Ermənistana sərhəddə verilən layiqli cavab, Türkiyə amilinin önə çıxması separatçı-işğalçı tör-töküntülərin yuxusunu qaçırıb; erməni separatçısı: “Bakının ən ağır zərbəsinə, ən pis ssenariyə hazır olmalıyıq...”
Tovuz istiqamətində düşmənin son hərbi təxribatı onu uğursuz bir situasiyaya salıb, İrəvan üçün bumeranq effekti yaradıb. Beynəlxalq miqyasda Ermənistanın faktiki şəkildə təklənməsi, Azərbaycanın Dağlıq Qarabağla bağlı haqlı mövqeyinin isə daha güclü şəkildə və açıq-aşkar müdafiə olunması, - son olaraq ABŞ Konqresində ermənipərəst qüvvələrin ölkəmiz əleyhinə təşəbbüsü Paşinyanın yalançı qərbçi imicinə rəğmən, iflas olub, - İrəvan rəsmilərini əməllicə məyus edib, onu geosiyasi çıxılmaza soxub.İşğal altında olan Dağlıq Qarabağdakı qanunsuz rejimə də təbii ki, bu fiaskodan “pay” düşür. Separatçılar artıq bilməmiş deyillər ki, dövlət sərhədində Ermənistanın layiqli cavabını verən, hərbi gücünə əmin olduqları Azərbaycanın artıq əsas zərbə hədəfi ərazilərimizdə yuva quran “çağırılmamış qonaqlar”, terrorçu-kriminal tör-töküntülər, ipi İrəvanın əlində olan Qarabağdakı kukla rejimi olacaq. İndi bu zərbə üçün beynəlxalq hüquqi zəmin də kifayət qədər ciddidir.
“Enaket” (“Dəstək nöqtəsi”) analitik mərkəzinin qurucusu və rəhbəri, qondarma “artsax prezidenti”nin qondarma “təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri” Tiqran Abramyanın facebook səhifəsində yazdığı status bu xüsusda diqqət çəkir və əsla təsadüf sayıla bilməz.
Abramyan yazıb: “Müharibə hələ bitməyib. Onun nə vaxt bərpa olunacağını, hansı təzahürlər alacağını, hansı miqyasda olacağını hələ bilmirik. Ancaq bu, heç bir şəkildə bizim səhvlərimizi, zəifliklərimizi dərhal təhlil etməyimizə, qlobal missiyamızı həll etmək yolunda maneələri aradan qaldırmağımıza mane olmur. Hələ görüləsi çoxlu iş var. Bununla hər gün, gecə-gündüz dayanmadan məşğul olmaq lazımdır. Biz ən pis ssenariyə hazır olmalıyıq. Və sonda bir daha: müharibə hələ bitməyib. Növbəti zərbəyə, ən pis, ən ağır, ən böyük miqyaslı ssenariyə (müharibəyə - red.) hazır olmalıyıq”.
*****
Sərhəddəki hərbi toqquşmadan sonra Qarabağda müharibə təlaşının güclənməsi, əlbəttə ki, təsadüfi deyil və həm də Türkiyə amili ilə sıx şəkildə bağlıdır. Tovuz təxribatları zamanı rəsmi Ankaranın ermənilərin gözləmədiyi şəkildə və ən yüksək səviyyədə Bakıya hərtərəfli dəstək verməyə hazır olması barədə prezident, parlament, xarici işlər, müdafiə naziri və milli müdafiə sənayesi rəhbəri səviyyəsində ard-arda səsləndirdiyi və səslənməyə davam edən bəyanatları işğalçı-separatçı qüvvələrin yuxusunu həqiqi mənada qaçırıb.
Şübhə yox ki, təkbətək savaşda düşmənin cavabını artıqlaması ilə Azərbaycan özü də verə bilər və verəcək. Türkiyəyə ehtiyac qalmayacaq. Azərbaycan cəmiyyətində bu dəqiqə işğalçıya qarşı güclü qəzəb və qisas ovqatı var. Qarşı tərəf onun da fərqindədir ki, Ankaranın Bakının arxasında olması hər şeydən öncə siyasi-mənəvi dəstək anlamına gəlir, Bakıya qələbə üçün əlavə və misilsiz stimul-inam verir, eyni zamanda müharibəyə Ermənistan tərəfdən qatılmaq istəyən üçüncü ölkələr üçün çəkindirici amil qismindədir.Buna da şübhə yox ki, qardaş ölkə özünün hərbi mütəxəssisləri vasitəsilə zəngin döyüş təcrübəsini Azərbaycanla bölüşəcək, ordumuzun ən müasir Türk silahları ilə, o sırada PUA-larla (döyüş dronları) ilə təchizatını gücləndirəcək. Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü də nəzərə alınarsa, bütün bunlar Qarabağdakı antiterror əməliyyatı zamanı işğalçı qüvvələrə hər hansı şans saxlamır...
*****
Bu arada iki qardaş ölkə arasında hərbi müttəfiqliyin daha yüksək səviyyəyə qaldırılması barədə Ankara və Bakı arasında intensiv danışıqların aparılması tam məntiqlidir və Qarabağ ətrafında yeni situasiyaya tam adekvat sayıla bilər. Bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın məlumat vermişdi.Yeri gəlmişkən, bir neçə gündür ki, Azərbaycanın müdafiə nazirinin iki müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyədə səfərdədir. Nəticələri yəqin ki, çox gözləməli olmayacağıq.
İbrahim Qalın“Türkiyə prezidentinin sözçüsü İbrahim Qalının Azərbaycanla hərbi müqavilələrin yenilənməsi haqda təklifi yerində və düzgün qərardır. Bu gün münasibətlərin hərbi ittifaq səviyyəsinə qaldırılması regionun siyasi proseslərinə də ciddi təsir edəcək. Ermənistan havadarlarına arxalansa belə, heç bir halda Türkiyəni qarşısına almağa cürət etməyəcək”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli İbrahim Qalının Azərbaycanla hərbi müqavilələrin yenilənməsi haqda sözlərini şərh edərkən deyib.Qabil Hüseynli Politoloq xatırladıb ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır: “Son Tovuz hadisələri bir daha onu göstərdi ki, işğalçı heç bir kompramisə getmək niyyətində deyil. Məhz Tovuz hadisələri fonunda Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bu təklifi irəli sürdü. Əslində bu, yeni xəbər deyil. Çünki Türkiyə uzun illərdir bu yöndə təkliflər irəli sürür. Lakin bununla belə, ”bu gün belə bir müqaviləyə ehtiyacımız varmı" sualını özümüzə verməliyik. Düşünürəm, bəli, bu gün Türkiyə ilə münasibətləri rəsmi qaydada hərbi ittifaq səviyyəsinə qaldırmalı, əməkdaşlığımızı inkişaf etdirməliyik".
Analitikin fikrincə, Türkiyə ilə bu cür əməkdaşlığın ölkəmiz üçün bir sıra üstünlükləri olacaq: “Birincisi, bu yolla Türkiyəni Qarabağ münaqişəsinə cəlb edə, hətta həmsədr missiyası aparmasını da təklif edə bilərik. İkincisi, Ermənistanın vaxtaşırı Rusiyaya arxalanıb atəşkəsi pozması, hətta münaqişəni son Tovuz hadisələri zamanı olduğu kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinə çəkmək cəhdlərinin qarşısını ala bilərik. Üçüncüsü, Azərbaycan Türkiyə kimi güvənilən, sözünü deyən və həyata keçirən müttəfiqlə daha rahat xarici siyasət apara, region üçün faydalı ola bilər”.
Politoloq Türkiyənin Azərbaycan ərazisində hərbi bazalar yaratmaq mövzusunun yenidən gündəmə gətirilə biləcəyini də söyləyib: “Bu gün Ermənistanda Rusiyanın hərbi bazaları var. Bu hərbi bazalar yeri gəldikdə Ermənistanın ərazi bütövlüyünü də qorumağa xidmət edir. Düşünürəm ki, bənzər bir müqaviləni də biz bağlamalıyıq. Ən azından Naxçıvan ərazisində Türkiyə hərbi bazasının yaradılması təklifini yenidən gündəmə gətirmək lazımdır. Bu gün belə bir ideyanın hüquqi bazası da mövcuddur”.
*****
Yəqin ki, uzaq olmayan bir perspektivdə bütün bunların şahidi olacağıq. Bölgədə güclü və hesablaşılan Türkiyə-Azərbaycan hərbi-siyasi tandeminin yaranması Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız yaxınlaşdlra bilər. İstər dinc yolla olsun, istərsə də hərbi yolla. Separatçıların artan təşvişinə əsas var: “tələ yiyəsi” gəlir...
Analitik xidmət,“Yeni Müsavat”