Ermənilərin dini lideri bir saat dinc durmadığı halda bizim Şeyxülislamın öz funksiyasını yerinə yetirməsinə nə mane olur?Tovuz istiqamətində baş verən məlum erməni təcavüzünün elə ilk günlərindən ermənilərin dini lideri Katolikos ll Qaregin Ermənistan KİV-lərinin gündəmindən düşmür. Adam sərhəddə gərginlik başlayan gündən bəri dinc durmur. Gah əsgərlərə, gah həlak olan erməni zabitlərinin ailələrinə, gah yaralı hərbçilərə baş çəkir, onları ruhlandırır, “qəhrəmanlıqlarını” vəsf edir və sair…Ölən erməni mayorunun dəfnində isəən yuxarı başda duran və ailəsinə təskinlik verən də məhz o idi. Onun rəhbərlik etdiyi erməni kilsəsi xüsusi mərasim təşkil edərək, ölənlərin ruhu, yaralıların həyatı üçün dualar oxuyur və vətənpərvərlik təbliğatı aparır.
Həmin bu Qaregin bizim hörmətli şeyximiz Allahşükür Paşazadə ilə təxminən eyni yaşdadır. Canı, cüssəsi də möhtərəm şeyximizdən heç də daha ətli-qanlı görünmür. Yəni fiziki imkanları baxımından şeyximizdən əskikdir ki, artıq deyil.Bəs görəsən, təkcə qarşı-qarşıya duran orduların deyil, ictimai, siyasi xadimlərin, ziyalıların, mətbuatın, diasporaların, elm, incəsənət, din adamlarının və s. sınağa çəkildiyi bir vaxtda Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru və sair və sair adların, titulların sahibi olan Allahşükür Paşazadə cənabları haralardadır?
Ola bilməz ki, düz 40 ildir Qafqaz Müsəlmanları İdarəsinə sədrlik edən, 20 yanvar faciəsindən Xocalı qətliamına qədər bir çox müsibətlərimizin canlı şahidi olan A.Paşazadə indiki durumun bir din xadimi kimi onun çiyinlərinə qoyduğu məsuliyyəti hiss etməsin. Bəs belə olan halda, onun ən azı Qaregin qədər fəallıq göstərməsinə, insanlarımızı ruhlandırmasına, dəstəkləməsinə, şəhid ailələrinə, yaralılara təskinlik verməsinə, bir sözlə uzun illərdir yiyələndiyi dini lider funksiyasını yerinə yetirməsinə nə mane olur?A.Paşazadənin son hadisələrin fonunda yeganə səfəri Masallıya, onun rəhbərlik etdiyi idarənin bölgə qazısının dəfnilə bağlı olub. Orada da icra hakimiyyəti başçısıyla birgə şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib, vəssalam!Hansı ki, Azərbaycan bu döyüşlərdə General Polad Həşimov başda olmaqla, 12 hərbçisini və iki mülki şəxsini şəhid verib. Bəs onların hansının dəfnində iştirak edib Paşazadə? Heç birinin! Hətta Fəxri Xiyabanda dəfn olunan şəhid generalımızın da nə dəfninə qatılıb, nə ailəsini, nə də məzarını ziyarət edib. Niyə? Yoxsa bu adam vətənpərvər, fədakar, qəhrəman kasıb-kusubun yox, yalnız oliqarxiyanın, elitanın şeyxidir?…
20 yanvar qırğınında şəhidlərimizi dəfn edən insan selinin önündə gedən A.Paşazadəni xalqımızın vətənpərvərlik və fədakarlıq ruhunun ölmədiyini nümayiş etdirən 15 iyul yürüşündə görən oldumu? Bu xalq, bu torpaq şeyxə nələr verməyib?Varidatı, mal-mülkü barədə rəvayətlər gəzir. Şeyxin evi (buna nəinki ev, saray da demək onun ölçülərini, möhtəşəmliyini kiçiltmək olardı) Bakıda adladır. Taksi sürücülərinə ünvan deyəndə, şeyxülislamın evini orientir kimi göstərmək olur.
Hələ xaricdəki mülkləri, biznesləri və s. demirik. Bu naz-neməti, mülkü, cah-cəlalı hansı yolla qazanmasından asılı olmayaraq, məhz Azərbaycan torpağının, xalqının hesabına əldə edən şeyx hər halda zəhmət çəkib heç olmasa belə ağır və məsuliyyətli günlərdə Tovuzda həlak olan hər bir şəhidin qapısına getməyə, ailə üzvlərinə baş çəkməyə, yaralı əsgərlərimizi, zabitlərimizi yoluxmağa bocluydu!Ancaq bunun əvəzində KİV-lərdə, sosial şəbəkələrdə şeyxin adı hər zaman ya xaricdəki biznesi və mülkləri, ya hansısa məhsulun monopoliyası, ya da törətdiyi özbaşınalıqlarla ad çıxaran qudasının əməllərilə bağlı çəkilib.
Nəhayət, nə qədər üzücü olsa da, deməmək olmur ki, İranda baş verənlərlə bağlı Trampa məktub yazan, canfəşanlıq edən şeyximiz Azərbaycanda, Tovuzda törədilən təcavüz cəhdinə ğörə nədənsə heç qələmini tərpətmək belə istəmir deyəsən. Görəsən niyə?Bəlkə ona görə ki, artıq çoxdan bəri bu xalqa nə verəsi, nə də ondan alası heç nəyi yoxdur?Görünür, biz nə qədər umub küssək də, Bütün Qafqazın şeyxi adlandırılan A.Paşazadə özünü nəinki Qafqazın, tək Azərbaycanın dini lideri kimi aparmağa da ərinir. Əgər ərinməsəydi, bu dönəmdə tamamilə başqa davarnış sərgiləyərdi…Cəlal MəmmədovAzPolitika.info