Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması artıq neçə gündür ki, medianın diqqət mərkəzində olan mövzulardan biridir. Bunun əsas səbəblərindən biri villanın Azərbaycanda tez-tez təsadüf olunmayan bir qiymətə – 4,5 milyon manata satılmasıdırsa, digəri də yeni sahibinin kimliyinin açıqlanmamasıdır.
Villanı tanınmış şəxslərdən birinin aldığı bildirilsə də, onin kimliyi gizli saxlanılıb. Sonradan bəzi media orqanlarında villanın yeni sahibinin biznes-ledi Ruhi Əliyeva olması barədə xəbərlər yayılsa da, bu öz təsdiqini tapmadı. Ruhi “AzPolitika.info”-ya açıqlamasında məlumatı təkzib edərək, ümumiyyətlə bağ evinin olmadığını, övladları ilə birgə Mərdakanda kirayələdiyi bağ evində yaşadığını bildirdi.
Bu gün publika.az-a açıqlama verən Tağı İbrahimov özü də villasını Ruhi Əliyevanın almadığını desə də, kimə satmasını açıqlamayıb: “Mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb”.
“AzPolitika” saytının xəbərinə görə, Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin milyonluq villaları, bağ evləri yerləşir. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də bizə verilən məlumatlar sırasındadır.
Tağı İbrahimovun keçmiş villasının çöldən görünüşü...
4 mərtəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikilməsi isə elə kənardan da görsənir. Elə buna görə də ATV-dən ayrıldıqdan az sonra villasını satışa çıxaran Tağı İbrahimov, ilkin olaraq bu bağ evi üçün 10 milyon dollar istəyirmiş. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonradan aşağı salınıb. Qonşuluqda yaşayanlardan birinin əməkdaşımıza dediyinə görə, son aylarda villa 6 milyon manata satışa qoyulmuşdu. Bu yaxınlarda isə, xəbər verildiyi kmi, 4,5 milyona satılıb. Yəni, Tağı İbrahimovun Novxanındakı bağını və villasını görənlər üçün onun 4,5 milyon manata satılması heç də təəccüblü deyil…
Saytın xəbərinə görə, İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur!