İlham Əliyevin Putinə zəngi: "İlk dəfədir ki, bu cür narazı ton hiss olunur"
14-08-2020, 16:39
Azərbaycan Rusiyadan Ermənistana "hərbi təyinatlı" yüklərin daşınması ilə bağlı öz narazlığını bildirib. Prezident xidmətinin məlumatına görə, bu mövzu Azərbaycan və Rusiya liderlərinin bu həftə baş tutan telefon söhbətində müzakirə olunub. Prezident İlham Əliyev "Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır," - telefon danışıqlarının ertəsi gün, avqustun 13-də, yayılan rəsmi bəyanatda deyilir.
Təhlilçilərə görə, nadir haldır ki, İlham Əliyev Vladimir Putinlə danışarkən Rusiyanın Ermənistana hərbi yardımını sual altına alır və bu barədə danışır və yaxud belə bir danışıq ictimaiyyətə açıqlanır. Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva hesab edir ki, son açıqlamanı Azərbaycanın xarici və daxili siyasətinin geniş kontekstində izah etmək lazımdır.
"Narazı ton"
"Bu bəyanat o vaxt səslənir ki, Azərbaycanla Türkiyə arasında misli görünməyən dərəcədə hərbi yaxınlaşma baş verir. Cəmiyyətdə də belə bir əhval-ruhiyyə var. Biz eşidirik ki, təkliflər gəlir, Türkiyənin Azərbaycanda daha ciddi mövcud olması tələb olunur. Əliyev Putinə loyallığını göstərməli idi, Lukaşenkoya dəstək verməklə. O biri tərəfdən Türkiyəyə də öz loyallığını göstərdi. Onun son bəyanatını belə geniş kontekstdə qavramaq lazımdır, " - BBC News Azərbaycancaya danışan Leyla Əliyeva deyib. Təhliçinin sözlərinə görə, Azərbaycanın xarici siyasəti indiyədək aparıcı oyunçular arasında balans saxlamaq prinsipinə əsaslanıb və ola bilsin ki, sərhəddə baş verən son toqquşmaların ardınca artıq əvvəlki status-kvonu gözləmək çətinləşib. "Bundan əvvəl Azərbaycan Rusiyanı nisbətən razı sala bilirdi. Amma indi Qarabağ məsələsində ortaya çox ciddi bir məqam çıxdı. Yəni status-kvonun davam etməsi artıq təhlükəli olur. İlham Əliyev gördü ki, nə qədər adam çıxdı küçələrə və bunun da təhlükəli olduğunu hiss elədi", - Leyla Əliyeva deyir. BBC News Azərbaycancanın söhbət etdiyi təhlilçilər razılaşır ki, açıqlamanın "narazı tonu" iki ölkə arasında yaşanan ciddi problemlərin əlamətidir. "İlk dəfədir ki, telefon danışıqları barədə açıqlamada bu cür narazı ton hiss olunur", - politoloq Şahin Cəfərli deyir.
"Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır," - prezident.az saytında yayılan məlumatda deyilir. Azərbaycanın Rusiyadan istədiyi cavabı alıb-almadığı barədə məlumat verilimir. Amma aydın olan odur ki, son açıqlama Bakının seçim qarşısında olduğunu göstərir, Şahin Cəfərov belə hesab edir. "Rəsmi Bakı artıq seçim qarşısındadır və balans siyasətindən imtinasının mümkün nəticələrini sanki nəzərdən keçirir. Azərbaycan prezidentinin Rusiya prezidentinə zəng edib sərt mövqeyi ortaya qoyduğu gün Türkiyə hərbi rəhbərliyinin Bakıda olması faktı da diqqətdən yayınmamalı vacib detaldır." Şahin Cəfərliyə əsasən, Moskva ilə münasibətlərdə problemin yaşandığı nəzərə çarpsa da, onun konkret olaraq nədən ibarət olduğu məlum deyil.
Rusiya-Azərbaycan arasında soyuqluğun səbəbləri nədir?
"Hazırda Azərbaycanla-Rusiya arasında soyuqluğun sırf Qarabağla bağlı olduğunu bilmirik. Onu qeyd etmək olar ki, Rusiya Azərbaycanı həmişə öz inteqrasiya layihələrində görmək istəyir. Bunu versiya kimi qeyd edə bilərik. Azərbaycan Moskvanın tələblərini indiyədək qəbul etməyib və belə görünür ki, hal-hazırda da qəbul etmək istəyir. Problemlərin səbəblərindən biri də bu məsələ ilə əlaqədar ola bilər. Türkiyə ilə münasibətlərin dərinləşməsinə səbəb də budur ki, Azərbaycan regionda Rusiyanın neqativ təsirlərini tarazlaşdırmaq istəyir."
Prezidentlərin telefon söhbəti haqqında Rusiya və Azərbaycan tərəfinin yaydığı bəyanatda həmçinin deyilir ki, İlham Əliyev Vladimir Putini koronavirusa qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etmişdir. Kremlin.ru saytında bu məqam bəyanatın ortalarında qeyd olunursa, Azərbaycanın açıqlamasında müvafiq hissə mətnin sonunda verilib. Bu məqama özü özlüyündə nədən xəbər verir? BBC News Azərbaycanca bu sualla Şahin Cəfərliyə müraciət edib. "Azərbaycan tərəfinin açıqlamasında ən önəmli məqam qabardılıb. Bu onun əlamətidir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərdə yaranmış problemləri artıq gizlətmək istəmir. Burada daxili ictimaiyyətə mesaj var kı, biz ölkəmizin milli maraqlarını müdafiə edirik. Eyni zamanda dünyaya da bir mesaj var ki, Azərbaycan Qarabağ məsələsində çox həssasdır və Ermənistana yardım edən onu silahla təchiz edən ölkələrlə münasibətlər pisləşəcək". Azərbaycan-Ermənistan sərhədində iyulun 12-də başlayan və 5 gün davam edən döyüşlərə görə hər iki tərəf bir-birini ittiham edir. Bu toqquşmalar zamanı Azərbaycan biri general olmaqla 10-dan çox hərbçisini və bir mülki şəxsini, Ermənistan isə 5 hərbçisini itirib.