"Yumşalmanın nəticəsi olaraq yoluxmanın yenidən artması mümkündür..." - OPERATİV QƏRARGAHDA BRİFİNQ, YENİLƏNİB

8-08-2020, 13:30   


Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Virtualaz.org xəbər verir kı, budəfəki brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profiaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva iştirak edirlər.
Baş nazir iclas keçirəcək
Ş.Mövsümov məhdudiyyətlərin ləğvi ilə bağı məlumat verib.  Bildirib ki, məhdudiyyətlər tədricən həyata keçirilir. Bu addımların həyata keçirilməsi bir çox ölkələrin təcrübəsinə uyğundur. Açılma nəticəsində virusa yoluxma riski artır. Bu bütün ölkələrdə narahatlıq doğurur. Buna görə də Azərbaycanda yumşalmalara addım-addım gedəcəyik: “Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısımı almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu hər birimizdən asılıdır. Qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulan qaydalara nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq”.
Ş.Mövsümov deyib ki,  bu gün Baş nazirin başçılığı ilə  iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıq veriləcək.
“Hər birimiz karantin rejimindən yorulmuşuq”
 Yaqut Qarayeva isə deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir sutkada  278 291 nəfər yoluxub, 6 min 815 nəfər ölüb. Dünən Azərbaycan üzrə statistika pozitiv olub. Təəssüf ki, 4 nəfər vəfat edib. Hər gün yoluxanların sayı sağalanların sayından az olur.
Y.Qarayeva əlavə edib ki, bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq: “Bəzi qapalı məkanlar açılır. Qapalı yerlərdə qaydalara ciddi riayət etməliyik. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istqiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir. Hər birimiz karantin rejimindən yorulmuşuq”.
Açıq havadakı kafe və restoranlar açıla bilər, amma... 
Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.
Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.
“İistəmirik insanları evə qapadaq, ancaq...”
Tədbirdə insanların kütləvi topanması ilə bağlı görüntülər nümayiş olunub. Şahmar Mövsümov bildirib ki, hələ kafelər, restoranlar, bütün mağazalar açılmayıb. Amma çox sayda insanın kütləvi şəkildə karantin qaydalarına əməl etmədən küçələrə axışmasını müşahidə edirik. Burada artıq hökuməti günahlandırmaq olmaz. “Biz istəmirik insanları evə qapadaq. Ancaq qaydalara əməl edilməsə, yoluxmaların sayı kütləvi artacaq. Ona görə hamıdan xahiş edirəm ki, mümkün qədər kütləvi yığışmalardan çəkinək, məsafə saxlayaq, maska taxaq”.
Daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır
İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf  isə bildirib ki, hökumət biznes fəaliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür. Bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparılır. “Biz sahibkar- dövlət-vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik. Yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır. Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”,-o deyib.
Tədrislə bağlı bütün suallara növbəti brifinqdə aydınlıq gətiriləcək
Bunu Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır. Məktəblərin açılması ilə bağlı hökumət həftələrdir müzakirə aparır: “Biz dünya təcrübəsinə də baxırıq, amma hazır bir resept yoxdur. Bu sahədə vəziyyət çox ciddi və dinamikdir. Çünki bugünkü statistikaya görə qərar veririk, növbəti həftə yoluxma sayı arta bilir”.
Naxçıvana təyyarə reyslərinin artırılması...
Şahmar Mövsümov deyib ki, Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbul ediləcək. Onun sözlərinə görə, rayonlara açılış baş verəndə beynəlxalq uçular da müvafiq istiqamətlərdə bərpa ediləcək. Hələ heç bir ölkə ilə sərhədlərimizi açmamışıq.
Toylarla bağlı hələ qərar sonra veriləcək
İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib ki, sahibkarlarla mütəmadi görüşlər keçirilir. Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. “Toylarda adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu barədə qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”,-Rövşən Nəcəf əlavə edib.
Xaricdən dəvət olunan həkilmlər...
Yaqut Qarayeva xaricdən gələn həkimlərlə bağlı sualları cavablandırıb. Bildirib ki, hazırda Çindən və İtaliyadan Azərbaycana işçi qruplar gəlib. Onlarla sıx əməkdaşlıq edilir. Yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır: “Onlayn rejimdə postsovet ölkələrinin həkimləri ilə də müzakirə aparılır. Bu xəstəliklə bağlı təcrübəsi daha çox ölkələrin mütəxəssislərini dəvət edirik və təcrübə mübadiləsi aparırıq”.
Y.Qarayevanın sözlərinə görə, həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir. Çindən və İtaliyadan gələn mütəxəssislər ən çox xəstə qəbul edən xəstəxanaların həkimləridir. Onlar bizim həkimlərə və təşkilati işlərdə çalışanlara ciddi köməklik göstərirlər.
Ülviyyə Xudiyeva
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.