Baş infeksionist: "10 gün də dözmək lazımdır"

25-07-2020, 16:15   

\

Son günlər Azərbaycanda koronavirusa yoluxma sayında azalmalar müşahidə olunur ki, bu da insanlarda avqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılmasına dair ümidləri artırır. Bəs vəziyyət nə yerdərir? Çaya çatmamış çırmanmağa dəyərmi?

Ölkənin baş infeksionisti Cəlal İsayev müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

Müsahibəni təqdim edirik.

- Prezidentin köməkçisi Şahmar Mövsümov son brifinqdə bildirdi ki, karantin rejimində yumşalma gözlənilir. Sizcə, may ayında yaşadığımız təəssüf doğurucu təcrübə təkrarlana bilərmi?

- Hələ avqustun 5-nə on gün vaxt qalır. Yoluxma hallarının azalması bu cür davam edərsə, vəziyyət daha yaxşı olacaq. Sağalan xəstələrimizin sayı artdıqca, müəyyən yumşalmalar haqqında fikirləşə bilərik. 10 gün də dözmək lazımdır, müşahidə edək, görək həmin vaxtadək hansı nəticələr əldə olunacaq. Bəlkə də karantin rejimi davam edəcək? Biz vəziyyəti bilməmiş bunu indidən proqnozlaşdıra bilmərik. Vəziyyət dəqiqləşib, təhlil olunub qiymətləndirildikdən sonra qərarlar qəbul ediləcək.

- Artıq 6 aydır ki, ölkəmizdə toy mərasimləri qadağan olunub. Toylarla bağlı yaxın günlərdə hər hansı qərar gözlənilirmi?

- Toy məsələsi növbəti 10 günün sualına daxil ola bilər. Toy, yas mərasimləri insanların ən çox kütləvi toplaşdığı yerlərdir. Burada məsələ mürəkkəbdir. Hər halda alınan nəticələr, onların təhlili müəyyən fikirlər söyləməyə imkan verər. Hələ ki yoluxma halları 300-dən yuxarıdır.

- Naxçıvanda toyların bərpa olunacağı tarixlə bağlı xəbər yayılıb. Bununla bağlı məlumatınız varmı?

- Bu barədə məlumatım yoxdur. Naxçıvan da bizim respublikanın bir parçasıdır və qəbul olunan qərarlar ora da aiddir. Əgər qərar qəbul olunacaqsa, ümumi olur və bütün ölkəyə aid edilir.

- Xarici ölkələrdə məktəblərin açılması planlaşdırılır. Bunu necə qiymətləndirirsiniz?

- Uşaqlara virusun nə olduğunu izah etmək bir az çətindir. Nəzərə alaq ki, Ümumdünya Səhiyyə Təşkilatı da payızda ikinci dalğanın ola biləcəyi barədə həyəcan təbili çalır. Bu baxımdan payızda məktəblərin açılması çox mürəkkəb məsələdir. Məktəblər kütləvi toplaşım yeridir. O haqda dünya təcrübəsindən yararlana bilərik. Dünya təcrübəsi və ölkəmizin xüsusiyyətlərini nəzərə alıb, qərar qəbul etmək mümkündür.

- Avqust ayında yoluxma sayında kəskin azalma (100-dən aşağı) mümkün görünmür. Belə olduğu halda rayonlara gediş-gəlişin bərpası doğru addım olarmı?

- Hazırda rayonlara gediş-gəlişin bərpası haqqında müzakirələr aparılır. Lakin hələlik nəticə yoxdur. Nəticəni alıb, rayonlardakı vəziyyət təhlil olunduqdan sonra bu məsələyə qayıtmaq olar.(teleqraf.com)

Demokrat.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.