Matvey Qanapolski“Exo Moskvı”, 28.06.2020 Keçmiş zamanlarda Xabarovsk münaqişəsi dərhal və kobud şəkildə həll edilirdi. Yeni general-qubernator vilayətə təşrif gətirir və ordunun köməyi ilə iğtişaşları qısa zamanda yatırırdı. Əsas araqarışdıranlar tutulur və sonra dar ağacından asılırdı. Asılmayanlar döyülür və ya 25 illik xidmət üçün orduya göndərilirdi.Yəni, hər şey çox amansız idi.
Ancaq bizim qabaqcıl dövrümüzdə hər şey əyləncəlidir.
Putin Xabarovskda Furqalın vəzifəsindən çıxarılmasına dair qərar verir, çünki o, Putindən daha çox məşhurlaşacaq və Konstitusiyanın dəyişdirilməsi üçün də xüsusi canfəşanlıq göstərməyib.Xalq etirazlara başladıqda isə, Jirinovskinin atılıb-düşməməsi üçün onun hamam dostu Deqtyarovun vilayətə qubernator göndərməsi qərara alınıb.
Deqtaryov vilayətə təşrif gətirib, lap qəfildən dulusçuluq emalatxanasına girmiş fil kimi.
Yəni, o, Xabarovsk sakinlərinin üzünə tüpürmək və burada söz sahibinin kim olduğunu göstərmək istəyir. Bundan ötrü o, televizordan eşitdiyi hər cür təhdid dolu ifadəni dilə gətirməyə başlayıb:
iğtişaşı gəlmələr yaradıb, həm də bunu pul müqabilində ediblər; üstəlik, həftəsonu böyük etirazlar olarsa, vilayətdən çıxıb-gedəcək.Bu hələ hamısı deyil, o, istehza ilə danışmağa çalışıb, məsələn, deyib ki, etirazlara çox vaxt ayıran Xabarovsk sakinlərinə həsəd aparır, amma vaxtı daha mənalı keçirmək, məsələn, hamama getmək daha ağıllı iş olardı.
Deqtaryov etiraz etmək əvəzinə, balıq ovuna getməyi də məsləhət görüb. Həm də vətəndaşlara xatırlatmağa başlayıb ki, koronavirus həyət-bacada dolaşdığından evdə qalmaq daha yaxşıdır.
Əlbəttə, etirazçılarda bıçaq və balta kimi silahlar da tapıblar.
Budur əsl yeni Putin əlaltısı, bəlkə də gələcək vətənpərvər-prezident!
Sözsüz, Xabarovskdakı etirazçılar heyrət doğurur, adamı valeh edirlər. Hətta Furqala dəstəyə görə, ya da artıq onu unudub Putinə qarşı çıxırlar. Bəlkə də yalnız əyləncə naminə, ləyaqət hisslərini xatırlatmaq üçün.
Etirazların nə qədər davam edəcəyi hələ bəlli deyil, çünki hamı bir gün yorulacaq və Putin Furqalı geri, vəzifəsinə qaytarmayacaq. Putin heç vaxt, xüsusi vurğulayıram, cəmiyyətin maraqlarını nəzərə almır. Onun üçün cəmiyyət xəyanət etməyə və ya Maydan qurmağa hazır olan sözəbaxmaz uşaqdır. Buna görə də, Putin boğazını yırtmır, sadəcə Deqtyarovu Xabarovska, qayda-qanunu bərpa etməyə göndərir.
Çox bəyəndiyim astrofizik və elmin populyarlaşdırıcısı Nil De Qrassi Tayson bir dəfə insanların şimpanzedən cəmi 2 faiz genlə fərqləndiyini bildirib.
“Cəmi 2 faiz, amma deyin, özünüzü şimpanze kimi aparacaqsınız?” – deyə Tayson dinləyicilərindən soruşub. Sonra əlavə edib:
“Yaxud meşədə bir qarışqa yuvası görsəniz, bu qarışqaların hara getdiyini düşünəcəksiniz? Xeyr, bunu etməyəcəksiniz, baxmayaraq ki, onların cəmiyyəti, təşəkkül mürəkkəbliyi baxımından, yerinə yetirilən vəzifələrin aydınlığı baxımından homo sapiens cəmiyyətindən o qədər də aşağı səviyyədə deyil”.Putin üçün Xabarovsk sakinləri bu cür şimpanze və ya qarışqalardır. Demək olar ki, real insanlar kimidirlər – həyatları, işləri, bəzi kədərləri və sevincləri var. Ancaq Putində olan əsas şey, Putinin 20 ildir qurduğu Möhtəşəm İmperiya anlayışı onlarda yoxdur.
Doğrudur, imperiya quruculuğu bu günə qədər çox da uğurlu olmayıb, amma 34-cü ilə qədər hələ çox vaxt var, bəlkə o zamanadək alındı.
Furqal İmperiya üçün az iş görüb, buna görə də, işdən çıxarılıb. Lakin bu “qarışqalar” ali məramı başa düşmədikləri üçün qiyam edirlər. Buna görə də, onlar yumşaq bir şəkildə ram ediləcək.
Axı biz ikinci Ukrayna istəmirik!Bəziləri düşünür ki, Putin hansısa mətləblərdən bixəbərdir, ya da onları başa düşmür. Yox, əşşi!
O hər şeyi bilir və başa düşür, sadəcə başqalarının özü, siyasəti və hərəkətləri haqqında nə düşündüyünü vecinə almır.Bu məqamda nəsə nikbin bir şey yazmaq lazım olacaq, məsələn: “Yəqin ki, tezliklə insanların gözü açılacaq…” və ya “Etirazlar bütün Rusiyaya yayılacaq və sonra…”
Rusiyada bir şeyin nə vaxt dəyişəcəyini heç kim bilmir.
Ölkənin sərhədləri açıqdır, plastik stəkanı polisə atdığına görə həbsxanaya düşməkdənsə, istənilən ölkəni seçə və orada yaşaya bilərsən. İnternet hüdudsuz zövq verir. Elə isə deyin, Putin və onun çılğın fikirləri ilə mübahisəyə nə hacət? Qoy bənizi göyərənə qədər istədiyi şeyi qursun.
Amma demə, “qarışqalar”ın da insani ləyaqəti varmış.
Bəzən Putin qarışqalara diqqət yetirməlidir, əks halda, qarışqalar tikdiyi evi gəmirib dağıdacaq.Tərcümə: Strateq.az