Ötən gün Minskdə yüz minlərlə insanın avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə və kütləvi həbslərə, işgəncələrə etiraz olaraq küçələrə çıxmasından sonra Belarus prezident Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında daha bir telefon danışığı olub. Virtualaz.org xəbər verir ki, Kremlin yaydığı məlumata əsasən avqustun 16-da axşam iki ölkə rəhbərləri yenidən telefon danışığı aparıblar. Söhbət zamanı Lukaşenko və Putin Belarusda seçkilərdən sonra yaranmış situasiyanı, xüsusən də ölkəyə xaricdən edilən təzyiqləri müzakirə ediblər. Bundan əlavə Putin yenidən Moskvanın Minskə respublikadakı problemin İttifaq dövləti haqda müqavilə əsasında və KTMT xətti ilə həll edilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Lukaşenko Putinə bundan əvvəl avqustun 15-də zəng vurmuşdu və Belarusda yaranmış vəziyyətə müdaxilə etməyi istəmişdi. Lukaşenko demişdi ki, Rusiya prezidenti “ilk sorğudaca kömək etməyə hazır olduğunu” bildirib. Ötən gün Minskdə olduqca izdihamlı aksiya baş tutub, “Minsk- Qəhrəman şəhər” abidəsinin qarşısındakı meydana 200 mindən çox insan toplaşıb. Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib. Toplaşanlar Lukaşenkonun hakimiyyətdən getməsini, etirazlar zamanı həbs olunanların azadlığa buraxılmasını tələb ediblər. *** Belarusun paytaxtı Minskdə yenidən etiraz mitinqləri keçirilir. Virtualaz.org bildirir ki, insanlar Pobeditel prospektində "Minsk - qəhrəman şəhər" stelinin qarşısında toplaşıblar.
Şahidlərin sözlərinə görə, hazırda minlərlə etirazçı meydanda işirak edirlər. "TUT.BY"nin məlumatına görə, aksiyaya 200 mindən çox insan toplaşıb.
Qeyd edək ki, bundan əvvəl Minskdə Müstəqillik meydanında Aleksandr Lukaşenkoya dəstək mitinqi keçirilib, Belarus Prezidenti çıxış edib. Rəsmi məlumatlara görə, orada 65 min nəfər olub. Ölkə sakinləri iddia edirlər ki, dövlət işçiləri kütləvi çağırışlar ediblər və işdən azad olunmaq təhlükəsi ilə hökumətyönlü mitinqdə iştirak etməyə məcbur olublar. Bir həftədir ki, Belarusda etirazlar davam edir. Vətəndaşlar prezident seçkilərinin rəsmi nəticələrinə inanmırlar. Nəticələrə əsasən, Lukaşenko 80 faizdən çox, müxalifətdən olan namizəd Svetlana Tixanovskaya isə 10,1 faiz səs toplayıb. Ölkədə ən böyük sənaye müəssisələrindən minlərlə işçi etirazçıların tələblərini dəstəkləmək üçün tətilə çıxıb. Dövlət mediasının işçiləri və rəsmiləri də işdən qovulur.