Son günlər yaranan əsas problemlərdən biri də koronavirusa yoluxan şəxslərin müalicəsi üçün xəstəxanalarda yerin tapılmamasıdır. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlərə rast gəlirik.
Medicina.az xəbər verir ki, belə şikayətlərdən biri də med-prosvet.az saytına göndərilib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Xəstənin adı İsmayılova Səbinə Şıxheybət qızı (Qusar rayon qeydiyyatlı). Hal-hazırda Bakıda kirayə qalır. 3 həftəyə yaxındır ki, quru öskürəyi vardı. Əlavə olaraq da tiroidit. 2 həftə Qusar rayonunda KT-yə düşdü, ağ ciyərlərini yoxlatmaq üçün. Müayinə təmiz çıxıb. Bakıya qayıdandan sonra öskürəyi kəskinləşdi. Artıq bəlğəmli öskürəyə çevrildi və boğulmalar başladı. Təngnəfəslik də əlavə olundu. Və kürəyi ağrımağa başladı. Ağ ciyər tərəfdə də ağrıları var. Qızdırma isə 38-39 idi. 09.06.2020 axşamüstü bizdən gəlib koronavirusla bağlı analiz götürüldü. Evdə 3 nəfər qalırıq. Səbinənin vəziyyəti çox ağırdır. Digər iki nəfərdə 4 gündür artıq 37 qızdırma düşmür. 09.06.2020 “skorıy” koronavirusla bağlı yaxma götürərkən dedi ki, Səbinənin vəziyyəti ağırdır, aparılmalıdır xəstəxanaya. Dedilər ki, ilk əvvəl yenidən KT-yə salınacaq xəstəxanada. Cavab çıxan kimi də Astaraya aparacağıq. Çünki Bakıda yer yoxdur artıq. Axşamüstü olduğu üçün KT-yə sala bilməyiblər, çalışmayıb. Xəstəyə yoxlamadan Astaraya aparılması təklif olunub. Xəstə də bildirib ki, bəs Astarada yoxlanılacaq ciyərlərim dəqiq? “Skorıy” bildirib ki, xeyr, Astarada KT yoxlanışı yoxdur. Xəstə də yoxlanılmadan getməkdən imtina edib. Xəstə evə geri qaytarılıb. Sonra dəfələrlə TƏBİB-lə, qaynar xəttlə, Səhiyyə Nazirliyi, Operativ Qərargahla da əlaqə saxlanılıb. Deyiblər ki, xəstə aparılmalıdır xəstəxanaya, 103-ə zəng edin. 103 gəlir, bizə bildiyimiz eyni məlumatları verir və əlavə edir ki, xəstəxanalarda yer yoxdur. Çıxıb gedirlər. Ağır xəstənin hal-hazırda ishalı və qusması da var. Ağır xəstə 10.06.2020 tarixində Diaqnoz Tibb Mərkəzinə yaxınlaşaraq yenidən KT-yə düşüb. KT-nin cavabı isə – sol ağciyərin bazal seqmentlərində “buzlu şüşə” görünümdə opasifikasiya sahələri, lazerobazal seqmentdə isə plevroparenximal konsolidasiya izlənilir – qeyd olunub.
0124924161, 0125050330, 0124927554, 0125051333, 0125657103, 103, 102, 1542, 0125659106, 0125654106, 9103 bu nömrələrlə əlaqə saxlanılıb. “Skorıylarla” 09.06.2020 tarixindən durmadan zəng edirik. Ancaq gəlib məsləhət verirlər. Köməklik göstərilmir.
Artıq 3-cü gündür ki, operativ gərargahla əlaqə saxlayırıq. Şikayətiniz qəbul olundu deyirlər, lakin hələ də bir cavab yoxdur. Ən son da dünən gecə 02:00 radələrində “skorıy” gəldi. Halı pisləşmişdi qızın. Yenə köməklik göstərilmədi. Mərkəzə zəng etdilər yanımızda, soruşdular. Mərkəzdən cavab verildi ki, yer yoxdur, nə Bakıda, nə də ki rayonlarda.
Özəl klinikalar da götürmürlər xəstəni, diaqnoz deyilən ki, kənar dururlar ki, bu virusdur artıq. Virus olduğu halda biz qəbul etmirik. Dövlət köməklik göstərməlidir.
Dünən gecə 02:00 radələrində gələn “skorıy” dedi ki, Bakıda yeni açılan xəstəxanalara hər adam götürülmür, ancaq vəzifəlilər götürülür. Biz də əmrə tabeyik. Heç nə edə bilmərik təssüf ki. Xəstə evdə müalicə olunsun. Səbinə evdə müalicə alacaq vəziyyətdə deyil artıq. Boğulmalar uzun çəksə, biz evdə nə edə bilərik ki?”
Bu, xəstələrdən eşitdiyimiz onlarla oxşar hadisələrdən biridir. Test mənfi. CT şəkli spesifikdir. Klinik olaraq pasiyent orta ağır və ya ağırdır. Xəstə xəstəxanaya yerləşdirilmir. Operativ Qərargahdan bu işə OPERATİV reaksiyasının verilməsini xahiş edirik.