Elnur Astanbəyli: «Anar Rzayev niyə hakimiyyətdəkilər AYB-ni tənqid edəndə də bəyanat vermir?»
“Siyavuş Novruzovun Azərbaycan Yazıçılar Birliyi (AYB) barədə tənqidləri ədəbiyyat təəssübkeşliyindən irəli gəlmir. Yapçı-deputatın digər bir çox hakimiyyət nümayəndələri kimi ona görə gileylidir ki, AYB-nin artıq ədəbi-mədəni fikrin formalaşmasında heç bir rolu qalmayıb, ədəbi-mədəni prosesi canlandıran, irəli aparan insanlar AYB-dən kənardadırlar.
Bu isə hakimiyyəti qayğılandırır, çünki onlar ölkədə hər şeyi sadəcə öz nüfuz, təsir dairələrində görmək istəyirlər. AYB də ədəbi proses üzərində hakimiyyətin diqtəsini həyata keçirməklə mükəlləfdir, buna görə büdcədən pul alır, amma ona olan etimadı doğrulda bilmir”. Bunu şair-publisist Elnur Astanbəyli YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun AYB barədə tənqidlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, S.Novruzov 1937.az saytına müsahibəsində deyib: “Azərbaycan ədəbiyyatı eyni adamlarla bitə bilməz. Bu baxımdan müxtəlif proqramlar çərçivəsində, mənə elə gəlir ki, gənc yazarlara xüsusi kömək olunmalıdır, dəstək göstərilməlidir. Mövcud yaradıcı birliklər Sovet sistemindən çıxıb, yenidən təkmilləşməlidir. Amma hesab edirəm ki, bu gün o tərkibdə də müvafiq dəyişikliklər getməlidir. Məsələn, hər dəfə, heç olmasa, 10 faiz, 20 faiz, 30 faiz dəyişikliklər olanda ədəbiyyatın inkişafına da kömək olur. Azərbaycan Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşir və hesab edirəm ki, qurumda hər şey sistemləşməlidir. Mənə elə gəlir ki, bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər, yazıçılar üçün də çalışmalıdır. Yazıçılar birliyində gənclərə üstünlük verilməlidir”.
E.Astanbəyli isə bildirib ki, bundan bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də AYB barədə sərt tənqidi fikirləri olmuşdu və həm onda, həm indi hakimiyyət təmsilçilərinin tənqidlərinin əsas motivi əslində eynidir: “Demək istəyirlər ki, sizə hər cür şərait yaradılıb, bəs niyə ədəbi proses, ədəbi fikir sizdən kənarda cərəyan edir? Niyə ədəbi proses əllərində heç bir maddi, inzibati resurs olmayan yeni ədəbi qüvvələrin sayəsində cərəyan edir? Məsələ budur. AYB-nin yaradılma səbəbi ədəbiyyatı ”partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək"dir. Indi də Yazıçılar Birliyi eyni məqsədlə ayaqda saxlanılır. Amma bu qurum ona tapşırılan işi layiqincə yerinə yetirə bilmir, ədəbi-mədəni prosesdə azad yaradıcı qüvvələrə açıq-aşkar məğlub olur. Bu da hakimiyyətdəkiləri razı sala bilməz, ona görə də vaxtaşırı irad bildirirlər".
E.Astanbəyli deyib ki, istər R.Mehdiyevin, istərsə də indi S.Novruzovun tənqidlərinə AYB-nin, onun sədri Anar Rzayevin susqun münasibətinin səbəbi məlumdur: “Səbəb odur ki, hakim gücdən qorxu bu qurumun, onun rəhbərliyinin canındadır. Biz - sözündən, qələmindən başqa heç nəyi olmayan, hər cür imtiyazdan, vəzifədən məhrum adamlar Anar Rzayev ünvanına güldən ağır söz deyən kimi təhqir, iftira dolu bəyanatın biri bir qəpik olur. Bəs eyni Anar Rzayev niyə hakimiyyətdəkilər tənqid edəndə də oxşar reaksiya bildirmir, heç bir bəyanat vermir? Çünki bu psevdo-yazıçılar içində daim bir hakimiyyət qorxusu, hər hansı hakimiyyət olursa olsun, ona qeyd-şərtsiz itaətkarlıq hissi var. Əlində heç bir güc, imtiyaz olmayan 20 yaşlı gənc qələm adamını belə, tənqid edəndə az qalırlar dar ağacından assınlar, amma tənqid ”yuxarı"dan, hakimiyyətdən gələndə tut yemiş bülbülə dönürlər. Bu onların xislətidir, iç üzüdür. Sadəcə, bir daha bütün çılpaqlığı ilə ortaya çıxdı".