İradə Gülməmmədovanın rüşvət şəbəkəsi - Həbs edilən baş memarın qardaşından sensasion açıqlamalar

13-08-2020, 10:20   


23 iyun 2020-ci ildə  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan  Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin qardaşı Cəlalov Tofiq Ələs oğlu Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edib. ANAXEBER.info bildirir ki, Tofiq Cəlalov müraciətin bir r nüsxəsini də MillətinSəsi.info-nun redaksiyasına göndərib. Həmin müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq: Hörmətli cənab Prezident, İzn verin, ilk öncə dəyərli vaxtınızı alaraq verdiyim zəhmətə görə üzrxahlıq edim və bildirim ki, Sizin xalqımızın dünəni, bu günü və sabahı üçün gördüyünüz işləriniz heç bir ölçüyə sığmır. Prezidentliyiniz illərində minlərlə məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və xüsusi təyinatlı sosial obyektlər tikilib xalqın istifadəsinə verilmişdir. Siz uzaqgörən dövlət xadimi, siyasətçi və savadlı aparat rəhbəri kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək, millətimizin əmin-arxayın və ictimai-siyasi sabitlik şəraitində yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz. Son 15 il ərzində təkcə paytaxt Bakı deyil, ucqar bölgələr də öz simasını dəyişmiş, müasirləşmişdir, Siz cənab Prezident, Avropanın ən mütərəqqi yeniliklərini məmləkətimizə gətirir və uğurla tətbiq edirsiniz. Zati-aliləri, bütün xalqımız televiziya məkanında sadəlik nümunəsi göstərərək dəfələrlə özünüzü xalqın xidmətçisi elan etməyinizin canlı şahididir. Sizin qəlbiniz sanki qürub yaratmaq və xalqımıza xidmət etmək eşqi ilə döyünür. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, kreslonuzda oturub əlinizlə çörək yeyən bir çox dövlət məmurları siyasətinizə müqavimət göstərir, ölkədə çaxnaşma salmağa, narazıların sayını artırmağa və sosial gərginlik yaratmağa çalışır, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək talançılıqla və rüşvətxorluqla məşğul olurlar. Dediklərimə nümunə olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanı göstərmək olar. Bütün rayon ictimaiyyəti bilir ki, İradə xanım 5 ildən artıqdır ki, doğma qardaşı Rövşəni, bacısı oğlu Babəki, yaxın qohumları Şamili, Cəfəri ətrafına toplayıb onların vasitəsi ilə rüşvətxorluqla məşğuldur. O, Abşeron rayonuna gəlir gətirən yağlı obyekt kimi baxır, onun fəaliyyəti başçıdan çox makleri xatırladır. Bir sözlə bu gün Abşeron İcra Hakimiyyəti “vosmoyun bazarı” təsirini bəxş edir. Bu ilin iyun ayında daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətləri araşdırılarkən müraciətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, Abşeron rayonunun İcra Başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar. Deyilənləri təsdiq etmək üçün onlarla insan iş aparan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən qardaşının yaxın qohumlarının üzünə dirənməyə hazır olduqlarını bildirsələr də müstəntiq onları dindirməmiş, onlardan izahat alıb rəsmiləşdirməmişdir. İcra başçısı İradə Gülməmmədova vəziyyətin dramatik hal aldığını, özünün qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək rayonun baş memarı Akif Əliyevlə danışıqlar aparmaq məcburiyyətində qalır. Başçı baş memardan təkidlə xahiş edir ki, əgər mən həbs edilsəm sizlər də kütləvi şəkildə həbs olunacaqsınız. Lakin sən mənə qarşı irəli sürülən ittihamları öz öhdənə götürüb tutulsan, mən səni 10 gün müddətinə azadlığa çıxara bilərəm. Hörmətli cənab Prezident, İcra başçısı İradə Gülməmmədovanın hiyləsi və ssenarisi ilə həbs edilən Akif Əliyev mənim qardaşımdır. Əgər onun zərrə qədər təqsiri olsaydı mən dəyərli vaxtınızı alıb Sizə zəhmət verməzdim. Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, onun həbsinin heç bir hüquqi əsası yoxdur. O, İradə Gülməmmədovanın əvəzindən tutulub. Akif Əliyevin memar olaraq neçə illərdir ki, bütün səlahiyyətləri o cümlədən möhürü, ştampı da əlindən alınmışdı. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, Qardaşım Akifin sifarişlə haqsız tutulmasına dözə bilməyən bacımız (ailəsinin razılıqı olmadığına görə xamımın adını qeyd etmirik-red.) bu ilin iyul ayının ortalarında Maştağada öz evində intihar etmişdir. Hörmətli cənab Prezident, Bu məktubu xüsusi nəzarətə götürməyinizi, Akif Əliyevə qarşı irəli sürülən ittihamların yenidən araşdırılmasına və ədalətli qərar çıxarılmasına göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm. Ümidvaram ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi bizdən də əsirgəməyəcəksiniz. Zati aliləri, işi aparan müstəntiqin qanunazidd əməllərini cəsarətlə hallandırdığıma görə gələcəkdə mən, övladlarım və doğmalarım müstəntiqin təqiblərinə və təzyiqlərinə məruz qalarıqsa bu zaman bütün məsulioyyət və cavabdehlik müstəntiqin üzərində qalacaqdır. Hörmətli cənab Prezident, Qoy, Ulu Yaradanımız Sizi daim hifz etsin, öz mübarək əlləri ilə həyat yollarınıza, siyasi fəaliyyətinizə çıraq tutsun, Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin - Amin! Səmimi hörmətlə: Cəlalov Tofiq Ələs oğlu" Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.