BELARUS-RUSİYA GƏRGİNLİYİ PİK HƏDDƏ... – Lukaşenko Putindən izahat tələb edir

2-08-2020, 15:15   





Rusiya iyulun 31-də Belarusla sərhəd keçidlərində nəzarəti gücləndirib. Bu həftə Belarusda 33 Rusiya vətəndaşının saxlanması Moskva və Minsk arasında münasibətləri gərginləşdirib. Rəsmi Minsk bu 33 rusiyalının Rusiyadakı “Vaqner” özəl hərbi şirkətinin muzdlu əsgərləri olduqlarını və Belarusa seçki ərəfəsində təxribat üçün göndərildiklərini iddia edir.
Belarusun sosial medialarında sərhəddə Rusiyaya keçən Belarus vətəndaşlarının pasport qeydiyyatının aparıldığı barədə xəbərlər yayılır. Özlərini vahid ittifaq elan etmiş Rusiya və Belarus arasında indiyədək sərhəd yoxlanışı demək olar ki, yox idi. İndi isə sərhədin Belarus tərəfində Rusiyaya keçmək istəyən yük maşınlarının uzun növbəsinin yarandığı xəbər verilir.
Yenə "Putinin aşpazı"
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Smolenskdəki idarəsi “Azadlıq” radiosuna sərhədi keçən belarusların qeydiyyatının aparıldığı barədə məlumatı təsdiq edib. Bununla belə, sərhəd yoxlanışının sərtləşdirilməsinin səbəbləri rəsmən açıqlanmır. Sərhədi keçən belaruslara Rusiyaya nə məqsədlə getdikləri, burada nə müddətdə və harada qalacaqları barədə suallar verilir.
“Vaqner” qrupunun Rusiyada “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeni Priqozinə aid olduğuna inanılır.Belarusun İstintaq Komitəsi bildirib ki, rusiyalıların prezident seçkisi ərəfəsində kütləvi iğtişaş törətmək niyyətindən şübhələr var.
Putin saxlananların buraxılacağına ümid edir
Bu məsələ Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrlik etdiyi Milli Təhlükəsizlik Şurasında müzakirə olunub. 
Lukaşenko deyib ki, Moskva bu insidentlə bağlı izahat verməlidir.

Bu insident Rusiya Milli Təhlükəsizlik Şurasında da müzakirə edilib. Xəbər verilir ki, prezident Vladimir Putin vəşura üzvləri Belarusda saxlanmış Rusiya vətəndaşlarının tezliklə buraxılacağına ümid etdiklərini deyiblər.
Rusiya rəsmiləri bu insidentə iyulun 30-da reaksiya veriblər.
Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev bildirib ki, saxlanan rusiyalılar özəl mühafizəşirkətinin əməkdaşlarıdır və onlar Minskə yalnız tranzit məntəqə kimi gəlmişdilər. Səfirin sözlərinə görə onlar kommersiya kontraktıüzrəöhdəliklərin icra olunması məqsədiləİstanbula getməli idilər.
Bu arada jurnalistlər yazırlar ki, rusiyalı muzdlu döyüşçülər çox güman Minskdən Sudana və ya Liviyaya getməli idilər.
Rusiyalı muzdluların bu ölkələrdəki münaqişələrdə iştirak etdiklərinə dair məlumatlar var.
Ukrayna saxlananların ekstradisiyasını istəyib
Saxlanan rusiyalılardan bəzilərinin bundan əvvəl Ukraynanın Donbas vilayətindəki separatçılarla birgə döyüşlərdə iştirak etdikləri iddia edilir. Onlardan bəzilərinin Ukrayna vətəndaşları olduğu deyilir.

Minsk bildirir ki, Donbasda separatçı qüvvələrin tərkibində döyüşdükləri düşünülən şəxslərin siyahısı Kiyevə təqdim olunub.
Bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba təsdiq edib. O deyib ki, Ukrayna hakimiyyət orqanları bu adamlarla bağlı araşdırma aparır. Kiyev bundan əvvəl bildirmişdi ki, sözü gedən şəxslərin Ukraynaya ekstradisiyası məsələsi qaldırıla bilər. Kuleba deyib ki, söhbət Ukrayna vətəndaşı olan 7 nəfərdən gedir.
İstanbula uçmalı idilər
Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev bunu da bildirib ki, saxlanan Rusiya vətəndaşları iyulun 25-də İstanbula uçmalı idilər, amma Minsk hava limanına gec çatıblar. O deyib ki, rusiyalılar bu səbəbdən də Minsk yaxınlığındakı sanatoriyada yerləşiblər.
Müşahidəçilər bildirirlər ki, səfirin verdiyi əlavə məlumat həm də xeyli əlavə suallar yaradacaq.
Belarus prezidenti Aleksandr Lukaşenko Moskvanı “murdar niyyətlərdə” ittiham edib. Rusiya Dövlət Dumasının bəyanatında deyilir ki, Moskva Belarusda sabitsizlik yaradılmasında maraqlı deyil.
Vladimir Putinin sözçüsü Dmitrp Peskov iyulun 31-də verdiyi bəyanatda rusiyalıların saxlanmasınıəsassız adlandırıb. 
Onun sözlərinə görə Minskin hərəkətləri ittifaq münasibətlərinin parametrlərinə ziddir: “Məhz buna görə də biz ümid edirik ki, ən yaxın müddətdə bu insidentə aydınlıq gətiriləcək və bizim belarus müttəfiqlərimiz vətəndaşlarımızı sərbəst buraxacaqlar”. (azadliq.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.