Erdoğan: "Biz qardaş Azərbaycanı qəti şəkildə tək qoymarıq. Bütün dəstəyimizi verəcəyik"
18-07-2020, 09:13
Türkiyə prezidenti Recep Tayyip Erdoğan jurnalistlərə açıqlamasında Azərbaycana "sonuna qədər dəstək veriləcəyini" bildirib. O, Minsk qrupunun münaqişəni illərdir ki, həll edə bilmədiyini deyib: "Minsk üçlüyü təxminən 30 ildir bu işi masaya qoyub, bu işi hələ həll etməyib, həll edə bilməyib". Erdoğan bildirib ki, "işin bu nöqtələrə gələcəyi bəlli idi". "Hazırda Ermənistan davamlı olaraq Azərbaycanın mülki ərazilərini atəş altında saxlayır. Nəticədə Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün addımlar atdı. Bunu edərkən biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Sonuna qədər dəstəyimizi verəcəyik", cənab Erdoğan əlavə edib. Cənab Erdoğanın ardından, cümə günü Türkiyənin müdafiə naziri Hulusi Akar çıxışında Tovuz döyüşlərinə toxunub. O, Boğaziçi Üniversitetində çıxışında ölkəsinin Azərbaycanın yanında olduğunu qeyd edib. "Yuxarı Qarabağı haqsız və qanunsuz şəkildə işğal edən Ermənistan bu yaxınlarda Azərbaycanın Tovuz bölgəsinə boyunu və həddini aşan hücum gerçəkləşdirib. Azərbaycan bizim canımızdır. Bu ağrını dərindən hiss edirik. Bu mənfur hücumu ən ağır, şəkildə şiddətlə pisləyirik. Biz Türkiyə olaraq daim can qardaşımız Azərbaycanın yanında olmağa davam edəcəyik", cənab Akar deyib. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət Rusiya Prezidenti Vladimir Putin və ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə arasında da müzakirə mövzusu olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, sərhəddəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, Moskvanın vasitəçilik səylərinə hazır olduğunu qeyd ediblər. "Davam edən eskalasiya ilə əlaqədar həddindən artıq narahatlıq ifadə edildi, tərəflərin atəşkəsi təcili təmin etməsinə ehtiyac olması, həmçinin vasitəçilik etmək istəyi vurğulandı", yerli media Peskovun sözlərini iqtibas edir. İyulun 12-dən bəri başlayan döyüşlərdə Azərbaycan 12 hərbçisini və bir mülki şəxsini, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə telefon söhbətində "hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını" bildirib. Azərbaycan Müdafiə Nazirliyi indiyədək 7000-ə yaxın insanın Orduya dəstək məqsədilə "hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş etdiklərini" bildirib. Məlumata görə, iyunun 13-dən bəri "minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranlarının" Müdafiə Nazirliyinə müraciət ünvanlayıb. Bazar günündən bəri döyüşlər gedən Tovuzda hazırda "nisbi sakitliyin" olduğu açıqlanıb. Azərbaycan MN Ermənistanın döyüşlər zamanı "4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi" barədə məlumatı "tamamilə yalandır və reallığı əks etdirməyən" adlandırıb. "Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar", Azərbaycan MN qeyd edib. Azərbaycan MN medianı "Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa" çağırıb. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bununla bağlı yerli media deyib ki, "Bu günədək erməni tərəfindən 36 nəfər yaralanıb, çoxları üçün tibbi müdaxiləyə ehtiyac olmayıb. Əsgərlər tez sıraya qayıdıblar. 20 hərbi qulluqçuya müəyyən tibbi yardım göstərilib, onlardan 10 nəfərin müalicəsi davam edir. "10 nəfərdən 5-nin vəziyyəti ağır, 1-ninki - son dərəcə ağırdır", o bildirib.
"Diversiya fəaliyyəti" barədə
Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, bu baxımdan itki yoxdur, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. Qurum sözçüsü BBC News Azərbaycancaya "Ermənistan tərəfinin bütün iddialarının növbəti dezinformasiya" olduğunu deyib. "Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki ümumiyyətlə ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıblar." - Vaqif Dərgahlı deyib. Cümə axşamı günü Ermənistanın Krizis İnformasiya Mərkəzinin sözçüsü Artsrun Hovhannisyan "iyulun 15-də bu ölkənin Aygepar ərazisində Azərbaycanın 100 xüsusi təyinatlısından təxminən 40-nın öldürüldüyünü" bildirib. Artsrun Hovhannisyan deyib ki, "neytral ərazidə Azərbaycanın daha çox, YAŞMA adlanan bölmənin 100 xüsusi təyinatlısının təxminən 25-40 faizinin bədənləri qalıb. Onlar gecə vaxtı diversiya hücumu edərkən öldürülüblər." "100-ə yaxın hərbçinin itirilməsi" ilə bağlı təkzib Cümə günü Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın Tovuz rayonu istiqamətində gedən döyüşlərdə "100-ə yaxın hərbi qulluqçusunu itirməsi ilə" bağlı yayılan xəbərləri təkzib edib. "Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətdən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar," - Azərbaycan MN-in açıqlamasında deyilir. Cümə günü səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi "Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq 100-ə yaxın hərbi qulluqçusunu itirməsilə bağlı" məlumat yayıb. Ermənistan MN isə Azərbaycanı "dezinformasiya yaymaqda" ittiham edib. "Sərhəddə vəziyyətin gərginləşməsi və erməni tərəfin itkilər verməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Ermənistan Müdafiə Nazirliyinin bu məlumatlara heç bir aidiyyəti yoxdur, bunlar, qarşı tərəfin dezinformasiyasıdır. Diqqətli olun, qarşı tərəfin təxribatına qapılmayın." - Ermənistan Müdafiə Nazirliyi rəsmisi bildirib. Cümə gününə keçən gecə "nisbi sakitlik olub" Bu gecə Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki cəbhə xəttində "nisbi sakitlik olub", - Azərbaycanın Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bildirib ki, "ara-sıra mövqelərə atəş açılır." "Atəş var. İrimiqyaslı toqquşmalar yoxdur. Mövqelərə ara-sıra atəş açılır." - cənab Dərgahlı deyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi də öz Facebook səhifəsində "bütün gecə təmas xəttində nisbətən sakitliyin olduğunu" yazıb. "Qarşı tərəf sərhədin bütün istiqamətlərində yalnız müxtəlif çaplı odlu silah tətbiq edib. Ermənistan Respublikası Silahlı Qüvvələri sərhəd boyunca vəziyyətə inamla nəzarət edir", - Ermənistan MN-nin rəsmisi öz sosial media hesabından bildirib. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 97 dəfə pozduğunu bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan bazar günündən başlayan və davam edən döyüşlərdə "biri general-mayor olmaqla 12 hərbçisini və bir mülki şəxsi itirib". Ermənistan indiyədək dörd hərbçisini itirdiyini bildirib. Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham edirlər. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistanı "atəşkəs rejiminə əməl etməyə", "gərginliyə son qoymağa" çağırıb. Türkiyə rəsmisi: "PUA-larımız, silah-sursat və raketlərimiz Azərbaycanın əmrindədir" Türkiyə Azərbaycan ordusunun "mövcud sistemlərinin modernləşdirilməsi, texniki xidmət və təlim işləri, eləcə də orduya yeni sistemlər gətirmək məsələlərində birlikdə işləyə" bilər. Bu sözləri Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Demir cümə günü Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavinləri general-polkovnik Kərəm Mustafayev və general-leytenant Ramiz Tahirovla görüşündə deyib. "Müdafiə sənayemiz PUA-larımızdan silah-sursat və raketlərimizə, elektron hərb sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir!", o əlavə edib. Paylaşımını ötürün Twitter, 1
Paylaşımın sonu Twitter, 1
AŞPA təmkinli olmağa çağırıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistan və Azərbaycan üzrə həmməruzəçiləri Bakı və Yerevanı təmkinlik göstərməyə səsləyiblər. "Biz Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində baş verən insan tələfatından dərindən narahatıq," - Kimmo Kiljunen (Finlandiya, SOC), Stefan Schennach (Austria, SOC) və Ser Roger Gale-ın adından yayılan bəyanatda deyilir. "Hər iki ölkəyə xatırladırıq ki, sülhün yaradılması Avropa Şurasına üzv olarkən onların öz üzərilərinə götürdükləri öhdəlikdir". AŞPA bəyanatında təmkinlik göstərməyə və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə dair çağırış səslənir.