Belarusda Rusiyanın “Vagnerin ordusu” kimi tanınan özəl-hərbi şirkətinin 33 muzdlusunun tutulmasından sonra iki ölkə sərhədində ciddi gərginlik hökm sürür.Virtualaz.org Rusiya və Belarus qaynaqlarına istinadən xəbər verir ki, Belarus ərazisindən Rusiyaya aparan şosse yollarda hərbi postlar qurulub, habelə sərhəd boyu hərbi vertolyotlar patrul uçuşları keçirir.
Sosial şəbəkələrdə yayılmış məlumatlara gprə Belarus hərbçiləri blok-postlar qurur, dövlət sərhədi boyu əlavə sərhəd qüvvələri yerləşdirilir, ölkəyə daxil olan Rusiya vətəndaşları ciddi yoxlanışdan keçir.
Rusiya ərazisində isə Belarusla gediş-gəlişə ciddi nəzarət tətbiq olunub. Belarusa keçmək istəyənlərin hamısının sənədləri, telefon nömrələri yoxlanılır. Habelə Belarusla sərhəddə Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının əlavə qüvvələri yerləşdirilib. Rusiyadan Belarusa keçmək istəyənlərin uzun növbəsi yaranıb, onların əksəriyyəti Belarus vətəndaşlarıdır.
Xatırladaq ki, Belarus hakimiyyəti rusiyalı muzdluların bu ölkədə avqustun 9-na təyin edilmiş prezident seçkiləri zamanı qarşıdurma yaratmaq, hakimiyyət çevrilişi həyata keçirmək üçün göndərildiyini bildirir. Rusiya tərəfi isə deyir ki, həmin şəxslər Belarusdan tranzit keçməklə “üçüncü ölkəyə” getməyi planlaşdırırdılar. Lakin Belarus tərəfi muzdluların üçüncü ölkəyə keçmək planlarının əvvəlcədən alibi kimi düşünüldüyünü bildirir və onların əsl məqsədinin seçkilərdə təxribatlar törətmək olduğunu deyir.
Virtualaz.org