Generalın işdən çıxarılmasının sensasion səbəbi - 100 min rüşvət alması ilə bağlı səs yazısı var

17-08-2020, 09:40   



 Nurəddin Mustafayevin işdən çıxarılması haqda ilginc iddialar var. Vəkillərdən biri generalın 100 min manat rüşvət tələb etdiyi üçün işdən çıxarıldığını deyir. Hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.
Musavat.com xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.
Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin bu əmri olduqca maraqlı və gözlənilməz qərar kimi şərh edilib.
Ədliyyə Nazirliyi isə generalın işdən çıxarılmasını belə şərh edib:
“Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.
Geniş müzakirələrə səbəb olan əmrin ardınca vəkil Adəm Məmmədovun sensasion açıqlaması gündəm olub.

Adəm Məmmədov
Vəkil generalın işdən çıxarılmasının səbəbləri ilə bağlı qeyd etdiyi fikirlərlə geniş müzakirə mövzusu açıb. Adəm Məmmədov bildirib ki, general 100 min manat rüşvət tələb edib. Hətta həmin məbləği alsa da, qarşılığında vəd etdiyi işi görməyib.
Adəm Məmmədov deyib ki, yaxından tanıdığı İsmayıl Kəngərli adlı vəkil general Nurəddin Mustafayevlə danışıqlar aparıb və bu danışıqları qeydə alıb.
Bu işdə qalamqallı iş adamı “Hafka” ləqəbli Hafiz Məmmədovun da adı keçir.
Adəm Məmmədov bildirir ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb.
Adəm Məmmədov deyir: “Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”.
Adəm Məmmədov qeyd edir ki, həmkarı İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorunun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqinin vəzifədən azad olunmasına nail olub.

İsmayıl Kəngərli
Vəkillər Kollegiyasında, Ədliyyə Nazirliyində Adəm Məmmədovun bu fikirləri böyük ajiotaj yaradıb.
Digər vəkil barəsində yazılanları təkzib edir.
Bundan sonra vəkil İsmayıl Kəngərli Adəm Məmmədovun ittihamlarına öz "Facebook" səhifəsində cavab verib. 
İsmayıl Kəngərli yazır ki, Adəm Məmmədov onun adından həqiqətə uyğun olmayan məlumatları yayaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə vurub.
Vəkil Kəngərli həmkarı barəsində Vəkillər Kollegiyası tərəfindən tədbir görülməsini istəyib:
“Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırkı statusumu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız”.
Maraqlıdır ki, Adəm Məmmədov sonradan öz "Facebook" səhifəsindən generalla bağlı yazdığı fikirləri silib. İzah olaraq isə yazıb ki, statusu silməsinin səbəbi həmkarlarının çoxsaylı xahişləridir.
Bu məsələnin digər bir tərəfi də budur ki, əgər vəkil İsmayıl Kəngərli generalın səsini gizli yazıbsa, onun özü də məsuliyyətə cəlb oluna bilər.
Digər bir tərəfdən isə Adəm Məmmədov kifayət qədər iddialıdır və dediklərini təkzib etmir.

Nurəddin Mustafayev
Bu isə onu deməyə əsas verir ki, həqiqətən də general Mustafayev 100 min manat rüşvət alıb. Onun işdən çıxarılmasının əsas səbəbi budur. Yox, əgər belə deyilsə, bunların hamısı bir təsadüf ola bilər?
Bir general “işlərin yaxşılaşmasına yönəlmiş tədbirlər çərçivəsində” işdən çıxarılır, ardınca bir çox qalmaqallı məhkəmə işləri ilə tanınmış vəkil Adəm Məmmədov generalın 100 min rüşvət aldığını açıq şəkildə deyir və hətta bunu sübut edəcək səs yazılarının olduğunu bildirir.
Musavat.com mövzu ilə bağlı apardığı araşdırma zamanı generalın, həqiqətən, rüşvət iddialarına görə işdən çıxarıldığını dəqiqləşdirə bilib.
Əldə etdiyimiz məlumata görə, genaralın bu əməlinə hüquqi qiymət də veriləcək. Artıq səs yazısı və digər iddialarla bağlı araşdırma aparılır.
Mövzunu diqqətdə saxlayacağıq.
İlkin Muradov,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.