İyulun 12-də başlamış və beş gün davam etmiş Tovuz döyüşlərində general-moyor Polad Həşimovun öldürülməsindən sonra Azərbaycan cəmiyyətində onun ölümündə üçüncü ölkənin, xüsusən də Rusiyanın rolu olması barədə ittihamlar səsləndi.Azərbaycanda yüksək rütbəli bir hərbçinin ölümündə Rusiyanın adı ilk dəfə hallanmır, bundan əvvəl də bəzi yüksək rütbəli hərbçilərin ölümündə çoxlarının dilinə dərhal Rusiya gəlmişdi.
Polad Həşimovun ölümü ilə bağlı yerli mediaya danışan bəzi keçmiş hərbçilər iddia ediblər ki,
Polad Həşimovun öldürülməsində istifadə oluan "dəqiq silahlar Ermənistan tərəfində yoxdur və onlara kənar tərəfdən" yardım edilib."Kənar yardım" dedikdə isə bir çox təhlilçilər Rusiyanın adını çəkir, amma bəzi ekspertlərə görə, Rusiyanın Qafqazda maraqları olsa da, "onun regiondakı rolu həddindən artıq şişirdilir".General-leytenant Rail Rzayev 2009-cu ildə evinin önündə qətlə yetirilib. Onun öldürülməsindən 11 il ötməsinə baxmayaraq, Azərbaycan Həbi Prokurorluğunun mətbuat xidməti general Rail Rzayevin qətli ilə bağlı istintaqın bir nəticəyə gəlmədiyini bildirir.
Qurum yalnız onu bildirir ki, generalın qətlinə görə bəzi şəxslər həbs olunub, amma qətlin səbəbləri və istintaqın nə zaman yekunlaşacağı ilə bağlı məlumat verilməyib.2019-cu ildə pilot polkovnik-leytenant Rəşad Atakişiyev Xəzər dənizində MiQ-29 qırıcı təyyarəsi ilə təlim keçdiyi zaman həlak olub. Onun təyyarəsi və nəşinin bir il əvvəl tapılmasına, təyyarənin "qara qutusu"nun aşkarlanmasına baxmayaraq, araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilməyib.
Azərbaycan Həbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, polkovnikin həlak olması ilə bağlı hələ də araşdırma aparılır.Bu il iyulun 13-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətindəki döyüşlərdə general-mayor Polad Həşimovla birgə bir polkovnik, iki mayor və iki əsgər də həyatını itirib.
Hərbi Prokurorluq Polad Həşimovun və digər yüksək rütbəli hərbçilərin həlak olması məsələsində üçüncü ölkənin rolunun olub-olmaması barədə suallar cavablandırmayıb.Azərbaycan Müdafiə Nazirliyi isə generel-mayor Polad Həşimov və onunla birgə həyatını itiriən digər yüksək rütbəli hərbçilərin hansı şəraitdə həlak olması ilə bağlı təfərrüatı açıqlamayıb.
İlham İsmayıl: "Rusiya Azərbaycandan getməyib"
Keçmiş milli təhlükəsizlik əməkdaşı İlham İsmayıl Azərbaycanda baş verən istər hərbi, iqtisadi, istərsə də siyasi hadisələrdə Rusiyanın adının hallanmasında qeyri-adi heç nə görmür: "Rusiya Azərbaycandan getməyib. Hesab etsək ki, biz müstəqillik əldə etmişik, yox, bu, belə deyil. Rusiya 1805-ci, 1818, 1828-ci ildə Azərbaycana gələndən bəri hələ də burdadır. Rusiyanın burada tarixi kökləri var və o çalışır ki, Cənubi Qafqaz siyasətində Azərbaycanı öz təsiri altında saxlasın. Qarabağ məsələsi də burada onun ən böyük "kozurudur". Bu, Azərbaycana təzyiq vasitəsidir".
İlham İsmayıla görə, hər hadisədə Rusiya amilini xatırladan elementlər olduğundan şübhələr bu ölkəyə yönəlir.O xatırlayır ki, Azərbaycan rəsmi mənbələri 2016-cı il aprel döyüşlərinin Rusiya müdafiə nazirinin təsiri ilə dayandırılmasını bəyan etmişdilər.
2016-cı ildə baş vermiş dörd günlük "Aprel döyüşləri" zamanı onlarla zabit və əsgər həlak olmuşdu.Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 2017-ci ildə Rusiyanın RİA Novosti informasiya agentliyinə müsahibəsində 2016-cı ilin "Aprel döyüşlərini" nəzərdə tutaraq demişdi ki, Ermənistan döyüşlərin "ikinci günündən Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə" cəlb ediblər.
"Məsələn, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu mənə zəng etdi. O, dedi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi bu barədə danışacaq. Həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov bizim Baş Qərargah rəisinə zəng etdi", - Zakir Həsənov bildirmişdi.
İlham İsmayılın fikrincə, Tovuz döyüşlərində olan hərbi əməliyyatlar hər iki ölkəyə də mesaj xarakteri daşıya bilər:"Hamıda şübhə yaranır ki, necə olur general döyüş mövqeyində dəqiq nöqtə atəşi nəticəsində vurulur".Zaur Şiriyev: "...insanlar Ermənistanın bunu edə biləcəyinə inanmır"
Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev deyir ki, yüksək rütbəli hərbçilərin ölümündə Rusiyanın adının hallanması heç bir rəsmi formada ifadə edilməyib.Onun sözlərinə görə, Rusiyanın adının general-mayor Polad Həşimovun ölümündə çəkilməsinin birinci səbəbi odur ki, qonşu ölkədə son hadisələrin "qızışdırılması ilə bağlı müxtəlif şərhlər" eşidilir.
"Bu şərhlər siyasi ekspertlər, analitiklər tərəfindən səsləndirilib. Səslənən rəylər arasında Rusiyanın, xüsusən enerji layihələrinə (Azərbaycanın Tovuzdan keçən beynəlxalq enerji layihələri nəzərdə tutululur -red. ) zərbə vurmaq məqsədi kimi şərhlər olduğuna görə cəmiyyət də bu məlumatları eşidir və burada Rusiyanın barmağını görürlər," - Zaur Şiriyev deyir.
Ekspert baş verənlərdə başqa səbəb görür:
"1994-cü ilin atəşkəsindən sonra Azərbaycan ilk dəfə generalını döyüş bölgəsində itirib. Rusiyanın barmağının olmasının görülməyində ikinci ən böyük səbəb odur ki, insanlar Ermənistanın buna hərbi cəhətdən gücü çatmayacağını düşünürlər. Düşünürlər ki, Ermənistan o qabiliyyətə malik deyil ki, bu dəqiqliklə həmin şəxslərin yerini müəyyən edib və onları vursun".Zaur Şiriyev deyir ki, insanlar Ermənistanın bunu "tək başına edə bilməyəcəyi" qənaətinə gəliblər və bu fikir uzun illər formalaşıb.
Üzeyir Cəfərov: "...işğala dəstək verən ölkə"
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Ermənistanın Azərbaycan torpaqlarının işğalında dəstək verən ölkənin Rusiya oduğunu və bu səbəbdən də onun adının hallandığını deyir.Amma o, general Polad Həşimovun həlak olmasında səslənən iddialar ilə razı deyil və bunu döyüş itkisi hesab edir.
"Orada hansısa başqa gücün axtarılması barədə absurd fikirləri bölüşmürəm. O, çox təcrübəli idi və imkan verməzdi ki, düşmən onu belə şəraitdə aradan götürsün. Müxtəlif maraqlar ola bilər, hər gün də general ölmür. Amma o özü gedib, tabeliyində olan zabitlərlə birgə ön xəttə çıxıb. Polad Həşimov 2016-cı ildəki döyüşlərdə də ön xətdə xidmət edib," - Üzeyir Cəfərov əlavə edir.
Hərbi məsələlər üzrə ekspert general Rail Rzayevin ölümündən uzun müddət keçdiyini və bu barədə müxtəlif versiyalar sələndirildiyini, indi nəsə deməyin çətin olduğunu söyləyir.
Amma o, MiQ-29-da Xəzər dənizinə düşərək həlak olan Rəşad Atakişiyevin ölümündə Rusiya amilinə inanır."Rəşad Atakişiyevin uçuşu ərəfəsində Rusiyanın Cənub Hərbi Dairəsinin elektron hava hücumundan müdafiə qoşunları təlim keçiblər. Burada Rusiyanın təsirinin səhvən və ya bilərəkdən olması ehtimalını istisna etmirəm," - Üzeyir Cəfərov deyib.
Tornike Şaraşenidze: "Bəzən Rusiyanın rolu həddindən artıq şişirdilir"
Gürcüstan baş nazirinin xarici siyasət üzrə köməkçisi olmuş, siyasi şərhçi Tornike Şaraşenidze hesab edir ki, bəzən Rusiyanın rolu həddindən artıq şişirdilir, amma buna baxmayaraq, Rusiya Qafqaz bölgəsində əsas oyunçudur. Onun fikrincə, bu regionda qeyri-adi nəsə baş verəndə, bölgədəki ən böyük güc olduğu üçün Rusiya günahlandırılır.
"Rusiyanın Gürcüstan və Ermənistanda hərbi bazaları var," - professor Şaraşenidze deyib.
Tornike Şaraşenidze Azərbaycan generalının ölümünü "döyüş qəzası" kimi qiymətləndirir.
"Rusiya bilsə belə, Ermənistana informasiya verməz, onlar indi Ermənistanı, Paşinyanı cəzalandırırlar. Ruslar indi tələsmirlər, onlar indi ermənilərin ərazi itirməsini istəyirlər və "siz bizsiz gücsüzsunüz" mesajını vermək istəyirlər," - Tornike Şaraşenidze bildirib.
Fehim Taşkent: "Azərbaycan elitasının Moskva ilə əlaqələri möhkəmdir"
Türkiyədə yaşayan, Qafqaz məsələləri üzrə şərhçi Fehim Taştekin Azərbaycanda Rusiya ilə bağlı səslənən iddiaları dəstəkləmir: "Heç kim bu ididaların doğru olduğunu deyə bilməz. Azərbaycan elitasının Moskva ilə əlaqələri möhkəmdir. Azərbaycanın NATO ilə, ABŞ-la əlaqələrinin Rusiyanı narahat edəcək ölçüdə olduğunu düşünmürəm".
Cənab Taştekin hesab edir ki, münaqişənin indi alovlanmasında hər iki tərəfin öz marağı var və Rusiyanın burada birbaşa rolunu axtarmaq doğru olmazdı.
"İşin təbii tərəfindən baxsaq, burada atəşkəs olmasına baxmayaraq, müharibə davam edir. Hardasa ildə 200-300 atışmanın olduğu bölgədən danışırıq. Burada olanlar çox da qeyri-adi deyil. Son illərdə Azərbaycan tərəfindən məsələnin hərbi həllindən başqa çıxış yolunun olmaması barədə də fikirlər səslənir. Ona görə də Rusiyaya baxmamışdan əvvəl tərəflərin öz aralarında olan gərginliyin nə qədər adiləşdiyini söyləyə bilərik," - Fehim Taştekin deyib.
O bildirib ki, Rusiyanın bu münaqişədə əldə etdiyi üstünlüklər var və o bu bölgədəki hadisələrə heç vaxt biganə qalmayıb.
"Son atışmada da Rusiyanın nüfuzunun mübahisələndirildiyi yer daha çox Ermənistandır. Paşinyanın iqtidara gəlməsi və Avropaya inteqrasiya məqsədi güdməsi Rusiyanı daha çox narahat etdi və ciddi polemika əmələ gəldi. Bu məsələdə Rusiya Paşinyanı yola gətiməkmi istədi? Bu sual soruşula bilər," - Taştekin bildirib. (BBC)
azpolitika.info