“Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər”Ermənistanla sərhədin Tovuz istiqamətində baş verənlər Azərbaycanda gündəmin başlıca mövzusudur.“AzPolitika.info” bu xain hücumun arxasında duran niyyət və məqsədlər, habelə hücumdan sonra paytaxt Bakıda on minlərlə insanın küçələrə axışaraq Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməsi və bundan sonra baş verən hadisələrlə bağlı Azad Demokratlar Partiyasının (AzDP) sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini
Sülhəddin Əkbərlə söhbətləşib.
- Sülhəddin bəy, Sizcə iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən erməni hücumunun arxasında hansı məqsədlər dayana bilər?- Dünyanın qloballaşdığı, yeni dünya düzəni quruculuğunun son mərhələyə keçdiyi, geopolitik qarşıdurmanın həlledici etapa daxil olduğu bir dövrdə belə hadisələrə lokal qiymət vermək cəhdi məncə, yanlışdır. Ona görə də, biz bu mənzərəyə geniş, heç olmasa regional səviyyədə baxmalıyıq.
Mən iki məsələyə xüsusi diqqət çəkmək istərdim. Binların birincisi, Rusiya-Türkiyə qarşıdurmasıdır. Bu qarşıdurmada Azərbaycanın əhəmiyyətinin, eyni zamanda Cənubi Qafqazın enerji, nəqliyyat və kommunikasiya dəhlizinin önəminin artması xüsusi önəm daşıyır.
İkincisi, Putin Rusiyasının yeni aqressiv xarici siyasət dalğası başlatmasıdır ki, bu amil də nəzərə alınmalıdır. Bütün ekspertlərin də fikri belədir ki, Putin son referendumdan sonra postsovet məkanı ilə bağlı daha aqressiv xarici siyasət kursu aparmağa başlayacaq. Biz hazırda Belarusda bunu görürük. Eləcə də bu, Ukrayna ilə münasibətlərdə və müəyyən mənada Pribaltikada görünür. Və sözsüz ki, bu meyl Azərbaycanla da bağlı müşahidə olunur. Mənim fikrimcə, getdikcə gərginlik artacaq, gərginlik artdıqca da bu, geopolitik sınma xətləri üzərində hiss ediləcək. Bu sınma xətlərindən biri də Cənubi Qafqazda Gürcüstan-Azərbaycan xəttindən keçir. Sözsüz ki, bu məqamda Ermənistanla Azərbaycan arasında açıq müharibənin getdiyini unutmamalıyıq. Hansı ki, əslində bu, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Bir sözlə, burada yeni dünya düzəni quruculuğu, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması fonunda qeyd etdiyim iki məqam diqqətə alınmalıdır.
Məsələyə Putinin keçmiş SSRİ-ni yenidən yığmağa başlamaq istəyi və Rusiya-Türkiyə qarşıdurmasının güclənməsi fonunda baxılmalıdır. Sonuncu halı biz Liviya və Suriyada görürük. Mənim fikrimcə, indi Rusiya Azərbaycan-Ermənistan sərhədində yeni bir cəbhə açır. Təbii ki, burada Rusiyanın əlaltısı olan Ermənistan da öz maraqlarını önə çıxarmağa cəhd göstərir. Amma bu, daha aşağı səviyyəli maraqlar kateqoriyasına aiddir.
- Yəni gərginliyin davam edəcəyi anonsunu verirsiniz...- Bəli.
- Sizcə, bu gərginlik geniş miqyaslı hərbi əməliyyatlara keçə bilərmi?- Bilirsinizmi, indi müharibələr artıq strateji xarakter daşıyır. Burada klassik hərbi güclə paralel olaraq, yumşaq gücün çoxsaylı komponentlərindən istifadə olunur. Ola bilsin ki, indiki mərhələdə dövlət sərhədində geniş miqyaslı təxribatın törədilməsi ön plana çıxırsa, sabahsa başqa bir ünsür önə çıxsın. Məsələn, hansısa separatçı hərəkat yenidən başlaya və ya rəsmi Bakıya siyasi təzyiqin artırılması istiqamətində addımlar atıla, ölkə daxilində “beşinci kolon”un gücləndirilməsi və s. müşahidə edilə bilər. Eləcə də kibersavaş elementləri, informasiya, psixoloji savaş və s. ola bilər. Müasir strateji savaşda vasitələr toplumu çox zəngindir. Xüsusilə, yumşaq güc vasitələri. Buraya kəşfiyyat müharibəsini də əlavə etmək lazımdır. Rusiya bu zəngin müharibə dəstindən bütün dünyada istifadə etdiyi kimi, Azərbaycanda da istifadə edə bilər.
- Bəs buna qarşı Azərbaycanın hansı imkanları var?- Azərbaycan görməlidir ki, müasir savaşlar artıq klassik savaşlar deyil. Yəni köhnə savaşlara hazırlaşmamalıdır. Əksinə, müasir strateji savaşlara hazır olmalıdır. Yəni hərtərəfli savaşa. Bunun siyasi, iqtisadi, mədəni, sosial, hərbi, kəşfiyyat-təhlükəsizlik və digər tərəfləri var. Bu səbəblərdən Azərbaycan kompleks hazırlıq görməlidir. Azərbaycan təkbaşına bütün potensialından, xüsusilə, milli güc mənbələrindən səmərəli və hərtərəfli istifadə etməli, digər tərəfdən potensial müttəfiqlərlə münasibətlərini daha yüksək səviyyədə qurmalıdır.
- Müttəfiqlər deyəndə konkret kimləri nəzərdə tutursunuz?- NATO, Avropa Birliyi, İsrail, ABŞ və qardaş Türkiyə ilə. Türkiyə ilə münasibətlər tamamilə yeni səviyyəyə qaldırılmalıdır. Azərbaycan vaxt itirmədən strateji müttəfiqlik qurmaq üçün aktiv siyasi dialoqa başlamalıdır, bunun ilk addımı da hərbi-strateji ittifaq müqaviləsinin bağlanması və Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması olmalıdır. Məncə bu, ilk olaraq atılmalı addımdır.
- Sülhəddin bəy, iyulun 14-də insanlar Bakının küçələrinə axın edərək, Azərbaycan ordusuna dəstək ifadə etdilər. Bildiyimizə görə, Siz də bu aksiyada iştirak etmisiniz. Həmin aksiya ilə bağlı qənaətiniz nədən ibarətdir?- Açığı, aksiya haqqında mətbuat və sosial şəbəkə vasitəsilə məlumat aldım. Gecə saat 23:30-dan 01:30-a qədər aksiyada iştirak etdim. Hadisələri Milli Məclisin qarşısında izlədim. Baş verən hadisəni müsbət qiymətləndirirəm. Bir tərəfdən sözsüz ki, artıq Azərbaycanda yeni gənc nəsil yetişib. Bu nəslin prosesə belə qızğın reaksiya verməsi müsbət haldır, qürurvericidir. Digər tərəfdən, hakimiyyətin buna imkan verməsi, şərait yaratması da müsbət hadisədir. Həmçinin, bunun təhrik və təxribatlara açıq olduğu da nəzərə alınmalıdır. Hansı ki, biz bunu da müşahidə etdik. Mən həmin gün Milli Məclisdə baş verən hadisəni nəzərdə tuturam. Orada tanıdığım siyasətçilər və jurnalistlər var idi və onlara təhriklərin mümkün olduğunu bildirdim. Təəssüflər olsun ki, bir neçə saatdan sonra bu baş verdi.
İnsanlar yaranan ağır vəziyyətə, torpaqlarımızın işğal altında qalmasına, sərhədlərimizin pozulmasına dözmək istəmirlər. Bu ağır durumu dözülməz hesab edirlər və baş verənlər bunun ifadəsi idi. Gənc və yeni nəsil bu durumla barışmaq niyyətində deyil və bu niyyətini ifadə etdi.
- İnsanlar həmin aksiyada “Qarabağ” şüarı səsləndirir, Azərbaycan Ordusunu müdafiə edirdilər, siyasi hakimiyyət məsələsi yox idi. Bu prosesə milli həmrəylik və birlik addımı kimi baxıla bilərmi?- Bəli, həmrəylik və birlik nümayişi idi, bu səbəbdən prosesi müsbət qiymətləndirirəm. Gənclər açıq şəkildə Ali Baş Komandanın, Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımları müsbət qiymətləndirir, cəbhədə döyüşlərdə iştiraka hazır olduqlarını bildirirdilər. Sözsüz ki, hakimiyyət bunu nəzərə almalı, apardığı siyasətdə korrektələr etməlidir. Və Azərbaycanda artıq mütləq milli siyasətə keçilməlidir.
- Sizcə, niyə bu aksiyada insanların qarşısına nüfuzlu siyasətçi və ya ziyalılar çıxmadı?- Mən bunu düzgün hesab etmirəm. Aksiya zamanı yaxın ətrafda hakimiyyətə yaxın siyasətçiləri də gördüm, onların da narahatlığı hiss edilirdi. Açığı, bu aksiya bir qədər gözlənilməz oldu. Hakimiyyətin prosesə dəstək verdiyi, şərait yaratdığı göz qarşısında idi. Nədən hadisələr təbii axarına buraxıldı, niyə çıxış olmadı məsələsini isə anlamadım.
Müxalifətin yaranan vəziyyətdə fürsətçilik etməməsi əlbəttə, müsbət haldır. Bütün müxalifət eyni mövqedən çıxış etdi. Amma hakimiyyətin davranışını mən bu mənada adekvat hesab etmədim. Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər. Məncə, oraya toplaşan insanlara hakimiyyətin təşəkkür borcu var idi. Düzdür, insanlar vətəndaşlıq borcunu yerinə yetirirdi, amma hakimiyyət də öz borcunu yerinə yetirməli idi. Yəni vətəndaş dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də vətəndaşlar qarşısında məsuliyyət daşıyır. Məncə, vətəndaşların qarşısına çıxılmalı, onlara təşəkkür edilməli, milli birlik və həmrəylik daha yüksək səviyyədə göstərilməli idi. Həmçinin, real vəziyyət haqqında insanlara mümkün qədər informasiya verilməli idi. Təəssüflər olsun ki, biz, bunu görmədik.
- Aksiyanın sonunda təxribata yol verildi. Sizcə, bu təxribat kimə lazım idi?- Mən bu hadisənin detallarını bilmirəm. Belə hadisələr zamanı proqnozlaşdırma çox çətindir. Çünki orada hər xarakterdə insan qrupları olur. Sosial qruplar bəzən bir-biri ilə müqayisədə fərqliliklər nümayiş etdirirlər. Bu hal hadisələrin təbii axarındamı baş verdi, yoxsa burada təxribat elementi oldumu məsələsinin xüsusi araşdırmaya ehtiyacı var. Hazırda cinayət işi başlanıb və yəqin ki, istintaq orqanları lazımi məlumatı ictimaiyyətlə paylaşacaq. Məncə, istintaq orqanlarının borcudur ki, bu hadisə ilə bağlı ictimaiyyətə hərtərəfli, obyektiv məlumat versinlər. Və belə hallar gələcəkdə təkrar edilməməlidir.
- Bu təxribat “beşinci kolon”un əməli ola bilərmi?- Təbii ki, mümkündür. Ümumiyyətlə, Azərbaycan ərazisinin böyük hissəsi işğal altındadır, müharibə vəziyyətində olduğumuz, münaqişənin qaynar fazaya keçdiyi, döyüş əməliyyatlarının başladığı bir mərhələdə bu hala xüsusi diqqət göstərilməlidir. Nəzərə alsaq ki, bu konfliktin arxasında Rusiya dayanır və onun Azərbaycanda güclü “beşinci kolon”u var, habelə son dövrlər yarımçıq olsa da, bu kolona qarşı addımlar atılır, deməli bu, xüsusi həssaslıq tələb edən məsələdir. Və təhlükəsizlik xidməti bu hallara diqqət ayırmalıdır.
Vaqif NƏSİBOVAzPolitika.info