ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası, Stefan Viskonti, Fransa, Endryu Şofer, Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bəyanat yayıblar:
Həmsədrlər və şəxsi nümayəndə iyulun 16-dan Azərbaycan-Ermənistan sərhəddi boyunca yaranmış nisbi sabitliyi alqışlayırlar. Həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaqdan ötrü ciddi predmetli danışıqlara hazırlaşmaq üçün aktiv hərbi əməliyyatların hazırkı səngiməsindən istifadə etməyə çağırırlar. Həmsədrlər bir daha vurğulayırlar ki, bu mürəkkəb dövrdə təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək son dərəcə vacibdir.
Həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni “şərtlər” müəyyən etməyə və ya nizamlanmanın formatının dəyişdirilməsinə yönələn bu yaxınlardakı açıq bəyanatlar konstruktiv dialoqun bərpasına imkan vermir.
Həmsədrlər bildirirlər ki, davamlı dinc nizamlanmaya nail olmaq üçün siyasi iradə özünü ən çox maksimum mövqelərdən çəkinməkdə, atəşkəsə ciddi əməl etməkdə, təxribatçı bəyanatlardan və hərəkətlərdən çəkinməkdə göstərir.
Həmsədrlər və şəxsi nümayəndə beynəlxalq təşkilatların, o cümlədən həmsədrlərin himayəsi altında atəşkəsə ciddi əməl olunmasına və dialoqun bərpasına çağırış edən Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və Avropa İttifaqının liderlərinin fəal iştirakına görə minnətdarlıqlarını bildirirlər.
Biz xüsusilə qeyd edirik ki, bu çağırışlar tərəfləri bu yaxınlarda baş verən gərginliyə görə məsuliyyəti digərlərinin üzərinə qoymağa yox, gərginliyin azaldılmasına sövq edir. Həmsədrlər deeskalasiyaya və danışıqların heç bir şərt olmadan tez bir zamanda bərpasına çağıran beynəlxalq konsensusu alqışlayırlar.
Həmsədrlər bildirirlər ki, onların 9 mart 2019-cu il tarixli bəyanatında əksini tapmış prinsip və elementlər onların vasitəçilik səylərinin əsasını təşkil etməkdə davam edir. Həmsədrlər rəhbərlərlə və ya onların nümayəndələri ilə istənilən vaxt görüşməyə hazırdırlar. Həmsədrlər həmçinin qeyd edirlər ki, ATƏT müşahidəçiləri regiona mümkün qədər tez qayıtmalıdır. -0-