Türkmənistanda məcburi maska rejimi tətbiq edilib –PREZİDENTİN YEZNƏSİ VİRUSDAN ÖLSƏ DƏ, COVID-19 İNKAR EDİLİR

22-07-2020, 11:54   

Viktoriya Panfilova
“Nezavisimaya qazeta”, 21.06.2020
 
Türkmənistan koronavirus epidemiyasını inkar etməyə davam edir, eyni zamanda, bütün xidmət müəssisələri avqustun 1-dək profilaktika üçün bağlanıb. İşçilər ödənişsiz məzuniyyətə göndəriliblər. Prezident Qurbanqulu Berdıməhəmmədovun ailəsində COVID-19-a yoluxma barədə xəbər yayıldıqdan sonra təhlükəsizlik tədbirləri görülüb. Bununla bərabər, Dünya Səhiyyə Təşkilatının (DST) missiyası son dəqiq bir açıqlama vermədən Türkmənistanı tərk edib, əhaliyə ölkədə koronavirus varmış kimi davranmağı tövsiyə edib və xəstəxanaların yoluxmuşları qəbul etməyə hazır olduğunu bildirib.
Xaricdə yaşayan türkmən fəalları Türkmənistandakı vəziyyətdən narahatlıqlarını etirazlarla ifadə ediblər. Ötən həftəsonu minə yaxın insan Türkmənistanın İstanbuldakı konsulluğu qarşısında toplanıb, bununla da doğma ölkələrindəki hakimiyyətin hərəkətsizliyinə, habelə DST missiyasının səfərinin “mübahisəli” nəticələrinə etirazlarını açıqlayıblar.
Berdıməhəmmədovun yeznəsi Annanazar Rəcəbovun COVID-19-dan ölməsi və bacısı Durdınabat Rəcəbovanın reanimasiyada olması və süni nəfəs alma qurğusuna qoşulmasını nəzərə alsaq, Aşqabadın koronavirusu inkar etmə israrlılığı çox qəribədir. Bunu öz mənbələrinə istinadən politoloq və Orta Asiya üzrə ekspert Arkadi Dubnov söyləyib.
Lakin Türkmənistan hakimiyyəti nəinki prezidentin ətrafından olan insanların ölümünü təsdiqləmir, həm də ölkədə koronavirusun qeydə alınmadığını israr etməyə davam edir. Ancaq Rəcəbovun ölümünü gizlətmək çətin olacaq. Dubnovun sözlərinə görə, prezidentin yeznəsi Türkmənistanın biznes mühitində olduqca mübahisəli bir nüfuza sahibdir və bir neçə il əvvəl Türkmənistanın törəmə şirkətinin Rusiya telekommunikasiya şirkəti MTS-dən qoparılması da onunla əlaqəlidir. “Radio Azatlık”-ın (“Azadlıq Radiosu”nun Türkmənistan xidməti) verdiyi məlumata görə, Rəcəbov milli mobil operator “Ay Nazar”ın ortaq sahibidir.
Türkmənistan İnsan Haqları Təşəbbüsünün rəhbəri Fərid Tuxbatullin “Nastoyaşeye vremya”-ya verdiyi müsahibədə Türkmənistanda COVID-19-dan çox sayda məşhur insanın – məmurların, sənətçilərin həyatını itirdiyini söyləyib.
Prezident Berdıməhəmmədov paytaxtı tərk edib və Xəzər sahilindəki istirahət mərkəzlərindən birindədir, aktiv istirahətə üstünlük verir. Bir neçə gün əvvəl İnternetdə təkbaşına balıq tutduğu, ancaq tibbi maska taxdığı bir video yayılıb. “Facebook” aludəçiləri yazmışdı ki, görünür, o, Aral dənizindən əsə biləcək küləklə yayılan virusdan qorunur. COVID-19-un Türkmənistana mümkün yayılmasının bu versiyası prezidentin öz iddiasıdır.
Epidemiyanın rədd edilməsinə baxmayaraq, bir həftədən çoxdur Türkmənistanda məcburi maska rejimi tətbiq edilib. Səhiyyə və Tibb Sənayesi Nazirliyinin açıqlamasında deyilir ki, “havadakı toz və patogen mikrobların çox olması”na görə maskadan istifadə və sosial məsafəni qoruma vacibdir. Eyni zamanda, ölkənin bütün bazarları və məscidləri bağlanıb. İyulun 21-dən avqustun 1-dək yoluxucu xəstəliklərin qarşısının alınması üçün bir sıra yeni məhdudiyyətlər tətbiq olunub. Ticarət, qida satışı, kinoteatrlar və teatrlar, parklar, oyun-əyləncə salonları, muzeylər, gözəllik salonları, bərbərxanalar, hamamlar, quru təmizləmə və tikiş atelyeləri, fitness klubları və üzgüçülük hovuzları istisna olmaqla, digər obyektlər bağlanacaq.
Restoran, kafe, bar, yeməkxana və çay evləri ayın sonuna qədər işləməyəcək. Mülkiyyət formasından asılı olmayaraq, nazirliklərə, idarələrə, həmçinin müəssisələrə və s. tədricən işçilərini əmək məzuniyyətlərinə göndərmə tövsiyə olunur.
“Əgər bu koronavirus deyilsə, onda nədir?” – deyə Türkmənistan sakinləri özlərindən soruşurlar. Hər gün yalnız Aşqabaddakı 1-ci xəstəxanada orta hesabla 50 nəfər sətəlcəmdən ölür. “Gələn və ölən xəstələrin sayı şokedicidir. Cəsədlərini reanimasiya şöbəsindən meyitxanaya aparmaq üçün vaxt çatmır”. Bunu xəstəxanada müalicə alan bir şəxs “Azatlık”-a deyib.
“Azatlık Radiosu”nun müxbirləri bildirirlər ki, paytaxt sakinləri çaxnaşma astanasındadır. Üstəlik, insanlar virusdan deyil, səhiyyə sisteminin acınacaqlı vəziyyətindən daha çox narahat görünürlər.
Bir “NQ” mənbəyinə görə, ambulator müalicədə olan Aşqabad sakinlərinin kompüter müayinəsi etmə imkanı yoxdur – növbələr 10 gün əvvəl dolub.
Türkmənistanı yoxlayan DST missiyası COVID-19 hadisələrini qeydə almayıb. Son mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Keytrin Smollvud “ölkənin koronavirusu olduğu kimi hərəkət etməlidir” və xəstəxanaların xəstələri qəbul etməyə hazır olduğunu deyib.
Fərid Tuxbatullin hesab edir ki, Smollvud bu açıqlaması məcburidir, çünki Türkmənistan xarici işlər naziri Rəşid Meredovla danışıqlardan sonra verilib. Hüquq müdafiəçisinin fikrincə, missiya rəhbəri “mürəkkəb diplomatik dil”dən istifadə etsə də, virusun mövcud olduğu məlum olub.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.