu. Onun xain və hiyləgər əməllərinin fəlakətli nəticələrini yəqin ki, Qarabağın azərbaycanlı əhli qiyamətə qədər unutmayacaq...
Atam 1972-ci ildə məhz Boris Gevorkovun göstərişi ilə qanunsuz olaraq işdən çıxarıldı. Xırdalan pivə zavodunun direktoru Albert Kasparov isə atama bunları dedi: “Nuriyev kimə istəyirsən şikayət elə. Amma heç nəyə nail olmayacaqsan, çünki bizim hər yerdə adamlarımız var. Elə etmə ki, səni ailəlikcə palçığa batıraq, oradan çıxa bilməyəsiniz”.
Zaman keçdikcə bəlli oldu ki, xain və hiyləgər erməni mafiyası nəinki 8 nəfərlik günahsız azərbaycanlı ailəsini “palçığa batırmağa”, hətta Qarabağ boyda ərazini işğal edib, bir milyon azərbaycanlını öz ata-baba torpaqlarından didərgin salmağa da qadirmişlər.
Atamı erməni mafiyası qanunsuz işdən atdıqdan sonra da özümüzdən olan havadarların köməyi ilə müxtəlif dedi-qodular yayaraq şərləyib tutdurmağa çalışdılar. Amma o, mübarizədən geri durmadı, tapdalanmış haqqını tələb etməyə çalışdı, hətta bu əsnada əvvəlki işinə bərpa olunmağı haqqında rəsmi göstəriş almağa da nail oldu, amma sapı özümüzdən olan baltaların məmur təmsilçiləri buna imkan vermədilər.
Əslində, həmin dövrün əmək məcəlləsinə görə baş mühasiblərin işə bərpası ilə bağlı mübahisələr məhkəmələrdə deyil, yalnız tabeçilik qaydasında yuxarı dövlət orqanlarında baxıldığı üçün SSRI YSN-in rəsmi göstərişi kifayət qədər yetərli sənəd olduğundan onun icrası ilə bağlı heç bir problem də olmamalı idi. Amma A.Kasparovla Boris Gevorkov işləri elə düzüb-qoşdular ki, atamı əvvəlki işinə bərpa etmədilər.
Bundan sonra atamla bərabər biz də çox ağır günlər yaşamağa məcbur qaldıq. Xırdalan pivə zavodunun binasında olan 5 otaqlı mənzilimizi əlimizdən alıb, əvəzində Əhmədli qəsəbəsində 3 otaqlı mənzil verdilər. Bizə ürək-dirək verənlərin sayı get-gedə azalırdı. Gündəlik dolanışığımızı təmin etmək üçün ev əşyalarımızı, xalça-palazımızı satmağa məcbur qadıq. O zaman bu haqsızlıqlara etiraz olaraq hətta ölkəni tərk edib xaricə mühacirət üçün rəsmi müraciət də etdik, təbii ki, müsbət cavab ala bilmədik.
Heydər Əliyevə məktub
Durumumuz lap ağırlaşanda nəhayət o zamankı Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevə müsbət cavab alacağımız ümidi ilə bir məktub yazdıq. 31 mart 1973-cü il tarixli şikayət ərizəsini qısa ixtisarla diqqətinizə çatdırıram:
“Yoldaş Əliyev, 8 nəfərlik Nuriyevlər ailəsi Sizə Xırdalan pivə zavodunun direktoru Kasparov Albert Oqanesoviçin son aylar başımıza gətirdiyi müsibətlər barədə məlumat vermək istəyirik.
Ailə başçısı Şərəfxan Turabxan oğlu A.Kasparovun əsassız və uydurma əmri ilə zavodun baş mühasibi vəzifəsinə azad edilmişdir. A.Kasparov demişdir ki, həmin əmr nə qədər qanunsuz olsa da Kirov rayonu (indiki Binəqədi) partiya komitəsinin birinci katibi Boris Gevorkovun və Azərbaycan SSR Yeyinti Sənayesi nazirliyinin birinci müavini B.K.Məmmədovun göstərişi ilə verib. Belə bir tapşırığın yalnız Boris Gevorkov tərəfindən verildiyini B.K.Məmmədov yoldaş şəxsən özü təsdiq edib. Əslində bu əmrin ortaya çıxmasının ən başlıca səbəbi Ş.Nuriyevin nöqsanları və cinayətləri vaxtlı-vaxtında aşkara çıxarması olmuşdur.
Sizdən xahiş edirik ki, A.Kasparovun qeyr-qanuni əməllərinin ifşa olunması və əmək hüquqlarımızın bərpa olunması üçün tədbir görəsiniz".
Lakin həmin ərizəmizə heç bir cavab ala bilmədik.
Bütün bu sıxma-boğmalar nəticəsiz qalmadı, nəhayət 1983-cü ildə atam ömrünün 59-cu ilində kəskin ürək-tutmasından rəhmətə getdi. 12 yaşında repressiya olunmuş, Qazaxıstanın qızmar çöllərinə sürgünə və 1941-45 müharibəsinin məşəqqətlərinə dözsə də öz vətənində at oynadan erməni mafiyasının əməllərinə dözmədi.
Deyə bilərsiniz ki, Qarabağın itirilməsi boyda acınacaqlı fəlakətlə müqayisədə mənim nəql etdiyim bu hadisənin nə əlaqəsi? Lakin məsələyə qlobal yanaşsaq görərik ki, o illər mənim atam kimi neçə-neçə azərbaycanlının taleyi məhv edilib... Hər bir azərbaycanlı taleyi məhv edildikcə də erməni mafiyası bir o qədər güclənirdi. Mən qəti əminəm ki, elə o vaxtlar kasparovlara, gevorkovlara və sairə öz yerlərini tanıdanlar tapılsaydı indiki Qarabağ problemi olmayacaqdı...
Yazını böyük türk sərkərdəsi Əmir Teymurun söyləmiş olduğu dahiyanə sözlərlə yekunlaşdırıram: “100 min atlı əsgərin bacara bilmədiyi işi bircə düzgün məsləhətlə həyata keçirmək mümkündür”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.