“Təkcə Rusiyada azı 700 min Azərbaycan vətəndaşı yaşayıb-çalışır. Prezident Ilham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edib ki, dünyadakı 50 milyon azərbaycanlının hər birinin prezidenti olacaq. Biz də ölkə prezidentinin bu fikirlərini bəyənir, müsbət qiymətləndiririk. Məhz buna görə də xarici ölkələrdə yaşayan azərbaycanlıların öz doğma vətənlərinə maneəsiz gedib-gəlmələri üçün ikili vətəndaşlıq haqqında qanunun qəbulunu səbirsizliklə gözləyirik”.
Bu sözləri millət vəkili Ilyas Ismayılov iki il öncə - 2012-ci ildə parlamentdə səsləndirib. O çıxışında millət vəkili hələ 2007-ci ildən parlamentə təqdim etdiyi “Ikili Vətəndaşlıq haqqında” Qanuna baxılmamasından şikayətlənib. Ilyas Ismayılov özəlliklə bunu da vurğulayıb ki, xaricdə yaşayan yüz minlərlə azərbaycanlı bu qanunun qəbulunu və ikili vətəndaşlıq hüququ əldə edəcəkləri günü səbirsizliklə gözləyir.
Bu çıxışdan iki il sonra - 2014-cü ildə xarici ölkə vətəndaşlığını qəbul edən azərbaycanlıların məsələsi yenidən parlamentdə qaldırılır. Və... Azərbaycan parlamenti nəinki ikili vətəndaşlığı tanıyan, əksinə, xarici ölkə vətəndaşlığını qəbul edənlərin Azərbaycan vətəndaşlığını itirməsini nəzərdə tutan dəyişikliklər edir. Söhbət “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Qanuna əlavə və dəyişikliklərdən gedir.
Yeni qanundan sonra narahatlıq...
Akif Əliyev 9 ildir Polşanın vətəndaşıdır. O, sözügedən yeni əlavə və dəyişikliklərdən narahatdır. Akif Avropada magistr təhsili alıb. Polşalı tələbə yoldaşı ilə evlənib və oraya köçüb. Artıq 10 ildir ki, Polşada yaşayır: “Düzü, Azərbaycandan ötrü çox darıxıram. Yaş ötdükcə insan öz vətəninə daha çox bağlanır. Amma indi iki azyaşlı uşağım var. Ailəmi dolandırmaq üçün buradakı işimi atıb Azərbaycana qayıda bilmirəm. Maddi durumum düzələndən sonra öz vətənimə qayıdacağam. Bilmirəm bu nə qədər vaxt çəkər - 5 il, ya 10 il. Əvvəl-axır, qayıdacağam öz vətənimə - Azərbaycana. Anam da qocalır, onun yanında olmağı istəyirəm. Amma ”Vətəndaşlıq haqqında" Qanuna son dəyişikliklərdən çox narahatam. Təkcə Avropada xeyli tanış həmyerlilərim var. Hamısı narahatdır, təşvişə düşüb. Bilinən bircə odur ki, xarici ölkə vətəndaşlığını qəbul edənlər bir ay müddətində Azərbaycanın miqrasiya xidmətini məlumatlandırmalıdırlar. Amma bundan sonra biz Azərbaycan vətəndaşlığından çıxarılacağıq, ya necə? - bax, bunlar məlum deyil. Bu qanun minlərlə vətəndaşa şamil olunacaqsa, ən azı, ictimaiyyətə doğru-dürüst məlumat verməlidirlər. Hərənin ağzından bir avaz eşidilir".
Nə dəyişib, necə dəyişib?
Bəs, “Vətəndaşlıq haqqında” Qanuna əlavə və dəyişikliklərdən sonra nə dəyişib və necə dəyişib?
Birincisi, əvvəllər şəxsiyyət vəsiqəsini yerli polis şöbələri verirdisə, bundan sonra onu almaq istəyənlər Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Miqrasiya Xidməti onlara Azərbaycan Respublikasının vətəndaş olmalarına dair arayış təqdim edərsə, şəxsiyyət vəsiqəsi almaqda problem yaşanmayacaq.
Ikinci dəyişiklik odur ki, əvvəllər Azərbaycan Respublikasının vətəndaşlığını 3 sənəd - doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və ümummilli pasport təsdiqləyirdisə, yeni dəyişikliklərdən sonra doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiqləyən sənədlər arasından çıxarılır.
Növbəti və ən çox mübahisə doğuran bir dəyişiklik də odur ki, əvvəllər Azərbaycanda doğulan hər bir şəxs bu ölkənin vətəndaşı sayılırdısa, indən belə durum dəyişir. Yəni Azərbaycanda doğulan, amma valideynlərindən ikisi əcnəbidirsə və ya biri əcnəbi, digəri vətəndaşlığı olmayan şəxsdirsə, doğulan uşaq Azərbaycan vətəndaşı hesab edilməyəcək. Burada Azərbaycan Konstitusiyası ilə ziddiyyət yaranır, çünki Konstitusiyaya görə, Azərbaycanda doğulan hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır.
“Vətəndaşlıq haqqında” Qanunun 18-ci maddəsinə - Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi maddəsinə əlavə və dəyişikliklərdən bu hallar vətəndaşlığın itirilməsinə əsas yarada bilər:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Qanuna dəyişiklik konstitusiyaya ziddir...
Əlavə və dəyişikliklər həm iki ölkənin vətəndaşı olan azərbaycanlıların, həm də hüquqçuların narazılıq və etirazını doğurub.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışın fikrincə, əlavə və dəyişikliklər vətəndaşları dolaşığa salmaqla, ciddi problemlər yaratmaqla yanaşı, üstəlik, onlara qarşı cinayət məsuliyyəti nəzərdə tutur. Bu, Azərbaycan Konstitusiyasına ziddir: “Əvvəla, qanunun 6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin vətəndaşlığı təsdiqləyən sənəd olması) ləğvi əsaslandırılmalıdır. Axı təcrübəsini öyrəndiyimiz bütün ölkələrin qanunvericiliyində doğum haqqında şəhadətnamə uşağın vətəndaşlığını təsdiqləyən sənəd kimi göstərilir. Vətəndaşlığı təsdiqləyən sənədlər siyahısından doğum haqqında şəhadətnamənin çıxarılması məntiqə və hüquqa söykənmir. Bu bənd ləğv edilərsə, şəxsiyyət vəsiqəsi verən bütün polis və ASAN xidmət əməkdaşları xaricdə doğulan və ya valideynlərindən biri əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyəti haqqında Dövlət Miqrasiya Xidmətindən arayış tələb edəcəklər. Bu da öz növbəsində məmur özbaşınalığını artıracaq, Miqrasiya Xidməti önündə növbə yaradacaq. Süründürməçilik də öz yerində. Söhbət, azı, 300 min ailənin zərər çəkməsindən gedir. Bundan başqa, qanunun 10-cu maddəsinə artırılan ”xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir" vəzifəsinin vətəndaşın üzərinə qoyulması yolverilməzdir. Üstəlik, belə məlumatı verməyən şəxslərə qarşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Bəlkə kimsə bu qanundan xəbər tutmayıb və məlumat verməyib? Bu üzdən həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi heç bir məntiqə sığmır".
Əlavə və dəyişikliklərin sadə izahı...
Müzəffər Baxışın fikrincə, vətəndaşlığın itirilməsi maddəsinə əlavələrin arxasında özəlliklə siyasi məqsəd dayanır. Əvvəla, bu dəyişiklik Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, “Normativ Hüquqi Aktlar haqqında” Konstitusiya Qanununa tam ziddir və xüsusi siyasi məqsədlərə hesablanıb.
Hüquqçu fikirlərinin təsdiqi kimi diqqəti bir neçə nüansa ? incə məqama yönəldir: “Vətəndaşlığın itirilməsi əsaslarından birincisi - Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, əslində, vətəndaşlıq haqda qanunla deyil, şəxsin vətəndaşlığını qəbul etdiyi ölkənin qanunu ilə tənzimlənməlidir. Məsələn, Almaniya və ya Rusiya Federasiyası o şəxsi vətəndaşlığa qəbul edir ki, həmin şəxs öz ölkəsinin vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim etmiş olsun. Həm də həmin sənədə öz ölkəsinin vətəndaşlığından könüllü çıxdığı da göstərilir. Gürcüstan öz vətəndaşı qarşısında belə şərtlər qoyan dövlətlərlə xüsusi razılıq əldə edib ki, onlar belə seçimlə üzləşməsinlər. Azərbaycan dövləti isə nə edir? Məcburiyyət qarşısında qalıb öz ölkəsinin vətəndaşlığından çıxanları Azərbaycan vətəndaşlığından qanunla çıxarır”.
Keçək növbəti - vətəndaşlığın itirilməsinə yol açan ikinci bəndə. Həmin bənddə deyilir: “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könülü xidmət etməsi” vətəndaşlığın itirilməsinə əsasdır.
Müzəffər Baxış bildirir ki, əvvəla, bu bənd də Konstitusiyanın 53-cü maddəsinə ziddir. Həmin maddənin 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz: “Qeyd olunan hal, əslində, nəticəyə görə vətəndaşlıqdan məhrumetmədir. Eyni zamanda bu bənd Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, konkret olaraq, ”Vətəndaşsızlığın azaldılması haqqında" BMT konvensiyasına ziddir. Bu bəndin qanuna əlavə edilməsi xaricdə yaşayan minlərlə Azərbaycan vətəndaşının yaşadığı ölkələrə inteqrasiyasını zəiflədəcək və onsuz da zəif diaspor fəaliyyətinə mənfi təsir göstərəcək. Bir çox ölkələr, əksinə, öz vətəndaşlarının xarici dövlətlərdə təmsilində maraqlı olduqları halda, Azərbaycan dövlətinin qanuna belə bir dəyişikliyi anlaşılan deyil".
Sıra gəldi 18-ci maddənin 3-cü bəndinə. Həmin bəndə deyilir: “Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” vətəndaşlığının itirilməsinə səbəbdir.
Müzəffər Baxış bu bəndi açıqlayarkən, ilk öncə “dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış”ın nəyi nəzərdə tutmasının aydınlaşdırılmasına ehtiyac duyulduğunu vurğulayır. Ardınca da bildirir ki, özəlliklə 3-cü bənd heç bir məntiqə sığmadığından ciddi mübahisə və xeyli sual doğurur: “Əvvəla, onu deyim ki, bu qanun, özəlliklə bu bənd müasir təfəkkürə ziddir və keçmiş sovet qanunlarına qayıdışdır. Ümumiyyətlə, ”təhlükəsizliyə ciddi zərər vuran davranış" nə deməkdir? Qeyri-müəyyən bir anlayışı qanuna salmaq xeyli suallar doğurur.
“Bu bənd, bəlkə də, kimlərəsə qarşı istifadə üçündür. Konkret olaraq ”dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış" deyərkən, nəyin nəzərdə tutulduğu bilinmirsə, siyasi hakimiyyət istədiyi zaman bu normanı tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmaması üçün hər hansı şəxsi bu əsasla vətəndaşlıqdan çıxaracaq".
BMT-nin konvensiyasında yazılanlar və qanuna dəyişikliklər...
Yuxarıdakı bəndlərin BMT-nin “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına dayanaraq artırıldığı qeyd edilir. Miqrasiya məsələləri üzrə ixtisaslaşan hüquqşünas Asima Nəsirlinin fikrincə, ümumiyyətlə, bu qanuna dəyişikliklər, üstəlik, bu qanunun BMT-nin Konvensiyası ilə əsaslandırılması onu göstərir ki, deputatlar nəyi və niyə dəyişdiklərini bilmirlər: “Axı ”Vətəndaşsızlıq hallarının azaldılması haqqında" 1961-ci il Konvensiyasının məqsədi vətəndaşsızlıq halının qarşısını almaqdır. Yeni qanuna görə isə, Azərbaycan ərazisində doğulan, amma valideynləri əcnəbi olan uşaqlara vətəndaşlıq verilmir. Başqa sözlə, Konvensiyaya zidd vətəndaşsızlığın qarşısı alınmaq əvəzinə, vətəndaşsızlığa yol açılır. Bir təsəvvür edin, görün, Gürcüstandan olan nə qədər həmyerlimiz Azərbaycanda qeydiyyatsız yaşayır. Azərbaycan vətəndaşlığı ala bilməmələri problemi bir yana, yeni qanundan sonra heç onların uşaqlarına da vətəndaşlıq verilməyəcək. Halbuki BMT Konvensiyası dövlətlər arasında yarana biləcək vətəndaşsızlıq problemlərinin çözüm yollarını təklif edir və Konvensiyanı imzalayan dövlətlərə vətəndaşsızlıq problemi yarada biləcək halların qarşısını almağı tövsiyə edir. Layihə müəllifləri qanunvericiliyi sözügedən Konvensiyaya uyğunlaşdırmaqdansa, qanuna Konvensiyaya uyğun olmayan daha mürtəce normalar təklif edib".
Iki dövlətin vətəndaşlığını qəbul edənlərin vətəndaşlığını itirməsinə gəlincə, Konvensiyaya görə, vətəndaşlığın itirilməsi azı 7 il fasiləsiz ikinci ölkədə yaşayan vətəndaşlara şamil edilir.
Asima Nəsirli düşünür ki, qanuna yeni dəyişikliklərdən sonra hər hansı problemlə üzləşənlər məhkəməyə üz tuta bilərlər. Yerli instansiyalarda olmasa da, Avropa Məhkəməsində onların iddiaları təmin ediləcək. Çünki yeni qanuna əlavə və dəyişikliklər Azərbaycanın Konstitusiyasına birbaşa ziddir. Yeni qanunların qəbulu, əlavə və dəyişikliklər heç bir halda Azərbaycan Konstitusiyasına və ölkənin qoşulduğu beynəlxalq konvensiyalara zidd ola bilməz.
Mayın 30-da Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edib.
Qanun layihəsini parlamentə təqdim edən deputat Əli Hüseynov bildirib ki, əlavə və dəyişikliklər qanundakı boşluqları doldurmaq məqsədi daşıyır: “”Vətəndaşlıq haqqında" Qanunda Azərbaycan vətəndaşlığından çıxarılma halları göstərilsə də, itirilmə halları yox idi. Əlavə və dəyişikliklərdən sonra yeni qanunda bu hallar da göstəriləcək".
Son ümid yeri: yenidən Azərbaycan vətəndaşlığı almaq
Doqquz ildir Rusiyada yaşayan 36 yaşlı Cavid Heydərov qanuna son dəyişikliklərdən sonra ümidini itirib. O, 2007-ci ildə Rusiya vətəndaşlığını qəbul edib. Deyir ki, Rusiya vətəndaşlığına qəbul üçün tələb olunan sənədlərdən biri də öz ölkəsinin vətəndaşlığından çıxması haqda könüllü arayışdır. Cavid Heydərov ümid edirmiş ki, Azərbaycanda ikili vətəndaşlıq haqda qanun, eləcə də Rusiya ilə qarşılılıqlı sazişlər qəbul olunacaq və bununla da xaricdə, özəlliklə Rusiyada yaşayanların vəziyyəti asanlaşacaq:
“Mən məcburiyyətdən Rusiyada yaşamalı olmuşam. Azərbaycanda aldığım əməkhaqqı ilə ailəmi dolandıra bilmirdim. Bir az maddi vəziyyətim düzələndən sonra öz ölkəmə qayıdacağam. Tək çıxış yolum - Azərbaycana qayıtmaq haqda qəti qərar verəndən sonra Azərbaycan vətəndaşlığı almaq üçün müraciət etməkdir. Düşünürəm ki, yenidən vətəndaşlıq almağım problem olmayacaq. Azərbaycanda qohum və yaxınlarım, əmlakım var. Hər halda inanıram ki, yenidən öz ölkəmin vətəndaşlığını alacağam. Bəziləri bu prosesin çətinləşdirildiyini, süründürməçilik olduğunu bildirir. Deyir, nə bilim, bank hesabında azı 100 min manat olmalıdır və s. və i.a. Həqiqətən belədirsə, nə edəcəyimi bilmirəm”.
Cavid Heydərov ailəsi ilə birgə Rusiyada yaşayır. Özü Rusiyada, arvad-uşağı Azərbaycanda olan yüzlərlə ailə də var. Hüquqşünas Müzəffər Baxış sonuncu məqamı da nəzərə alaraq bildirir ki, “Vətəndaşlıq haqqında” Qanuna son dəyişikliklər Azərbaycanda ailələrin dağılmasına, sənədsizlərin, eləcə də vətəndaşlığı olmayanların sayca artmasına yol açacaq. Üstəlik, xarici ölkələrə inteqrasiya, diaspor fəaliyyətinə mənfi təsir edəcək, məmur özbaşınalığı artacaq: “Bu qanuna əlavə və dəyişikliklər, azı, bir milyon insanın vəziyyətini ağırlaşdıracaq”.
Nüşabə Fətullayeva, “Azadlıq” radiosu