Pandemiya dövründə Azərbaycanda səlahiyyət davası gedir

2-07-2020, 10:26   


Bəxtiyar Hacıyev

Xeyli sayda vətəndaş yazır ki, təcili tibbi yardım çağırırıq, gələn yoxdur. Gəlirlər, xəstəxanaya yerləşdirmə məsələsini qurumlar bir-birinin üstünə atır. Dərman deyilir, dərman apteklərdə tapılmır, qurumlar yenə “bizim yox, digərinin səlahiyyətindədir” deyir. Tibb bacılarının sayında problemlər var, dərmanların qiymətində artım var, yenə “bizim səlahiyyətdə deyil” cavabları verilir Operativ Qərargahın brifinqində.

Bəs nə baş verir? Bir nazirlik var – Səhiyyə Nazirliyi. Səhiyyə nazirinin üzünü sonuncu dəfə vətəndaş nə vaxt görüb, xatırlamıram.

Nazirlər Kabineti yanında Dövlət Agentliyi yaranıb – İcbari Tibbi Sığorta Dövlət Agentliyi. Sonradan publik hüquqi şəxs olur.

TƏBİB adlı (Tibbi Ərazi Bölmələri İctimai Birliyi) publik hüquqi şəxs yaradılır. Ona nəzarət İTS-ə verilir.

Müəyyən səlahiyyətlər Səhiyyə Nazirliyindən alınıb, TƏBİB-ə verilir. Bir neçə ay sonra iş bölgüsü aparılır və həmin səlahiyyətlərin bir hissəsi TƏBİBdən alınır və Səhiyyə Nazirliyinə MÜVƏQQƏTİ verilir.

Bir çox insan bildirir ki, bir çox dövlət qurumları arasında gedən səlahiyyət, nəzarət, büdcə üzərində dava və s. mənfi hallar bu qurumlar arasında da baş verir. Şəxsən bu prosesdən yorulub, uzaqlaşmış, yaxud pandemiya ilə mübarizədə töhfəsi ola biləcək, ancaq bu davalara görə uzaq duran adamlar da var.

Sanki, vətəndaş ac oturub restoranda, bir yemək sifariş verir, mətbəxdə baş aşpaz yoxdur, əti qızartmaqdan məsul şəxs deyir yağdan istifadə tərəvəzi qızardanın səlahiyyətindədir, ondan icazə almaq lazımdır, tavalardan istifadə səlahiyyəti sous hazırlayan şəxsdədir. Ən çox yeyinti gündəlik ət alışında olduğuna görə ayrıca ət departamenti yaradılıb və restoranın baş mühasibinə bağlıdır, o da heç kimi saymır. Nəticədə müştəri ya ac qalır, ya da steyk yeyə biləcəyi halda qarşısında kaşa görür.

Səhiyyə sistemində illərlə yığılmış min digər problem bir tərəfə, heç olmasa, belə bir vaxtda paralel qurumlar yaradıb, onlar arasında “torba tikək, digər qurumun işi alınmasın, o sahələr bizə verilsin, orada çoxlu yeyinti yeri var” düşüncəsi ilə hərəkət etmək olmaz.

Koronavirusa qalib gəlmək üçün xaricdən təcrübəli epidemioloqlar dəvət etməklə yanaşı, səhiyyə idarəçiliyi sahəsində peşəkar təşkilatları dəvət edib, səhiyyə sahəsində yaranmış bu dolaşıq kələfi açıb, səhiyyə sahəsinə nəzarət edən tək bir struktur yaratmaq lazımdır. Üzünü görmədiyimiz səhiyyə nazirini orada saxlamaq üçün 5 paralel qurum yaradıb, böhranı daha da dərinləşdirmək yox.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.