"Bütün dünyaya bunları bildirmək üçün ölkəmdən qaçdım"Dünyada "Covid-19" virusu hələ də sürətlə yayılmaqda davam edir. Mütəxəssislər hazırda həm virusa qarşı vaksin axtarşındadırlar, həm də Covid-19-un ilk olaraq nədən qaynaqlandığı və tez bir zamanda necə yayılması ilə bağlı araşdırmalar aparılır.Hər keçən gün koronavirusa yoluxanların və ölənlərin sayı artdığı bir vaxtda ABŞ-a qaçan çinli mütəxəssisin verdiyi açıqlamalar isə insanları şoka salıb.
Belə ki, Hong Konqdan olan tanınmış virusoloq mütəxəssis Li-Meng Yan ABŞ-ın "Fox News" kanalına danışaraq, ölkəsindən qaçmağa məcbur olduğunu deyib.
O, bildirib ki, koronavirus pandemiyası ortaya çıxan zaman Hong Konq Tibb Universitetində virusoloq işləyib. Çinin koronavirusla bağlı həqiqətləri gizlətməsi, virusun yayılması haqda dünyaya gec xəbər verməsi ilə bağlı əvvəlcədən məlumatı olub.Li-Meng Yan pandemiya ilə bağlı mühüm araşdırmalar apardığını, lakin çinli rəsmilərin buna bilərəkdən əhəmiyyət vermədiyini deyib.
Onu da bildirək ki, Li-Meng Yan Çində yoluxucu xəstəliklər üzrə araşdırma qrupunda olub və koronavirusun ilk ortaya çıxdığı Uhana gedən həkim heyətinin tərkibində yer alıb. O, virusun insandan insana keçdiyi barədə ilk məlumat verən mütəxəssislərdən biridir.
Linin sözlərinə görə, ilk vaxtlarda Çin Kommunist Partiyasının üzvləri bu məlumatın gizlədilməsinə çalışıblar.Çinli mütəxəssis virusla bağlı məlumatları olan həmkarlarının və özünün sıxışdırıldığını görüb, Hong Konqdan ABŞ-a qaçmağa məcbur olub. O, həmçinin qeyd edib ki, Çin hökuməti Hong Konq Tibb Universitetində virusla bağlı araşdırmaları ləğv edib, xaricdən gələn mütəxəssislərin məsələni araşdırmasının qarşısını almağa çalışıb.
Məlumata görə hazırda Li-Meng Yan ABŞ-da təhlükəsizlik baxımından heç kəsin bilmədiyi bir yerdə qalır. Ölkəsinə bir daha geri dönməyəcəyini deyən mütəxəssis koronavirusla bağlı qorxunc iddialar da irəli sürüb.
Onun sözlərinə görə koronavirus insanların düşündüyündən də çox öldürücüdür və buna qədər aparılan tədbirlərlə onun qarşısını almaq qeyri-mümkündür:"Hazırda dünyada təxminən hər 600 insandan biri virusa yoluxub. Lakin bu virusun yoluxma sürəti çox böyükdür. Qarşısı alınmasa tezliklə hər 100 insandan biri koronavirusa yoluxa bilər.
Bu günə qədər virusun vaksinini tapa bilməmişik və deyə bilərəm ki, heç yaxın vaxtlarda da tapılacağına ümid yoxdur. Vaksindən möcüzə gözləmək əvəzinə virusun kökünü araşdırmaq, onun necə ortaya çıxdığını öyrənməyə çalışmalıyıq. Məhz bunları demək üçün ölkəmdən qaçdım".
Li-Meng Yanın bu açıqlamalarından sonra Hong Konq Universiteti dərhal məsələyə reaksiya verib. Universitetdən bildirilib ki, adı çəkilən mütəxəssisin iddiaları yalandır.
Xalidə Gəray,Musavat.com