CƏSUR VƏ QÜRURLU ÖLKƏNIN TƏMƏNNASIZ HƏKİMLƏRİ - Yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi

5-08-2020, 16:25   





Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı son məlumatları bu kabusun ölkəmizi tezliklə tərk edəcəyinə dair ümidlərimizi xeyli möhkəmləndirir. Belə ki, xəstəliyə yoluxma və sağalma sayının üç ay idi ki, davam edən mənfi dinamikası, nəhayət ki, iyul ayının 15-dən etibarən müsbət dinamikaya qədəm qoydu, yəni gündəlik sağalanların sayı yoluxanların sayını üstələdi və bu tendensiya artıq 18 gündür ki, davam edir. Eyni zamanda, son günlər gündəlik ölüm sayında da nisbi azalma müşahdə edilməkdədir.
Ölkəmizdə hər gün hamının narahatlıq və səbirsizliklə gözlədiyi bu sevindirici məlumatların əldə edilməsində, heç şübhəsiz, fədəkar həkimlərimizin xidməti böyükdür, lakin bu şərəfli missiyanın yerinə yetirilməsində bir neçə xarici ölkə həkimlərinin, o cümlədən son günlər Bakıya gəlmiş kubalı həkimlərin də müstəsna rolu olmasına şübhə etmirəm.
Keçək mətləbə. Nə üçün məhz kubalı həkimlər? 13 iyulda kütləvi informasiya vasitələrində ölkəmizdə koronavirusla mübarizəyə kömək məqsədilə Kuba Respublikasından 115 həkimin AZAL-ın çarter reysi ilə birbaşa Havanadan Bakıya gətirilməsi haqqında xəbər, bir çoxlarının ağız büzdüklərinə baxmayaraq, açıq deyirəm, məni və ailə üzvlərimi çox sevindirdi. Baxmayaraq ki, onların ölkəmizdəki fəaliyyəti, hansı səbəbdənsə, hələlik nə açıqlanır, nə də şərh edilir. Onların məharətlərini bilavasitə görmüş şəxs kimi, bu bəradə bəzi təəssüratlarımı sizinlə bölüşərək yuxarıdakı suala aydınlıq gətirmək istərdim.

Əsası Çe Qevara tərəfindən qoyulmuş sistem

İllər öncə düz üç il Kubada, ölkənin üçüncü böyük şəhəri olan Kamaqueydə yaşadıq və bu müddət ərzində kubalı həkimlərin nəyə qadir olduqlarını öz şəxsi həyatımızda gördük, yaxından hiss etdik. Kuba həkimlərinin peşəkarlığı, insansevərliyi, xəstələrə münasibəti adamda bu peşə sahiblərinə qarşı ən ülvi hisslərlə bərabər, heyranlıq yaradırdı. Təsəvvür edirsinizmi, bu, hələ ötən əsrin 86-89-cu illəri idi, Sovet İttifaqı adlı böyük bir dövlətdə yaşayırdıq və səhiyyəmiz də indiki kimi dişsiz deyildi.
Aydın olsun deyə, bəri başdan bildirim ki, məni o vaxt SSRİ-nin texniki yardımı çərçivısində Kubaya uzunmüddətli ezamiyyətə göndərmişdilər, filiz (mis, sink, molibden, qızıl, dəmir və s.) yataqlarının axtarışında və öyrənilməsində kubalı həmkarlarımıza yardım etmək, məsləhət vermək üçün. O zaman Kuba inqilabının yaşı təxminən elə bizim indiki müstəqillik tariximizin yaşı qədər olardı və yeni sistemi bəyənməyən çoxlu sayda yerli mütəxəssis ölkəni tərk edib getmişdi.
Bu səbəbdən Kubada tək geologiya deyil, iqtisadiyyatın bir çox başqa sahələri (məsələn, meliorasiya, energetika, nəqliyyat və s.) üzrə əsasən keçmiş SSRİ-dən və digər sosialist yönümlü ölkələrdən mütəxəssislər Fidel Kastronun qurduğu bu gənc ölkəyə yardım etmək üçün göndərilmişdilər. Amma maraqlıdır ki, texniki sahələr üzrə mütəxəssis çatışmazlığına baxmayaraq, həmin illərdə səhiyyədə ciddi bir problem yox idi. Təkcə böyük şəhərlərdə deyil, hətta ən kiçik rayon mərkəzlərində belə, yüksək peşəkarlığa malik həkimlər, müasir avadadanlıqlarla təchiz olunmuş poliklinikalar və xəstəxanalar mövcud idi. (Heç şübhə etmirəm ki, o dövrlərdə Kubada işləmiş və indi həyatda olan mütəxəssislər mənim bu fikirlərimi təsdiq edə bilərlər.) 

Bu ona görə belə idi ki, Kubada səhiyyəyə dövlətin xüsusi diqqəti, qayğısı mövcud idi və bu sistemin təməli xalqını, onun sağlamlığını ilk növbədə düşünən Kuba inqilabı liderlərindən biri, ixtisasca həkim olan Çe Qevara tərəfindən qoyulmuşdu. Təhsilə, xüsusən də tibbi təhsilə çox ciddi fikir verilirdi, korrupsiya yox dərəcəsində idi. Kuba səhiyyəsi sözün tam və həqiqi mənasında pulsuz idi, deyirlər elə indi də belədir. Hər hansı bir tibbi xidmət müqabilində xəstədən bəxşiş, şirinlik, nə bilim, daha hansı ad altında rüşvət ummaq onların ağıllarına da gəlmirdi, belə şeylər haqda heç bir anlayışları, təsəvvürləri yox idi.
Baxın, bir təsadüf nəticəsində cərrahiyyə əməliyyatına məruz qalmış həyat yoldaşımı yenidən dünyaya qaytaran həkimlərə minnətdarlıq əlaməti olaraq bir qutu şokolad hədiyyə etmək istədik - dəhşətlə qarşıladılar, qəbul etmək istəmədilər. “Milli adətimizdir”- deyib, bir güclə onları səmimiyyətimizə inandıra bildim.
Başqa bir misal, birgə çalışdığımız azərbaycanlı mütəxəssisin 2-3 yaşlı oğlunun anadangəlmə əyri ayaqlarını təmənnasız dübbədüz elədilər, infarkt vurmuş rus qonşumuza, yaşlı bir universitet professoruna yeni həyat verdilər.
Kariyesə uğramış bir neçə dişimizə qoyduqları çox yüksək keyfiyyətli plomblar 25-30 il davam gətirdi. Bəli, kubalı həkimləri biz belə gördük, belə tanıdıq. Çünki onlar xəstəyə gəlir mənbəyi kimi baxmırdılar, gözləri xəstənin əlində və ya cibində deyildi. Xəstənin kimliyi, sosial statusu, vəzifəsi, kasıb və ya imkanlı olması onları əsla maraqlandırmırdı. Onlar üçün ancaq xəstə vardı və bir də içdikləri Hippokrat andı. Xəstəxanalarda yüksək səviyyədə təminat-təchizat və dava-dərman da tam pulsuz. Dərmanların böyük əksəriyyəti yerli istehsal idi və qiymətləri də xeyli ucuz.
Əslində, Kubada heç xəstələnmək də mümkün deyildi və biz üç ildə bir dəfə də xəstələnmədik. Bakıda beş gündən bir anginadan əziyyət çəkən uşaqlarımız orada bütün günü soyuducudan, hətta buzxanadan nəsə götürüb yeyirdilər və ya içirdilər, bir dəfə də olsun boğazları ağrımadı, çünki, hava təmiz, su təmiz, ərzaqları təmiz, ən əsası, bütün xəstəliklərin bir nömrəli səbəbkarı olan stress də, demək olar ki, yox idi. Fırıldaq, oğurluq bilməzdilər, südə su qatmaz, marqarini kərə yağ adıyla satmazdılar, şəkərdən bal çəkməz, meyvə-tərəvəzi, qarpızı nitratla yükləməzdilər. Amma qızardılmış tərəvəz bananını çox sevər, pomidoru və limonu isə kal, yetişməmiş halda yeyərdilər. Bizim təəccüblü suallarımıza -“bəs, siz xiyarı niyə yetişməmiş, kal yeyirsiniz”, deyərdilər.

İnsanları hədsiz mehriban və şən idi, paxıllıqdan, kindən-küdurətdən, şərdən-böhtandan uzaq bu adamların sanki əsəblərini çıxarıb atmışdılar. Bir gün şəhərin içində sürücü əyləci basıb sərnişin dolu avtobusu qəflətən saxladı. Adamlar yerə və bir-birilərinin üstünə yıxıldılar, aləm qarışdı. Nə baş verdiyini dərhal anlamadıq. 
Ayağa durub üst-başımızı səliqəyə salanda bir nəfərin arabasını arxasınca çəkərək yolu keçdiyini gördük. Keçmək işarəsi olmayan yerdə avtobusun qəfil qabağına çıxmış bu adama sürücü əllərini yuxarı açıb gülümsəyərək: “ooo, komponyero?!”-yəni, təxminən, “ ay qardaş, sən nə edirsən?”- deməklə kifayətləndi. 
O adam avtobusdakılara, sərnişinlər də ona -“oola”- deyərək, əl elədilər və sürücüyə isə heç bir irad bildirmədilər. Məəttəl qalmışdım, sanki hamı belə bir durumdan çox məmnun idi. 
Belə bir vəziyyətdə biz özümüzü necə aparardıq, yəqin ki, hamımıza aydındır: sürücü o adama - “ay heyvan, hara girirsən?”, sərnişinlər bir-birilərinə -“düz-əməlli dur da, nə üstümə çıxırsan?” və hamısı birlikdə sürücüyə - “əə, adam kimi sür də, kartof daşıyırsan?”- kimi təhqiramiz ifadələr püskürərək, bir-birimizin əsəblərini korlayardıq. Belə misallardan çox çəkmək olar, amma keçək mövzumuza.

“Şirinlik” anlayışını təhqir bilən həkimlər...

Kubalı həkimlərın maaşı ölkə üzrə orta əməkhaqqından bir qədər yüksək olsa da, ümumiyyətlə, kubalılar kasıb yaşıyırdılar, əsas ərzaq mallarına limit vardı, amma hədsiz qürurlu idilər. Bizim “şirinlik” anlayışımızı onlar özlərinə təhqir bilirdilər. 
Mən inanmıram ki, son 30-35 ildə onların zəngin mənəviyyata söykənən bu xüsusiyyətləri zamanın mənfi təsirinə məruz qalıb dəyişmiş olsun. Elə olmasaydı bu gün 2000 kubalı həkim dünyanın 22 ölkəsində koronavirusla mübarizəyə dəvət olunmazdı. Başda ABŞ olmaqla, bütün Amerika qitəsi – Braziliya, Meksika, Peru, Çili, Kolumbiya, Argentina və s. ölkələr koranovirusla mübarizədə aciz qaldıqları halda, Kubada bu günə qədər 2650 yoluxma və cəmi 87 ölüm qeydə alınmazdı.

Eyni zamanda, xəbərlərdən məlumdur ki, Afrikada Ebola xəstəliyinə, İtaliyada koronavirusa qarşı mübarizədə kubalı həkimlər həmişə ön cərgədə olublar. Və ya digər faktlar: bir neçə il bundan qabaq öz ölkəsində ölüm ayağında olan məşhur Argentina futbolçusu Dieqo Maradonanı narkotik asılılıqdan kubalı həkimlər xilas etdi, 2001-ci il 11 sentyabr hadisələrində ciddi xəsarət almış Amerika yanğınsöndürənlərinin bir qismini məhz kubalı həkimlər təmənnasız müalicə etdilər. 
Başqa bir misal: xərçəng xəstəsi olan Venesuelanın keçmiş prezidenti Uqo Çavesi öz ölkəsinin deyil, məhz Kubanın həkimləri müalicə edərək ömrünü bir neçə il uzatdılar, yenə də, xərçəng xəstəliyindən əziyyət çəkən Fidel Kastronu 90 yaşa qədər yaşatdılar və s. bu kimi çoxlu fakt mövcuddur.
Lakin oxucuları belə misallarla yormaq istəməzdim, istənilən halda internet səhifələrində kifayət qədər bu kimi məlumatlara rast gəlmək mümkündür. Məni maraqlandıran sual isə məsələnin ölkəmizə aid olan tərəfidir.
Necə oldu ki, 30 ildə imkansız, ABŞ tərəfindən blokadaya alınmış və təhdidlərə məruz qalan Kuba dünyada ən qabaqcıl səhiyyə sistemlərindən birini, bəzi məlumatlara görə birincisini qurmağı bacardı, onunla müqayisədə imkanlı Azərbaycan 30 ildə bunu bacarmadı? 
Baxmayaraq ki, inqilabdan sonra 6 min həkimdən 3 mini ölkəni tərk etmişdi, qurulmuş düzgün siyasət sayəsində Kuba səhiyyəsi dünyada çox yüksək qiymətləndirilən bir səviyyəyə gəlib çatdı. 

İndi səhiyyə Kuba iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevrilib. Xaricə ixrac edilən Kuba məhsulları arasında tibbi avadanlıqlar və dərmanlar mühüm yer tutur, eləcə də kontraktla xaricdə işləyən kubalı həkimlər ölkəyə valyuta qismində milyardlarla gəlir gətirir. Bildirilir ki, hazırda Kubada 350 minlik tibbi heyət 11 milyonluq Kuba əhalisinə təmənnasız xidmət göstərir və 30 mindən çox kubalı tibb əməkdaşı dünyanın 59 ölkəsində işləyərək həmin ölkəyə və həm də öz vətənlərinə fayda verirlər.

Keyfiyyətli tibbi təhsil və ailə həkimi institutu

Kuba səhiyyə sisteminin uğurlarının əsasını keyfiyyətli tibbi təhsil və ailə həkimi institutu təşkil edir. Müəyyən bir ərazidə, təxminən 300-400 nəfərə hər gün tibbi xidmət göstərən ailə həkimi həmin insanların sağlamlıq durumlarını daim nəzarətdə saxlayır. Hər hansı bir dəyişiklik olarsa, dərhal ilkin müdaxilə edir, bacarmasa, poliklinikaya və ya xəstəxanaya yönləndirir. Yəni ki, bu sistemdə xəstəliyin müalicəsindən çox, onun profilaktikasına üstünlük verilir. Ona görə bu ölkədə körpə ölümü sayı dünyada ən aşağı, orta ömür isə ən yuxarı (78 il) rəqəmlərdəndir.

Kubada ailə həkimləri ilə bağlı şəxsən müşahidə edib gördüyüm bir məsələni də qeyd etmək istərdim. Aydındır ki, Kuba sosialist ölkəsidir və çox şey dövlətə məxsusdur, bu səbəbdən yer alıb xüsusi ev tikmək müşkül məsələ idi, amma bölgələrdə işləmək istəyən ailə həkimlərinə xüsusi güzəştlər mövcuddur. Məsələn, başqa yerdən gəlmiş gənc ailə həkiminə yaşamaq və işləmək üşün lazımı şəraiti olan ikimərtəbəli ev tikib verirdilər. Ailə həkimi birinci mərtəbədə xəstələri, daha doğrusu, ona aid ərazidə yaşayan sakinləri qəbul edir, ikinci mərtəbədə isə yaşayırdı. Dövlətlə bağlanmış müqaviləyə görə o, burada tam 5 il işləyəndən sonra həmin ev həkimin xüsusi mülkiyyətinə keçirdi. Bu prosesi üç il müddətində işlə əlaqədar yaşadığım Quaymaro şəhərində müşahidə edirdim və demək olar ki, hər gün səhərlər məhəlləmizin ailə həkiminin rəhbərliyi ilə küçədə yaşlı və qoca kubalıların necə həvəslə idman hərəkətləri etmələrini maraqla izləyirdim.
Düzdür, kubalı həkimlərin Bakıya gəlməsini mən də alqışlayıram, onların dünya tərəfindən qəbul edilən bu yüksək səviyyəsindən bəhrəlnmək lazımdır, necə deyərlər, dünya gör-götür dünyasıdır. Amma bir fakt var ki, bukünkü Kuba səhiyyəsini formalaşdıran həkimlər məhz ötən əsrin 60-80-ci illərində Sovet İttifaqında təhsil almağa göndərilən tələbələr olmuşdur. Yadımdadır, həmin illərdə Bakıda müxtəlif ixtisaslar, o cümlədən geologiya üzrə xeyli kubalı tələbə təhsil alırdı. Onların bir neçəsi ilə Kubada tanış oldum və əsas tərəf-müqabilim, Quaymaro geoloji briqadasının rəhbəri, BDU-nun geologiya fakültəsinin məzunu Alfredo Rodrigez onlardan biri idi. O, söyləyirdi ki, həmin vaxtlar Bakıda 700-ə yaxın kubalı tələbə təhsil alırdı və onların problemlərinin həlli üçün Bakıda hətta, müvəqqəti konsulluq xidməti də təşkil edilmişdi.

Hər il 100 tələbə Kubaya göndərilsin

Bunları deməkdə məqsədim məni narahat edən bir məqama diqqəti yönəltməkdən ibarətdir: əgər hazırkı iqtisadi imkanlarımızdan səmərəli istifadə edərək təhsil və səhiyyəmizdə dönüş etməsək, nəinki həkimləri, hətta bir vaxtlar öyrətdiyimiz geoloqları, melioratorları, energetikləri və s. peşə sahiblərinin nümayəndələrini də ölkəmizə dəvət etmək məcburiyyətində qalacağıq. Ona görə fürsətdən istifadə edərək, yeni təyin edilmiş təhsil nazirimizə uğurlar diləyir və təklif edərdim ki, beş il dalbadal hər il 100 tələbəni həkim ixtisaslarına yiyələnmək üçün dövlət hesabına Kubaya göndərsin. Əminəm ki, digər ölkələrlə müqayisədə bu variant iqtisadi cəhətdən və keyfiyyət baxımından daha sərfəli olacaq.

Hörmətli Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş xeyli sayda tibbi müəssisə - xəstəxana, poliklinuka və s. tikilib istifadəyə verilmişdir və səhiyyə sisteminin inkişafına hər il dövlət büdcəsindən milyonlarla manat vəsaiti sərf edilir. Bütün bunların müqabilində tibbi təhsilimizdə və səhiyyəmizdə işlərimizi elə səhmanlamalı, həkimlərimizə inamı o səviyyəyə çatdırmalıyıq ki, heç bir Azərbaycan vətəndaşı hər asqırıb-öskürəndə İrana, Türkiyəyə və ya Avropa ölkələrinə üz tutmasın və külli miqdarda vəsaitlərin ölkəmizdən kənara çıxmasına ehtiyac olmasın. Necə ki, kubalılar bu məqsədə nail olublar, deməli, onlardan öyrənəcəyimiz bəzi məqamlar var və öyrənmək heç vaxt ayıb sayılmaz.
Təbii ki, uzun illər bundan əvvəl yaxından tanıdığım bu kiçik, lakin cəsur və qürurlu Latın Amerikası ölkəsi haqqındakı təəsüratlarım 4-5 səhifəlik bir yazıya sığmaz, amma imkan olsa, gələn yazımda onların 60 ildir ki, dünyanın bir nömrəli super dövlətinin - ABŞ-ın beş addımlığında öz vətənlərini necə qoruduqları haqqında mülahizələrimi, bəlkə bizim indiki durumumuza faydası olar deyə, sizinlə bölüşmək istərdim.
Rəşid Fətəliyev
AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu, dosent 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.