Avropa İttifaqının əlində pulu var, amma “Remdesivir”i tapa bilmir...
Koronavirusun pandemiyası dünyanı “caynağından” buraxmaq istəmir. Bəzi ölkələr qadağaları nisbətən yumşaltsa da, məsələn, tibbin inkişaf etdiyi 10 milyonluq İsrail yenidən sərt karantin rejiminə qayıtmaq zorundadır. Əhali isə hökumətə etiraz edir: “İşləmək istəyirik, yoxsa indi də acından öləcəyik...”"Avropada ikinci dalğanın başladığını və ya birincisinin hələ də davam etdiyini bilmirik. Bunu yalnız zamanla qiymətləndirmək olar. Nədənsə, insanlar Yeni ilədək xəstəliyin yox olacağını düşünürlər. Təəssüf ki, virus uzun müddət bizimlə olacaq ". Beynəlxalq Klinik Tədqiqat şirkətinin təsisçisi, Fransisko Harrison bu günlərdə Moskvada COVID-19 pandemiyasına həsr olunmuş dəyirmi masada belə deyib. Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksandr Qorelov isə deyib ki, “koronavirus müasir infeksiyalar arasında “erkəkdir” və bizimlə "danışıqlar aparmaq" istəmir”.
Peyvənd Profilaktikası və Allergik xəstəliklərin immunoterapiyası laboratoriyasının müdiri Mixail Kostinov hesab edir ki, “hiyləgər bir virusu” məğlub edə biləcək bir vaksin yaratmaq 5-10 il davam edə bilər” (mənbə.mk.ru).
Başlı başını necə saxlasın?“Bəs necə edək ki, vaksinə qədər sağ qalaq” sualı indi bütün dünyanı düşündürür. Bu səbəbdən bəzi ölkələr koronavirusla mübarizədə öz imkanları hesabına duruş gətirmək zorundadırlar ki, bu da görünür, hələlik ən doğru yoldur.
Hazırda koronavirus infeksiyasının müalicəsində ümidverici nəticələr göstərən dərmanlar arasında danılmaz lider ABŞ istehsalı olan “Remdesivir”dir. COVİD-19-un müalicəsində istifadə olunan və ya təklif edilən yüzlərlə dərman arasında ən yaxşı klinik nəticə “Remdesivr”ə məxsusdur.
Məlumdur ki, hələ may ayında ABŞ yerli “Gilead” kompaniyasının “Remdesivir” preparatından koronavirusa qarşı mübarizədə istifadə olunmasına qərar vermişdi. Virus əleyhinə “Remdesivir” preparatı vaxtilə Ebola qızdırması ilə mübarizə çərçivəsində hazırlanmış, sonradan SARS və MERS infeksiyalarının müalicəsində də tətbiq olunmuş, lakin həmin vaxt bu qədər məşhurlaşa bilməmişdi.
ABŞ prezidenti dünyada olan bütün “Remdesivir” ehtiyatını ölkəsi üçün satın almağa göstəriş vermişdi və dünya ehtiyatlarının 90 faizi, yəni 500 mindən çox dozası artıq Ağ Evin nızarətindədir. Bu iyul ayında “Remdesivir”in bütün istehsalının, avqust və sentyabr ayları üçün isə 90 faiz istehsalının alınması deməkdir.
“Remdesivir” dərmanını ən mühüm üstünlüyü budur ki, koronavirusdan ölüm hallarını azaldır. İkincisi, xəstəxanada müalicə günlərinin qısaldılmasına kömək edir. Üçüncüsü isə süni nəfəs aparatına qoşulanların və ağır xəstələrin sayının azalmasına səbəb olur.
Avropa “Remdesivir”i niyə tapmır?Qeyd edək ki, Avropa İttifaqı da quruma üzv olan ölkələr üçün bu preparatın alınmasına qərar verib. "Remdesivir"in Avropa bazarına kifayət miqdarda çatdırılması barədə danışıqlar aparılır. Amma o da bildirilir ki, ABŞ-ın hakimiyyət orqanları preparatın bütün ehtiyatlarını satın aldığı üçün yaxın üç ayda heç bir ölkə onu lazımi qədər əldə edə bilməyəcək. “Gilead” əczaçılıq şirkəti preparata görə vahid qiymət də müəyyənləşdirib: xəstəyə beş günlük müalicə kursu üçün 6 ampula lazım olur ki, bunun da 1 ampulası 390 dollardır.
Yaponiya “Favipiravir”lə vəziyyətdən çıxırYaponiya da COVID-19-la mübarizədə başının çarəsinin axtarmaqdadır. Gündoğan ölkənin “Favipiravir”in preparatının da çox şöhrət qazandığını söyləmək olar. Məlumat üçün qeyd edək ki, “Favipiravir” Yaponiyada 1990-cı illərin sonlarında qrip əleyhinə və RNT viruslarına qarşı müalicəvi preperat kimi satışa çıxıb.
Yaponiyanın baş naziri Şinzo Abenin sözlərinə görə, dərmanın istehsalı üçün hökumət 128 milyon dollar maliyyə vəsaiti ayırıb. Dərmanı “Remdesevir”dən fərləndirən onun tabletlər formasında istehsalıdır. “Remdesivir” isə yalnız damardaxili inyeksiya şəklində mövcuddur.
“Reuters” agentliyinə görə, “Favipiravir” yapon elm adamları tərəfindən hazırlanan SARS və bu kimi viruslara qarşı təsirli yeganə dərman deyil. Məsələn, koronavirusla mübarizədə “Avigan” preparatı Çin mütəxəssisləri onun effektivliyini tanıdıqdan dərhal sonra dünyada tanınmağa başlayıb. Bu gün 43 ölkə “Avigan”ın alınması üçün Yaponiya hökumətinə müraciət edib.
Rusiya “dublikat” yaradırRusiyanın dərman industriyası da COVİD-lə mübarizədə pul qazanmağa çox həvəslidir. Rusiya istehsalı olan “Arbidol”a yalnız inkişaf etməkdə olan ölkələrdə tələbat böyükdür. Bu dərman hələ Sovet İttifaqı zamanında sovet əczaçıları tərəfindən sintez edilmiş, yalnız 1988-ci ildə dərman kimi satılmağa başlamışdı. “Arbidol”un yüksəliş tarixi 2009-cu ildə dünyada baş qaldıran quş qripi xəstəliyi ilə başlayıb. Hazırda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin tövsiyəsi ilə koronaviruslu xəstələrə təyin olunan “Arbidol” rekord satışa sahibdir. İlin ilk beş ayında preparatdan gələn satış 2,7 milyard rubl təşkil edir.
Amma son iki ayda Rusiyanın “ChemRar” şirkəti Yaponiyanın “Favipiravir” dərmanı əsasında “Avifavir” pereparatı hazırlayıb. Dərman artıq Səhiyyə Nazirliyindən qeydiyyat şəhadətnaməsi alıb. Rusiyada koronavirusla mübarizədə bu dərman ehtiyatları təmin olunduqdan sonra, dərmanın xaricə də tədarük olunacağı gözlənilir.
Litva da o “əjdahadan” axtarırAvropa İttifaqına üzv olan Litva bu ayın əvvəlində elan edib ki, vətəndaşlarının müalicəsi üçün “Remdesivir” almağa hazırlaşır. Dərmanların bir hissəsi mərkəzləşdirilmiş qaydada, yəni digər AB ölkələri ilə birlikdə alınacaq, qalan hissəsini isə Litva özü alacaq. "Sputnik Litva" yazır ki, ölkənin ehtiyacları 2,4 mindən çox ampuladır. Misirin “Eva Pharma” əczaçılıq şirkəti ötən ay bəyan edib ki, “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb.
ABŞ-ın “Gilead Science” şirkətindən lisenziya alan “Eva Pharma” firması “Remdesivir”i 127 ölkəyə ixrac edəcək. Bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. “Favipiravir”in isə yekun qiyməti hələlik müəyyən edilməyib.
Misir şirkəti dərman preparatlarını öncə Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə digər dövlətlərdən də sifarişlər qəbul ediləcək.
Bəs, Bakı apteklərində?Onu da qeyd edək ki, Azərbaycan da daxil bəzi ölkələr koronavirusun profilaktikasında Rusiya istehsalı olunan “Arbidol”dan da geniş istifadə edir. Yəni nə “Remdesivir”, nə “Favipiravir”i Bakı apteklərində axtarmağa dəyməz. Bu dərmanlar Azərbaycana satış üçün heç vaxt gətirilməyib.
Orxan ƏLİYEV,Musavat.com