“ŞİMAL AXINI-2” HƏRBİ TƏYİNATLI LAYİHƏDİR? –Kəmər Rusiyaya NATO donanmasını izləmə imkanı verir - TƏHLİL

2-08-2020, 10:31   

“Ovqat.com” saytının baş redaktoru
 
Son zamanlar Azərbaycan-Ermənistan sərhədlərində baş verən toqquşmaların əsas səbəbi ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla izah olunur. Belə ki, Rusiyanın Avropaya qaz nəqlini dayandırmaq istəyən ABŞ alternativ variantlar arasında dəfələrlə TANAP-TAP layihəsinin adını çəkirdi. Mümkündür ki, Rusiya da özünün vazkeçilməzliyini təmin etmək üçün digər alternativlərini aradan qaldırmaq fikrinə düşsün. Ermənistanın son hücumlarının enerji xətlərimizin keçdiyi Tovuz rayonu ərazisinə edilməsi də, bu mənada, təsadüfi sayılmır.
Maraqlıdır ki, ABŞ-ın Rusiyanın qaz kəmərlərinə qarşı allergiyası təkcə iqtisadi səbəblərə söykənmir. Sən demə, bu layihələrin, xüsusilə də “Şimal axını-2” qaz kəmərinin ABŞ-ı narahat edən başqa səbəbi də varmış. Üstəlik, bu səbəb birincidən az əhəmiyyətli deyil.
Daha dəqiqi, “Şimal axını-2” layihəsinin iki təyinatlı olması ehtimalı ictimai fikirdə getdikcə qüvvətlənir.
Təyinatlardan biri rus qazının Avropaya nəqlidirsə, digəri kəmərin Rusiyadan Almaniyaya qədər uzanan Baltik dənizində NATO donanmasını izləmək potensialıdır.
Eadaily.com-un məlumatına görə, Razumkov adına Ukrayna iqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı analitiki Maxim Belyavskiy də bu qənaətdədir. “Ukrtransqaz”-ın keçmiş mətbuat katibi olan Belyavskiyin fikrincə, son dörd il ərzində artıq üçüncü dəfədir gündəmə gətirilən layihə daha çox bu səbəbdən onu dayandırmağa çalışan ölkələrin siyasətçiləri və ekspertləri tərəfindən hücumlara məruz qalır.
“”Şimal Axını-2″ layihəsinin ticari əsası yoxdur. Rusiya artıq Qərbi Sibirdən, nəqliyyat infrastrukturunun tikintisi də daxil olmaqla, bu layihəyə 30 milyard dollardan çox vəsait sərf edib. Bu da nəticə etibarilə “Qazprom”-un hər min kubmetr qaz nəqlinə görə 6 dollara yaxın vəsaiti itirməsi deməkdir. Nə üçün onda uzunmüddətli perspektivdə zərərlə işləyəcək bir layihəyə nəhəng sərmayələr qoyulur? Cavab hərbi-siyasi plan ola bilər”, – deyə ukraynalı analitik bildirib.
O hesab edir ki, sualtı qayıqları aşkar etmək üçün infrastruktur artıq Baltik dənizində yaradılıb: “Sualtı qaz kəmərlərinin təhlükəsiz istismarı yalnız onların texniki vəziyyətinə operativ nəzarət zamanı mümkündür. Bu isə bütün marşrut boyu quraşdırılmış xüsusi ötürücülərdən rabitə xətləri vasitəsilə İdarəetmə Mərkəzinə daxil olan məlumatlar sayəsində baş tuta bilər”.
“Ukrtransqaz”-ın keçmiş mətbuat katibi hesab edir ki, sualtı qayıqların yerdəyişməsinin monitorinqi məqsədi ilə dəniz axınlarının dəyişməsini təhlil etmək üçün sensorlardan da istifadə edilir: “Odur ki, qaz kəmərləri dənizdə hərbi fəallığın monitorinqi sisteminin bir hissəsi ola bilər. Beləliklə, BMT-nin açıq dəniz Konvensiyasına boru kəmərlərinin çəkilməsi azadlığı haqqında müddəaların aradan qaldırılması yolu ilə düzəliş edilməsi üçün əsas var”.
Polşanın “Biznesalert” nəşri də ukraynalı analitikin fikirlərini bölüşür. Nəşr qeyd edir ki, “Şimal Axını-2” ilə bağlı təhdidlər NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzi tərəfindən araşdırılır: “Lakin bu mövzu üzv dövlətlər arasında fikir ayrılıqları səbəbindən rəsmi siyasi gündəliyə daxil deyil”, – deyə Polşa nəşri yazır.
“Şimal Axını-2” layihəsinin ikiqat təyinatlı olduğuna dair şübhə və ittihamlar ilk dəfə deyil ki, irəli sürülür və hər dəfə ABŞ-ın artan təzyiqləri ilə müşahidə olunur. Bu ittihamlar xüsusilə 2016-cı ildə İsveçin Baltik dənizində boru kəmərinin inşasına icazəsi ərəfəsində ciddi şəkildə ortaya atılmışdı. İttihamlarda açıq şəkildə iddia olunmuşdu ki, qaz kəmərinin köməyi ilə Rusiya NATO donanmasını izləyəcək.

Həmin vaxt “Şimal axını-2” barədə irəli sürülən iddialarla bağlı layihənin İsveçdəki aparıcı məsləhətçisi Lars Qrenstedt Dagens “Industrı” nəşri üçün “”Şimal Axını-2”-nin 12 mifi” sərlövhəli məqalə qələmə almışdı. Müəllif sualtı qaz kəmərində dinləyici qurğuların necə və niyə yerləşdirilməsinə siqd ürəkdən təəccüblənirdi.
“Qaz kəmərinin çəkilməsinin monitorinqini İsveç Sahil mühafizəsi həyata keçirəcək. Bundan başqa, qaz kəmərindən necə dinləməyin mümkünlüyünü hələ heç kim izah edə bilməyib. Suda radiosiqnallar daha aşağı sürətlə yayılır, bu da məlumatların həcmini kəskin şəkildə aşağı salır. Əgər xarici qüvvələr Baltik dənizində gəmilərin hərəkətini izləmək istəyirlərsə, daha ucuz və daha effektiv üsullar var”, — deyə Lars Qrenştedt bildirirdi.
Kommersiya layihəsi üçün səciyyəvi olmayan bu cür iddialara 2016-cı ilin yayında ABŞ-ın o zamankı vitse-prezidenti Co Baydenin İsveçə səfərindən sonra start verilmişdi. Baydenin özü də “Şimal Axını-2” layihəsini “pis müqavilə” adlandırmışdı.
“Qazprom” un rəhbəri Aleksey Miller isə “Şimal axını-2” layihəsinin ticari əhəmiyyətinin olmaması iddiaları ilə razılaşmır. Onun dediyinə görə, bu kəmərlə qaz nəqli min kub metrə görə 20 dollara başa gəlir. Bu isə Rusiya şirkətinin son beşillik müqavilə ilə Ukraynaya ödədiyindən təxminən 12 dollar ucuzdur.
Bununla belə, Co Baydenin həmin çıxışından sonra qaz kəmərinin çəkilməsi əleyhinə təbliğatlara hətta hərbçilər də qoşulmuşdular. İsveç Silahlı Qüvvələrinin komandanı Mikael Biden SVT telekanalına açıqlamasında İsveçin Qotland limanını Rusiyaya istifadəyə verməzdən əvvəl iki dəfə düşünməli olduğunu söyləmişdi.
Generalın fikrincə, qaz kəmərinin tikintisinə Rusiya silahlı qüvvələri cəlb olunacaq və onlar İsveç infrastrukturuna çıxış əldə edəcəklər ki, bu da Avropanın təhlükəsizliyi üçün ciddi problemə çevriləcək. Bu çıxışdan sonra İsveç Müdafiə və Xarici İşlər nazirlikləri Qotland adasının regional hakimiyyət nümayəndələrini görüşə çağırmış, ölkənin Baş naziri Stefan Leven isə İsveç KİV-ə verdiyi müsahibələrində qaz kəməri layihəsinə şübhə ilə yanaşdığını bildirmişdi.
Rusiyanın İsveçə mümkün “müdaxiləsi” ətrafında isteriya o qədər gərginləşmişdi ki, Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev “Rusiyanın İsveçə müdaxilə etmək niyyətində olmadığı və suverenliyinə hörmət etdiyi” barədə SVT telekanalına müsahibə vermək məcburiyyətində qalmışdı.
“Şimal Axını-2”-yə növbəti hücum 2018-ci ildə ABŞ diplomatlarından gəlmişdi. Həmin il ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk mətbuata açıqlamasında bildirmişdi ki, Rusiya Baltik qaz kəmərinin marşrutunda kəşfiyyat avadanlığı quraşdıra bilər. Daha sonra ABŞ dövlət katibi Mayk Pompeo İsveçin xarici işlər naziri Margot Valstremə zəng edib, bu məsələ ətrafında fikir mübadiləsi aparmışdı. Dövlət Departamentinin saytının məlumatına görə, tərəflər həmin telefon söhbətində “Şimal Axını-2” kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün yaratdığı təhdidi müzakirə etmişdilər. 2018-ci ildə bu mövzu ətrafında spekulyasiyalar o həddə çatmışdı ki, İsveç vətəndaşları müharibə vəziyyətində nə edəcəkləri ilə bağlı bir-birinə bukletlər göndərməyə başlamışdılar.
Bütün bu təzyiqlərdən sonra İsveçin Xarici İşlər naziri Margot Valstrem parlamentdəki dinləmələrdə bildirmişdi ki, hökumət Rusiya-Almaniya qaz kəmərinin çəkilməsini dəstəkləmir, lakin layihənin dayandırılması üçün onun qanuni əsası yoxdur. Beləcə, Stokholm İsveç sahəsində “Şimal Axını-2” kəmərinin inşasına, çar-naçar, icazə vermişdi.

“Şimal axını-2” qaz kəməri əslində, bundan əvvəl çəkilmiş “Şimal axını”nın dəqiq təkrarı olacaq. “Qazprom” bu kəmər vasitəsilə Avropaya ildə 55 mlrd. kubmetr həcmində əlavə qaz verməyi planlaşdırırlar. Belə çıxır ki, “Şimal axını” kəmərində də Rusiya eyni dinləmə qurğularını quraşdıra bilər. Məhz bu səbəbdən “Şimal axını-2” layihəsindən sonra onun analoqunun da Avropanın təhlükəsizliyinə yaradacağı təhdidin müzakirəyə çıxarılmayacağına zəmanət yoxdur . “Şimal axını” layihəsinin dayandırılması isə Rusiyanın Avropaya qaz nəqlinin ciddi ölçüdə zərbə vurulması mənasına gəlir.
Belə ki, Avropanın qaz tələbatının 30-40%-ni ödəmək əzmində olan Rusiya bunu əsasən 4 xətt üzrə həyata keçirməyə çalışır. Bunlardan ikisi – “Şimal axını” və Ukrayna üzərindən Avropaya nəql olunan kəmərlər hazırda istifadədir. “Qazprom” “Şimal axını” xəttilə ildə 55 milyard kubmetr, Ukrayna xəttilə isə 65 milyard kub metr qaz nəql edir. Ukrayna xətti ilə nəql olunan qazın gələn ildən 40 milyard kub metrə düşəcəyi gözlənilir. ABŞ-ın avropalı müttəfiqlərini dayandırmağa çağırdığı və böyük ölçudə buna nail olduğu “Türk axını”nın təxmini daşınma tutumu ildə 31.5 milyard kub metr, “Şimal axını-2” kəmərinin isə 55 milyard kub metr olacağı planlaşdırılır. Bu kəmərlərin fəaliyyətinin dayandırılması ilə Rusiya iqtisadiyyatı ağır yara ala bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.