Belarus prezidenti Aleksandr Lukaşenko kömək üçün RF prezidenti Vladimir Putinə müraciət etmək niyyətindədir.
Bu barədə o, Minskdə keçirilən bugünki mətbuat konfransında bildirib. Xəbəri BELTA agentliyi yayıb.
Lukaşenko Putindən nə xahiş etmək istədiyini konkret olaraq açıqlamasa da, onun sözlərindən güc dəstəyi xahiş etmək qərarı sezilir.
“Nə baş verdiyini görürük. Bizi dinc aksiyalar və nümayişlərlə aldatmağa çalışmaq lazım deyil. Biz dərinlikdə nə baş verdiyini görürük. Bunu çox yaxşı görürük. Həm də, biz axı rəngli inqilabların metodikasını oxumuşuq. Bundan başqa, rəngli inqilabların metodikalarında (bu xüsusiyyət haqqında bu gün Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində danışacağıq) artıq xarici müdaxilə elementləri özünü göstərib”, deyə Lukaşenko bildirib.
“Yəni, faktiki olaraq, ssenari üzrə Belarusa qarşı təcavüz başlayır. Putinlə, Rusiya prezidenti ilə əlaqə saxlamaq lazımdır, onunla indi danışıqlar aparmalıyam. Çünki bu, artıq təkcə Belarus üçün təhlükə deyil. Bilirsiniz, bəzi Rusiya vətəndaşları, gördüyüm qədər, çox ağıllıdırlar, Belarus belədir, elədir, deyə qışqırmağa başlayırlar... Demək istəyirəm ki, bu gün Belarusun müdafiəsi ən az bizim hamımızın məkanının, İttifaq dövlətinin müdafiəsi və başqaları üçün nümunədir. Belaruslar davam gətirməsə, bu dalğa oraya sıçrayacaq. Buna görə bizdən belə yapışıblar”, deyə Prezident qeyd edib.
Avqustun 9-da keçirilən prezident seçkiləri ərəfəsində Lukaşenko Rusiyanı açıq-aşkar ölkənin daxili işlərinə müdaxilədə və onun rejimini devirmək cəhdində ittiham etmişdi. -0-
Bakı/15.08.20/Turan: