Azərbaycanda onlayn medianın fəaliyyətinin qismən məhdudlaşdırılması hüquqidirmi?

15-06-2020, 09:20   


bu gün Azərbaycan media azadlığı söz azadlığıİSTOCK

Azərbaycanda tətbiq olunan ev təcridi rejimi zamanı onlayn medianın fəaliyyətinə bu həftəsonu da icazə verilmir. Nazirlər Kabineti yanında operativ qərargah belə qərar verib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BBC News Azərbaycancaya qərarın nəyə əsasən verildiyini izah etməyib, lakin o deyib ki, "onlayn media evdən işləyə, sayta xəbər qoya bilər".

Media məsələləri üzrə təhlilçi Ələsgər Məmmədli hesab edir ki, belə qərarın verilməsinin səbəbi "qərarları verən şəxslərin "işini və qanunvericiliyi bilməməsidir".

Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev hesab edir ki, bu qərarın tətbiqi onlayn medianın fəaliyyətinin "məcazi mənada məhdudlaşdırılmasıdır, hüquqi mənada yox".


Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı iyun ayının 6-sı və 7-də ev təcridi rejimi tətbiq olunub. Bu təcrid zamanı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət Nazirlər Kabinetinin verdiyi qərara əsasən tənzimlənib. Ev təcridi iyunun 14-ü və 15-də yenə də tətbiq olunacaq.

"Belə qərar qəbul olunub"

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BBC News Azərbaycancaya ev təcridi rejimi zamanı onlayn mediada çalışan jurnalistlərin küçəyə çıxma qadağası qərarının "əvvəlki qaydada qaldığını" bildirib.

Ancaq cənab Məmmədov qərarının nəyə əsasən qəbul olunması ilə bağlı açıqlama verməyib.

İbrahim Məmmədov onlayn media təmsilçilərinin küçəyə çıxma qadağasının medianın fəaliyyətinə məhdudiyyət yaratmadığını deyir.

"Onlayn media informasiya texnologiyalarının imkanlarından istifadə edib, öz saytlarında istənilən məlumatı yerləşdirməkdə azaddır. Söhbət küçəyə çıxmaqdan və fiziki təmasdan gedir".

Ölkədə nə üçün ancaq televiziya və radioların işə buraxılmasına gəlincə, qurum sözçüsü bunu "fiziki təmasın az olması, mümkün qədər küçəyə az adamın çıxmasına icazə verilməsi" və beləliklə "insanların qorunmasını təmin etmək üçün belə qərarın qəbul olunması ilə" izah edib.

"Hər iki tərəf qanunvericiliyi bilmir"

Media məsələləri üzrə təhlilçi Ələsgər Məmmədli isə hesab edir ki, belə qərarların verilməsinin səbəbi hər iki tərəfin qanunvericiliyi bilməməsidir.

"Qanunvericiliyi bilmirlər. Tətbiq edən düşünür ki, edə bilər, heç baxmır ki, bunun əsası nədir, hansısa qanuna istinad edir və ya etmir? İkinci problem isə bu məsələdə hüququ olanların da bunu müzakirəyə çıxarmamasıdır. Heç bir halda qarşı tərəfdən heç kimin məhkəməyə müraciət etməməsi, "niyə mənim hüququmu məhdudlaşdırırsan?" deməməsidir. Yəni, ikitərəfli problem var", - təhlilçi BBC News Azərbaycancaya deyir.

Ələsgər Məmmədli deyir ki, "Azərbaycan Konstitusiyası ölkədə kütləvi İnformasiya Vasitəsi (KİV) azaddır deyir, KİV haqqında qanunun da birinci maddəsində, bu, çox aydın şəkildə yazılıb".

Təhlilçi vurğulayır ki, "ölkədə məhdudlaşdırmaya dair yeganə məqam hərbi və fövqəladə rejim zamanı xüsusi rejim tətbiq olunduğu təqdirdə mümkündür".

"Bundan başqa heç bir qurumun istər Nazirlər Kabineti olsun, istərsə də Milli Məclis KİV-in fəaliyyətini - informasiya toplamasını, hərəkət etməsini, yaymasını və s. məhdudlaşdıra bilməzlər. Əksinə, tətbiq olunan karantin rejimində tam tərsi olmalıdır, əhalini sanitariya və epidemioloji vəziyyəti, habelə əhalinin sağlamlığı haqqında qanunda aydın şəkildə göstərilir ki, media sistemli şəkildə vətəndaşı məlumatlandırmalıdır.

Media təbii ki, informasiyanı gedib yerində görüb, alacaq. Onun ictimai nəzarət funksiyası var və ictimai nəzarəti həyata keçirə bilməyən media media deyil. Dolayısı ilə burada heç bir məhdudiyyət tətbiq oluna bilməz", - cənab Məmmədli deyir.

Hüquqşünas "həmin gün medianın vəziyyətə nəzarət etməli, boşluqlar varsa bunu ictimaiyyətə və qərargaha çatdırmaq üçün gücləndirilmiş iş rejimində işləməli olduğunu" düşünür.

Ələsgər Məmmədliyə görə, "problem həm də məsələyə diskriminativ yanaşmadadır": "Sadəcə TV və radiolara icazə verilir. Bu isə Konstitusiyanın "qanun qarşısında hər kəsin bərabərlik prinsipinə" ziddir".

Bəs, Mətbuat Şurası bu duruma etiraz edəcəkmi?

Ələsgər Məmmədli deyir ki, ölkədə fəaliyyət göstərən Mətbuat Şurası adlı qurum "etik məsələlərə baxmaqla yanaşı, həm də medianın informasiya təminatı məsələsinə baxır".

Media məsələləri üzrə təhlilçi hesab edir ki, "Qurum bu ayrı-seçkiliyə etiraz etməlidir".

Cənab Məmmədli "Mətbuat Şurasının bu məsələyə etiraz edəcəyinə inanmadığını" deyir.

Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev hesab edir ki, bu, qərarın tətbiqi onlayn medianın fəaliyyətinin "məcazi mənada məhdudlaşdırılmasıdır, hüquqi mənada yox".

"Hökumətin qəbul etdiyi qərar, normativ hüquqi akt hamı üçün məcburi olan bir haldır. Konstitusiyamızın maddəsində göstərilir ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan qanunvericiliyinin əsasını təşkil edən normativ hüquqi aktdır.

Bura mərkəzi icra hakimiyyətinin qərarları, beynəlxalq normalar və s. daxildir. Bu baxımdan, bu epidemiyanın miqyası böyüdüyünə görə, Nazirlər Kabinetinin belə bir qərar qəbul etməsi yolveriləndir", - qurumun icraçı katibi BBC News Azərbaycancaya deyir.

Cənab Əliyev deyir ki, "onlayn medianın küçəyə çıxmaq icazəsi yoxdursa da, telefonla məlumat almaq imkanları var".

Şəmsəddin Əliyev bildirib ki, "onlayn media əməkdaşları üçün küçəyə çıxmaq doğrudan da vacibdirsə bunun üçün Mətbuat Şurasından küçəyə çıxmaq arayışı ala bilərlər: "Lakin bunun üçün öncədən müraciət etmək lazımdır".

Azərbaycanda iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı səhər saat 06:00-dək ev təcridi rejimi tətbiq olunacaq.

Tətbiq olunacaq rejimin tələblərini pozacaq - fiziki, hüquqi və vəzifəli şəxslər Nazirlər Kabinetinin qərarına görə, qanunda nəzərdə tutulmuş inzibati cəzalardan başqa, həm də cinayət məsuliyyəti daşıyacaqlar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.