Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistan və Azərbaycan sülh istəyir, amma müharibəyə hazırlaşırlar. Kim qalib gələr və Rusiyanın bununla nə əlaqəsi var?

26-07-2020, 09:33   



Hərbi təyyarələrAFP
Ermənistan-Azərbaycan sərhədində gərginləşmə 2016-cı ildən bəri ən böyük insident oldu. Lakin bu, regionda ehtiyat etdikləri tammiqyaslı müharibəyə az oxşayır.
Belə bir münaqişənin başlanmasını, ələlxüsus, onun nəticəsini, hətta Yerevanla Bakının siyasi iradələrini nəzərə almadan, ehtimal etmək çətindir.
Bir yandan Ermənistan və Azərbaycan son illər yeni silahlarla təchiz olunub və hər iki tərəf müharibəyə daha çox hazırdır.
Lakin hərbi ekspertlərin fikrincə, döyüş hərəkətləri potensial səhnəsinin xarakteri, tərəflərin müdafiəyə hazırlığı və silahların tərkibi, hərbi əməliyyatların aparılmasını o dərəcədə mürəkkəbləşdirir ki, bölgədə mövcud olan güc tərəflərdən birinin uğur qazanması üçün kifayət deyil.

line
Ermənistan və Azərbaycan sərhəd bölgəsində toqquşma - əsasını Dağlıq Qarabağın statusuna dair ərazi mübahisəsi təşkil edən etnik mübahisədir. Sovetlər zamanı əksəriyyəti ermənilər təşkil edən bu ərazi muxtar vilayət statusunda Azərbaycan SSR-in tərkibinə daxil idi. Onun məxsusiyyəti haqqında mübahisələr tammiqyaslı müharibəyə gətirdi və 1994-cü ildə atəşkəslə nəticələndi.
Hazırda Dağlıq Qarabağ və yeddi ətraf rayon tanınmamış Dağlıq Qarabağ Respublikası (DQR) - erməni qüvvələrinin - nəzarəti altındadır. Bakı bu ərazini işğal edilmiş hesab edir. Yerevan DQR müstəqilliyini rəsmən tanımır, lakin özünü onun təhlükəsizlik qarantı adlandırır, respublikanın büdcəsi və ordusu isə Ermənistanla sıx bağlıdır.
line

Gücə qarşı güc

İskander-MRUSSIAN DEFENCE MINISTRY\TASS VIA GETTY IMAGES
Şəklin alt yazısı,Münaqişə tərəfləri ciddi hücum silahlarına malikdir. Fotoda İskander-M raketi atılır
Açıq mənbələrdə Ermənistan və Azərbaycan ordularının silahları haqqında məlumat yoxdur. Hər iki tərəf də silah və hərbi texnikasının sayı, miqdarı və nomenklaturası haqqında məlumatı aşkar etməməyə çalışır. Vəziyyəti daha da qəlizləşdirən odur ki, erməni tərəfdən hərbi texnikanın bir hissəsi Dağlıq Qarabağ ərazisində yerləşdirilib və onlar haqqında məlumat daha azdır.
SSRİ dağıldıqdan və Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistanda və Azərbaycanda köhnəlmiş silah növləri qalmışdı və bir çox halda tərəflərin döyüş qabiliyyətini məhz bundan sonrakı silah təchizatı müəyyən edirdi.

Bunun səviyyəsini 2016-cı il aprel, həmçinin "dördgünlük müharibə" kimi tanınan, qarşıdurmanın nəticələrinə görə qiymətləndirmək olar.
Bu toqquşma nəticəsində ermənilər Dağlıq Qarabağda, müxtəlif məlumatlara görə, 500-dən 800 hektara kimi ərazi üzərində nəzarəti itiriblər, başlıcası isə - müharibə Azərbaycanın hücum silah növlərində üstünlüyünü nümayiş etdirdi, lakin bu üstünlük Azərbaycan qoşunlarına çoxlu ərazi almağa imkan vermədi.
Bu münaqişə vaxtına kimi Azərbaycan ordusu yeni silah növlərinin miqdarı baxımından Ermənistanı xeyli qabaqlayırdı. Eyni zamanda bu, tək kəmiyyət deyil, həm də keyfiyyət üstünlüyünə aiddir.
Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, Azərbaycan 2014-cü ildə silah ehtiyaclarına ÜDM-nin 5,1 faizini, Ermənistan isə 4,29 faizini xərcləyib.
Hər iki halda bu rəqəmlər əvvəlki illərdən artıbdır, lakin nisbəti dəyişməyib - Bakı Yerevandan daha çox silahlanıb.
Bu, xüsusilə, Azərbaycanın döyüş təyyarələrində xeyli üstün olduğu, aviasiya kimi mühüm bir sahədə gözə çarpır.

Tanklar və təyyarələr

BBC-nin hesablamasına görə, 2016-ci ildə demək olardı ki, Azərbaycanın 314-dən 750-dək, Ermənistanın 100-dən 166-dək tankları; Azərbaycanda 1100-1500 zirehli maşın olub, Ermənistanda - 140-636; ağır artilleriya sistemləri, müvafiq olaraq, 240-469 və 150-240. Lakin hətta bu çox təxmini qiymətləndirmə yanlış ola bilərdi, xüsusilə, Dağlıq Qarabağda yerləşən silahlar da nəzərə alınsa..

T-90 tanklarıAFP
Şəklin alt yazısı,Azərbaycan Rusiyadan idxal etdiyi T-90 tanklarına malikdir
BMT Adi silahlar reyestrində deyilir ki, 2006-2011-ci illərdə Azərbaycana Ukraynadan 27-yə qədər MiQ-29 qırıcı, Belarusdan - 11-ə qədər hücum təyyarə təchiz edilib. Rəqəmlər reyestrdə iki - təchizatçı və müştəri - ölkələrin açıqladığı məlumatlar əsasında göstərilib və bir-biri ilə fərqlənir, bu məqalədə biz daha böyük rəqəmi təqdim edirik.
Oradaca 12 ədəd Mi-24 Ukrayna hücum helikopteri və 2013-cü ildə Rusiyadan modeli açıqlanmayan 25 helikopter təchizatı haqqında bildirilir. Yəqin ki, söhbət dərin modernizə edilmiş Mi-24 helikopter versiyası olan 24 ədəd Mi-35 hücum helikopterindən gedir. Bundan əvvəlki illər Rusiyadan modeli açıqlanmayan daha 12 helikopter alınıb.
BMT reyestrinin Ermənistan ordusuna aid hissəsində Slovakiyadan 2004-cü ildə Su-25 tipli 10 hücum təyyarəsi, Ukraynadan 2004 və 2010-cu illərdə dörd L-39S tədris-döyüş təyyarəsi təchiz edildiyi deyilir. Ermənistana hərbi helikopter təchizatı haqqında BMT reyestrində məlumat yoxdur.
Bu mənbəyə əsasən, 2016-cı ilə Azərbaycan 482 tank alıb (122 T-72 Belarusdan, 48 T-72, 50 köhnəlmiş T-55 və 100 modeli deyilməyən Ukraynadan, 162 modeli deyilməyən Rusiyadan, lakin məlumdur ki, Moskva Bakıya T-90 tankın o zamana ən yeni versiyasını təchiz edib).

Rusiyanın Ermənistana təchizatına dair hesabatında 2013-cü ildə 35 tank göstərib. 2014-cü ildə 1 tank verilib - bu, erməni ekipajın Moskvada tank biatlonu üzrə yarışda qazandığı mükafat olub.
Reyestrə əsasən, 2016-cı ildə Azərbaycan 400-ə yaxın zirehli maşın idxal edib, Ermənistan - 110; 900-ə yaxın artilleriya sistemi, Ermənistan - 12.
Lakin bu rəqəmlər çox təxmini xarakter daşıyır - ölkələrin hər ikisində də sovet ordusunun, hesaba alınması mümkün olmayan, silah-sursatları qalıb.
Ermənistan Research & Development Institute müdafiə tədqiqatları departamentinin rəhbəri Leonid Nersisyanın sözlərinə görə, indi, 2020-ci ildə Ermənistanda və Dağlıq Qarabağda ümumən 300-dən 400-ə qədər tank vardır. Onların 250-yə qədəri Dağlıq Qarabağdadır.

Bakıya çatmaq

DronAFP
Şəklin alt yazısı,2020-ci ilin iyulunda dronlardan geniş istifadə olundu
Aprel müharibəsi Yerevanın hərbi xərclərə münasibətini dəyişdi.
İlk növbədə, tədarüklərin həcmi artırılıb. Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2014-2019-cu illər ərzində Ermənistan hərbi idxalatının həcmi 2009-cu ildən 2014-cü ilədək müddətlə müqayisədə 3,5 dəfə artıb, bir halda ki, institutum məlumatına görə, ölkə az da olsa ciddi tədarüklər etməyib.
SIPRI bazasında 2020-ci ilə aid məlumat yoxdur, lakin mətbuat informasiyalarından Yerevanın aktiv silahlanması məlum olur - mart ayında Hindistanla əks-batareya mübarizəsi üçün dörd Swathi Weapon Locating Radar (Azərbaycanla sərhəd boyunca qarşıdurmada effektiv) artilleriya radarlarının təchizatı haqqında 40 milyonluq müqavilə imzalanıb.
İyundan Ermənistanda AK-103 tipli Kalaşnikov avtomatı istehsal olunmağa başlayıb.

Təchizatın miqdarından başqa, keyfiyyəti də dəyişib.
"Ermənistan ilk dəfə birbaşa hərbi zavodlardan silah almağa başlayıb və ümidlərini tək Rusiya Federasiyası ehtiyatlarında saxlanan silah-sursata bağlamır," - Leonid Nersisyan söyləyir.
Bu, Moskvanın Yerevana illik 3 faizlə iki böyük - 100 və 200 milyon dollar məbləğində - krediti sayəsində mümkün olub.
SmerçANTON NOVODEREZHKIN/TASS
Şəklin alt yazısı,Rusiya silahları hər iki ölkənin arsenalında əsas rol oynayır
"Smerç yaylım atəş sistemləri, böyük miqdarda tank hücumundan müdafiə silahı, daşınan zenit-raket kompleksləri, zirehli texnikanın modernləşdirilməsi üçün komplektlər, tank mühərrikləri, böyük sayda müasir rabitə vasitələri, həm texnika, həm də şəxsi tərkib üçün "Akveduk" radiostansiyaları [...] Top-M2KM zenit-raket kompleksləri, eləcə də ordu üçün müxtəlif xirda şeylər alınıb. Rusiya ZRK-larda "Verba" (ən yeni Rusiya istehsalı 9K333 daşınan ZRK birinci Ermənistan alıb, başqa heç kəs almayıb)", - Leonid Nersisyan deyib.
Bundan başqa, Ermənistan kreditlə deyil, öz puluna 2016-cı ildə (təchizat artıq müharibədən sonra baş tutub) "İskander-E" raket kompleksi divizionunu və 2019-cu ildə Su-30CM qırıcı təyyarələr əldə edib. Dörd təyyarə artıq Ermənistandadır, daha səkkizinin göndəriləcəyi gözlənilir.
Bu silah-sursat bölgədə qüvvələr nisbətini çox dəyişir - 12 ən yeni Su-30CM ağır qırıcılar həqiqətən yüngül MiQ-29 cəbhə təyyarəsindən daha ciddi qüvvədir.
Doğrusu, Ermənistana gəldikdə, yeni təyyarələr kiçik döyüş meydanı üçün bir qədər böyük gəlir - Su-30-un böyük uçuş məsafəsi ilə - daha miqyaslı döyüş əməliyyatları üçün nəzərdə tutulur.
Bundan başqa, hər iki tərəfin cəbbəxanasında uzaq vuran və effektiv S-300 hava hücumundan müdafiə kompleksləri vardır, və tammiqyaslı münaqişə təqdirində erməni təyyarələri, olduqca bahalı maşınlarını itirmək riski ilə, çox vaxt hava hücumundan müdafiə zonasında hərəkət edəsidirlər.
Lakin Ermənistan KTMT üzvü olaraq, bu bahalı təyyarələri çox imtiyazlı qiymətə əldə edə bilib, və qalan səkkiz təyyarə də alındıqdan sonra iki ölkə arasında bərabər nisbət yaranar.
"İskander" kompleksi də hətta atəş məsafəsi 280 kilometrə qədər qısaldılmış və texniki göstəriciləri aşağı endirilmiş eksport variantında yüksək effektli silahdır. Belə komplekslər yerüstü strateji hədəflərə, məsələn, qərargahlar və ya zenit-raket komplekslərinə qarşı işlədilə bilər.
Nəhayət, Ermənistan ərazisində Rusiya qoşunları da yerləşir - Gümridə 102 saylı Rusiya hərbi bazası və Yerevan yaxınlığında Rusiya hərbi təyyarələrin yerləşdiyi "Erebuni" aerodromu.
Bundan başqa, Ermənistan MDB birləşmiş hava hücumundan müdafiə sisteminin üzvüdür və, yəqin ki, Rusiya radarlarından məlumat alır. Rusiya və Ermənistan HHM sistemi hərbçiləri döyüş əlaqələndirməsi üzrə təlimlər keçirirlər.

Bakı: əlvida, Rusiya silahı

T-72 tankıSERGEI BOBYLEV/TASS
Şəklin alt yazısı,Azərbaycan Rusiyadan 5 milyard dollara silah alır
Ermənistanla müqayisədə Azərbaycan müharibədən az əvvəl silah təchizatını xeyli məhdudlaşdırdı.
SIPRI bazasında Azərbaycanın son 10 il ərzində, 2009-dan 2019-cu ilədək silah idxalatı dinamikasına nəzər salsaq, görərik ki, illik ixracat həcmi 2015-ci ildə kəskin tənəzzül etməyə başlayır və sonrakı illər davam edir.
Azərbaycan müharibədən əvvəlki bir neçə il ərzində Rusiya silahlarının əsas alıcılarından biri olub, Rusiya isə - ən iri əsas təchizatçı. İcra edilən müqavilələrin ümumi məbləği, rəsmi məlumatlara görə, 5 milyard dollar təşkil edir.
Bakı ən yaxşısını almağa çalışır - "Smerç" reaktiv yaylım atəş sistemləri, müasir ağır odsaçan TOS-1A "Solntsepek" sistemləri, BMP-3, "Msta-S" artilleriya quraşdırması, iki divizion S-300 uzaqvuran ZRK və bir neçə yaxın məsafəli Tor-M2E kompleksi.
2016-cı ildən sonra Rusiyadan təchizat azalır, və təchizatçılar arasında birinci yeri İsrail tutur. İsraildən Azərbaycan reaktiv yaylım atəş sistemləri, yüngül zirehli maşın, bir neçə özüyeriyən artilleriya quraşdırması və pilotsuz uçuş aparatları alıb. Lakin ümumi həcmi ötən illərdə əldə ediləndən az olub.
Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov deyir ki, bu proses heç cür siyasətlə bağlı deyil - Azərbaycan, sadəcə, Rusiyadan lazım olduğunu alıb.
"İndi Azərbaycana bir müddət öncə əldə etdiyimiz silah və texnika bəs edir, bu gün Azərbaycan silahlı qüvvələrinin bütün tələbatlarını tam qane edən silaha əlavə pul sərf etmək nəyimizə lazımdır. Azərbaycan bu gün dövlət büdcəsindən vəsaitləri başqa məqsədlərə yönəldir - maddi-texniki bazanın yaxşılaşdırılması, şəxsi tərkib üçün və sair", - Üzeyir Cəfərov BBC-yə deyib.

Dronlar müharibəsi

Dron qalıqlarıMINISTRY OF DEFENSE OF AZERBAIJAN / HANDOUT
Şəklin alt yazısı,Dronlar qarşıdurmada getdikcə daha çox rol oynayır
Ermənistan pilotsuz uçuş aparatların miqdarı və başlıcası, keyfiyyəti baxımından çox uduzur. Bu arada isə, dronlardan bu kimi münaqişələrdə adətən çox geniş istifadə olunur - kəşfiyyat, ayrı-ayrı obyektlərə, qərargahlara, istehkamlara, anbar və sairəyə zərbə endirmək üçün.
Azərbaycan ordusunun taktiki PUA ilə əsas təchizatçısı, bu sahədə dünya liderlərindən biri sayılan İsraildir.
İsrail 2016-cı ildən əvvəl də Azərbaycanı Spike-LR və РСЗО Lynx tanka qarşı raket kompleksləri, eləcə də Heron və Searcher PUA ilə təchiz edib.
İyulda Azərbaycan pilotsuz aparatların erməni hədəflərinə zərbələrini əks etdirən kadrlar yayıb və onların hərbi obyekt olduğunu iddia edib. "Biz deyəndə ki, hərbi kazarmanı atəşə tutmuşuq, biz onu göstərirdik, əgər deyirdik ki, hərbi texnikanı atəşə tutmuşuq, biz onu göstərirdik", - Üzeyir Cəfərov bəyan edib.
Azərbaycanlı ekspertin sözlərinə görə, pilotsuz aparatlar dinc əhali arasında itkilərdən qaçmağa imkan verib, bir halda ki, erməni zərbələri nəticəsində bir adam həlak olub.
Erməni hərbçinin dəfniAFP
Şəklin alt yazısı,Münaqişə hər iki tərəfdən insan itkiləri ilə müşayiət olunur
Leonid Nersisyan, öz növbəsində, söyləyib ki, ermənilərin istinadı özlərinin istehsal etdiyi pilotsuz aparatlara olub, hansılar ki, ekspertin etirafına görə, döyüş göstəriciləri ilə İsrail istehsalından geri qalmır, eyni zamanda xeyli ucuz başa qalır.
İyul insidenti əsnasında Azərbaycan tərəfindən qurbanlar arasında 3-cü ordu korpusu qərargahının iki zabiti olub - qərargah rəisi general Polad Həşimov və korpus artilleriya rəisi polkovnik İlqar Mirzəyev.
Nersisyanın sözlərinə görə, onlar məhz Ermənistan istehsalı olan kamikadze PUA zərbəsi nəticəsində həlak olublar, lakin müstəqil mənbələrdən bunu təsdiq edən heç bir məlumat yoxdur. Azərbaycan sözügedən zabitlərin ölümünü təsdiqləyib, lakin bunun nə şəraitdə baş verdiyini açıqlamayıb. Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, Polad Həşimov münaqişə bölgəsində hərbi hissəni təftiş etdiyi zaman top atəşi altına düşüb.
Hər necə olsa da, Ermənistan da Azərbaycan kimi internetdə, erməni hərbçilərin iddialarına əsasən, Azərbaycan hədəflərinə dəqiq zərbələr endirdiyi zaman PUA-nın üzərindəki kameralarla çəkilən kadrları dərc edir və öz pilotsuz sistemlərinin İsrail istehsalından əskik olmadığını israr edir.

Müharibə başlaya bilərmi?

Hazırkı kəskinləşmə qarşı tərəfin ərazisi üçün tammiqyaslı müharibə deyil, strateji yüksəklik üzərində nəzarət üçün mübarizədir. Doğrusu, bu bölgədə nə Bakı, nə də Yerevanın ərazi iddiaları yoxdur.
Lakin BBC Rusca xidmətin söhbət etdiyi hərbi ekspertlər qeyd edir ki, Ermənistanla Azərbaycan elə bir vəziyyətə qərq olublar ki, Dağlıq Qarabağ probleminin hərbi həlli mümkün deyil.
Dağlıq Qarabağda 1994-cü ildə fəal döyüş əməliyyatları başa çatdıqdan sonra tanınmamış respublikanın silahlı formalaşmaları müdafiəni möhkəmləndirməyə başlayıblar. Bundan 20 ildən çox vaxt keçdikdən qarşıdurma xətti möhkəm istehkama çevrilib.
Azərbaycanda hərbçilərin dəfniREUTERS
Şəklin alt yazısı,Mütəxəssislər münaqişənin hərbi həlli olmadığını hesab edirlər
"Eksport voorujeniy" rusiya jurnalının baş redaktoru Andrey Frolovun ehtimalınca, Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibə başlansa, çox qanlı olacaq və bunu hər iki tərəfdə anlayırlar.
"Belə görünür ki, hücum edən Azərbaycan tərəfi olacaq. İstənilən halda, hazırlıqlı müdafiəyə hücum edərkən, nə qədər üstünlüyə malik olsan da, itkilər qaçılmazdır. Onlar elə bir üstünlüyə malik deyillər ki, Ermənistanı sülh xahiş etməyənə kimi, aylarla bombalasınlar, deməli, insanları möhkəmləndirilmiş istehkamlara atmalı olacaqlar. Azərbaycan o qədər böyük potensiala malik deyil, bu, nə ABŞ, nə də İraqdır", - ekspert deyib.
Başqa bir rusiyalı hərbi ekspert, "Arsenal oteçestva" jurnalının baş redaktoru Viktor Muraxovski BBC-yə deyib ki, onun fikrincə, bu iki ölkə ordularından heç biri belə bir müharibədə qalib gəlmək üçün yetərli döyüş qabiliyyətinə malik deyil.
"Nə tərkib kəmiyyəti, nə silah baxımından, nə şəxsi tərkib, hərbi hissə və birləşmə qərargah komandirlərinin hazırlıq səviyyəsi ilə. Hərbi əməliyyat meydanının fiziki coğrafiya mürəkkəbliyini nəzərə alaraq isə, mən yüz faiz əminəm ki, Azərbaycan hətta bu komponentlər üzrə ümumi formal üstünlüyü ilə həlledici müvəffəqiyyət əldə etməyə qadir deyil", - o deyib.
Onun sözlərinə görə, dağlıq yerdə "ənənəvi müharibə üslubunda cəbhəni yararaq, dərində müvəffəqiyyəti inkişaf etdirərək, düşmən qruplaşmasını mühasirəyə alaraq və sair kimi hərbi əməliyyat aparılması mümkün olan əməliyyat istiqamətləri" çox azdır.
Muraxovskinin dediyinə görə, tərəflərdən heç biri güclü döyüş aviasiyasına malik deyil, lakin bununla belə, HHM sistemləri, əksinə, olduqca effektlidir, odur ki, tərəflərdən heç birinə aviasiya dəstəyini təmin etmək mümkün olmayacaq.
Hər halda, ekspert hesab edir ki, erməni-azərbaycanlı münaqişəsini yalnız siyasi vasitələrlə həll etmək olar.

  • Pavel Aksenov
  • BBC Rus xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar