Sabiq xarici işlər naziri XİN-dəki həbslər barədə: "ciddi şəkildə məlumat sızması mövcuddur"

8-07-2020, 10:31   




"Biz hiss etməliyik ki, orada Azərbaycanın maraqlarına zidd olan hasısa məxfi məlumatların sızılması baş verib", bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin XİN-də apardığı əməliyyatı dəyərləndirərkən söyləyib.
Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub.
BBC News Azərbaycancaya danışan Tofiq Zülfüqarov hesab edir ki, DTX-ını XİN-dəki həbsləri məsələsində təkcə iqtisadi, maliyyə məsələləri əsas amil deyil, baş vermiş hadisədə "milli mənafe kəsb edən və milli mənafeyə ziyan gətirən məsələlər, yəni, daha çox siyasi məsələlər ortaya çıxır."


Millət Vəkili Asim Mollazadə isə bu əməliyyatı islahat kimi qiymətləndirir və XİN-in işində "prinsipial dəyişiklərə" ehtiyacın olduğunu söyləyir.
BBC News Azərbaycanca məsələ ilə bağlı xarici işlər nazirinin və ümumiyyətlə qurumun şərhini almağa çalışsa da, buna müvəffəq olmayıb.

DTX həbslər barədə nə deyir?

DTX-nın yaydığı məlumata görə, iyulun 3-də XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə", Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə "rüşvət alma faktlarına" görə həbs edilib.
DTX onların "çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyini" açıqlayıb.
Qurum şübhələrin "dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi" ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib.
DTX adı çəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlarına və "dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə" baxış keçirildiyini açıqlayıb.
Həmin yerlərdən "nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb".
Xidmət bildirib ki, Fərhad Molla-zadə və Səlim Əlizadənin "dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsəməsi" barədə "əsaslı şübhələr" müəyyən edilib.
Məlumatda Fərhad Molla-zadənin və Səlim Əlizadənin "XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına" dair məlumatlar əldə olunduğu qeyd olunub.
"Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir,"- DTX bildirib.

"Məlumat sızması"

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov XİN-də baş verənləri "yaxşı" qiymətləndirdiyini deyib: "Yaxşı tərəfi odur ki belə işlərlə mübarizə aparılır, belə əməllərin qarşısı alınır, dövlət bununla yüksək səviyyədə məşğul olur. Pis tərəfi isə odur ki, bu qurumda belə halların baş verməsi utancvericidir."
Cənab Zülfüqarov deyir ki, Azərbaycan vətəndaşı hansısa ölkəyə viza almaq istəyərkən səfirliklərin əvəzinə onun qarşısına hansısa vasitəçi şirkətlər çıxır və bu da korrupsiyanın bir növüdür.
"Təəssüf ki, bu korrupsiyanı Avropa ölkələrində də görə bilərsiniz. Belə hallar hər yerdə var. Əsas məsələ o deyil. Əsas məsələ odur ki, dövlət bu cür hallarla ciddi şəkildə mübarizə aparır, yoxsa yox? Və biz görürük ki, müxtəlif dövlət strukturlarında çox kəskin və ciddi əməliyyatlar aparılır və oradakı mənimsəmə halları, rüşvətxorluq və digər qanun pozuntuları açıq-aşkar ictimaiyyətə göstərilir. Bunlara qarşı tədbirlər görülür".
Tenderlərlə bağlı isə, keçmiş nazir deyir ki, qaydalar çox da dəyişməyib.
"Heç birimiz sadəlövh deyilik. Birincisi, mənim vaxtımda tender məsələləri hələ aktual deyildi və tətbiq olunmurdu. İkincisi qaydalar çox da dəyişməyib. Bu və ya digər məsələlərdə axırıncı qərarı nazir qəbul edir, ona təqdim olunan sənədləri imzalayır... "
Tofiq Zülfüqarova görə, "ciddi şəkildə məlumat sızması mövcuddur və bu hallar çoxdan baş verir".

"Milli maraqlara zidd əməllər"

Tofiq Zülfüqarov DTX-ının yaydığı məlumatda "Azərbaycanın milli maraqlarına zidd olan əməllərin qarşısının alınması" ilə bağlı nüansa diqqət çəkir.
"Bu məsələlər təkcə maliyyə və iqtisadi məsələlərə aid olmur. Yenə deyirəm, ciddi şəkildə araşdırma olsa, burada Azərbaycanın maraqlarına zidd olan hansısa əməllər ortaya çıxa bilər. Baxın, Britaniyada xarici ofisin rəhbəri eyni zamanda kəşfiyyatın başçısı sayılır. O baxımdan Azərbaycanda da bu istisna deyil. Ona görə də onun dövlət strukturları arasında yeri və strateji əhəmiyyəti və vəzifələrin icrası hamıya bəllidir. Əsaslar var ki, orada ciddi şəkildə sızmalar olub".
Keçmiş nazir hesab edir ki, bu, yoxlamanın əvvəlidir.
"Verilən məlumatlara fikir versəniz, iqtisadi maliyyə hissəsini götürsəniz tutulan şəxslər 20 faizdən danışır. 80 faiz kimə çatır və ad istifadə olunub onun barəsində istintaq davam edir və bu məlumatlarla ictimaiyyətə məlumat çatdırılacaq. Nazirliyin xəbəri olmadan onun hansısa xərclərinin qarşılanması mümkün deyil. Hansısa qurumun rəhbəri təbii ki, məsələlərə nəzarət etməlidir. Bu məntiqə sığmır. Ya şəxs peşəkar deyil, ya da sadəcə ictimaiyyəti aldatmaq istəyir. Məndə belə bir ümid var ki, bu istintaqın əvvəlidir. Nəticədə biz Azərbaycanın maraqlarına zidd olan əməllərin açıqlanmasını müşahidə edə biləcəyik".

"Çoxşaxəli islahatlar"

Millət vəkili Aydın Mollazadə bu hadisələr barədə danışarkən deyir: "Dəyişiklərə böyük ehtiyac var, ümidvaram ki onlar həyata keçiriləcək".
Onun sözlərinə görə, Azərbaycanın çox mühim xarici siyasətini bilavəsitə həyata keçirən idarənin mükəmməl işləməyinə ehtiyac var.
"Nəzərə almaq lazımdır ki, hal-hazırda səngərdə olan döyüşçülərlə yanaşı, Azərbaycana qarşı dünyada informasiya müharibəsi aparılır. Bu peşəkar, təşkilatlanmış, zəngin erməni diasporası və onlara dəstək verən digər qüvvələr və ölkələr digər istiqamətdə ciddi işlər aparırlar. Onun üçün də bizim XİN-nin işində çox prinsipial dəyişiklərə ehtiyac var. Bu addımlar ümidvaram ki, gələcəkdə atılacaq və ciddi islatahlar həyata keçiriləcək".
Asim Mollazadəyə görə, "Azərbaycanın müsair demokratik bir dövlət kimi inkişafı istənilirsə, məhz çoxşaxəli islahatlatlar həyata keçirilməlidir".
"Biz düşünürük ki, şaquli idarəetmə sistemində də çox ciddi dəyişiklərə, islahatlara ehtiyac var. Müasir ölkəni istəyiriksə, inkişafı istəyiriksə, sovet təfəkkürünə son qoymaq istəyiriksə, bu islahatlar ardıcıl həyata keçirilməlidir. Digər ölkələrin təcrübəsini nümunə gətirərək demək istəyirəm ki, islahatlar çətin prosesdir və ona hər zaman müqaimət çox güclü olur. Ölkə post-sovet, post-totalitar olduğuna görə, bu islahatları həyata keçirmək üçün başqa təfəkkürlü sovet icraatçılarını yeni nəsillə dəyişməliyik. Bu iş çətin işdir, əminəm ki biz problemləri aşacağıq".
Millət vəkili hesab edir ki, belə hadisə bütün nazirliklərdə baş verə bilər.
"Qərbin inkişaf etmiş bir sıra ölkələrində, 200-300 illik demokratiyaya malik olan ölkələrdə ən üst düzeydə korrupsiya, xoşagəlməz idarəetmə səhvləri olur. Ona görə də mən düşünürəm ki, Azərbaycan bir gənc dövlət kimi islahatları həyata keçirərək, bu problemlərin həllinə nail olacaq. Korrupsiya ilə, xoşəglməz idaretmə ilə mübarizənin ən əsas üsulu şəffaflıqdır, ictimai nəzarətdir, bu problemlərin üstünə getmək üçün siyasi iradənin mövcudluğudur", millət vəkili deyib.
Bundan əvvəl Azərbaycanda Mədəniyyət Nazirliyində əməliyyat keçirilmişdi.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilmişdi. Daha sonra isə Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Bundan başqa 2020-ci ildə ölkədə azı 6 icra başçısı vəzifədən kənarlaşdırılıb və ya həbs olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.