Rəsədxana Şeyxi təkzib etdi

27-07-2014, 16:21   
Rəsədxana Şeyxi təkzib etdi"İyulun 27-si Ramazan ayının sonuncu günüdür. Bu gün oruc tutulacaq. Ayın təzələnməsi iyulun 27-də baş verəcək. Ayın 28-də isə bayram olmalıdır. Bayram namazı da həmin gün qılınmalıdır”.
Bunu açıqlamasında Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov dedi.
N.Hüseynov ayın təzələnməsini və bayram günün müəyyən edilməsinin çox asan olduğunu söylədi: "Ayın təzələnməsini geniş şəkildə araşdırmaq, hesablamaq lazım deyil. Kompyuterləşdirilmiş sistemdir, proqram qurulub, bir düymə ilə ayın təzələnməsini hesablanır”.
Rəsədxananın hesablamalarına görə bayramın iyulun 28-nə düşdüyünü deyən N.Hüseynov QMİ-nin belə bir qərar verməsini səbəbini bilmədiyini dedi: "Qafqaz Müsəlmanları İdarəsinin bayram namazını 29-na salmasının səbəbini bilmirəm. Bunu Qafqaz Müsəlmanları İdarəsindən soruşmaq lazımdır”.
Onun sözlərinə görə, Şamaxı Rəsədxanasının verdiyi rəylə bayram günü müəyyən edilir. Lakin QMİ buna əsaslanmayıb.
"Bildiyim qədəri ilə bayram namazı ilə bağlı qərar fətva ilə verildiyindən bizim rəy nəzərə alınmayıb. Bu şəkildə hesablanarsa, orucluq ayı 31 gün olur. Belə olması isə mümkün deyil. Ramazan ayı adətən 29, ya da 30 gün olmalıdır. Ramazan bayramı isə ayın təzələnməsinə görə hesablanır və bu gün də 28-nə düşür. Ancaq niyə belə edirlər, bu ayrı mövzudur”- deyə N.Hüseynov qeyd etdi.
N.Hüseynov bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarsəindəki görüşləri haqda da məlumat verdi: "Bir neçə ilə əvvəl bizi idarəyə dəvət etmişdilər. Fikirlərimiz öyrənildi. Bayramın başlanılması və qurtarması ilə bağlı fikir bildirdik. Bizim də rəy bildirdiyimiz şəkildə bayram günü elan olundu. Amma sonradan bu qərar dəyişdirildi. Elə oldu ki, həmin il 31 gün oldu. Bayram günü bizdə İranla üst-üstə düşür. Bunun səbəbini isə deyə bilmərəm”.
Xatırladaq ki, QMİ ayın təzələnməsini və bayram namazının vaxtını Şamaxı Rəsədxanası və Elmlər Akademiyasının rəyinə əsasən elan edir. Bu mətbuat vasitəsi ilə QMİ üzvləri tərəfindən bir neçə dəfə bəyan edilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mətbuata açıqlamasında bunları demişdi: "Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük”.
Azərbaycanda Ramazan bayramının vaxtı ilə bağlı artıq neçənci dəfədir ki, hər il mübahisə yaranır. Mübahisənin tərəfləri isə bayramı Şeyxin idarəsinin təyin etdiyi vaxtda qeyd etmək istəməyən dindarlar, Şamaxı Rəsədxanası (adı elmi müəssisə olan rəsədxana son illər ancaq bu cür dini mübahisələrdə tərəf kimi yer alır) və Qafqaz Müsəlmanları İdarəsidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.