Dünyada pandemiyanın yayılmasında, açıqlanan rəqəmlərə görə 22 milyondan çox insanın yoluxması və 777477 nəfərin ölümünə bais olmaqda ittiham olunan Çin indi də dünyaya vaksin təklif edir.Belə ki, Çində dövlət dərman şirkəti "SinoPharm"ın direktoru Liu Cingcın, Çin Kommunist Partiyasının "Guangming" qəzetinə verdiyi müsahibəsində, yeni növ koronavirus peyvəndinin 2020-ci ilin sonuna qədər hazır olacağını bildirib. O, il sonunda bazara çıxacaq “Covid-19” peyvəndinin 140 dollardan daha aşağı bir qiymətə olacağını və 28 gün ara ilə iki doza ediləcəyini söyləyib.
Liu böyük şəhərlərdə yaşayan işçi və şagirdlərə peyvənd tətbiq olunması lazım olacağını, ancaq əhalinin sıx yaşamadığı kəndlərdə buna ehtiyac olmadığını deyib:
"1,4 milyardlıq əhalimizin hamısı peyvənd vurdurmaq məcburiyyətində deyil".Xatırladaq ki, koronavirusun peyvəndi istiqamətində digər ölkələrdən də açıqlamalar verilib. Rusiyada isə artıq peyvəndin tətbiqinə başlanılıb. Ümumdünya Səhiyyə Təşkilatı isə öz növbəsində Rusiyada ixtira olunan peyvəndlə bağlı inamsızlığın yaranması istiqmətində ardıcıl bəyanatlar verib.
Təşkilat açıq şəkildə Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb. ÜST-ün sözçüsü Kristian Lindmeyer bildirib ki, Rusiya COVID-19 əleyhinə peyvənd istehsal edərkən beynəlxalq qaydalara əməl etməlidir: "
Bəzən tədqiqatçılar fərdi şəkildə nəsə tapdıqlarını iddia edirlər, hansı ki, bu özlüyündə böyük xəbərdir, lakin peyvənd tapmaq və ya peyvəndin effektiv ola biləcəyinə dair hər hansı bir ip ucu tapmaq və bütün bu mərhələlərdən keçmək arasında böyük fərq var".Bir məqamı da xatırladaq ki, bu təşkilat həm də Çinlə əməkdaşlıqda günahlandırılır. Açıq şəkildə bu iddiaları irəli sürən ABŞ Prezidenti Donald Tramp isə öz ölkəsinin təşkilatın üzvlüyündən çıxarılmasını reallaşdırdı.
Bir məqam da qeyd olunmalıdır ki, Rusiyanın dünyanın aparıcı dərman istehsalçılarının sırasında adı yoxdur, amma heç Çin də həmin siyahıda önəmli yer tutmur.
Bəs, Rusiyanın peyvəndinə qarşı çıxan ÜST-nin dünya ölkələrini dəfələrlə baha qiymətə təqdim olunan Çin peyvəndinə yönəltməsi mümkündürmü?Tibb Universitetinin müəllimi, farmakoloq alim Aydın Əliyev
Cebhe.info-ya açıqlamasında virus yayılan zaman 3 ölkənin adının çəkildiyini xatırladıb:
“Bu virusu ABŞ, Çin və Rusiyanın yaratdığı müzakirə olunurdu. İndi də çox maraqlıdır ki, həmin ölkələrdən bildirilir ki, “dərmanlar və vaksinlər bizdədir”.Mən istərdim ki, bizim ölkədə hələlik o peyvəndlərin heç birini alınmasın. Bu peyvəndlər digər ölkələrdə çoxsaylı insanlar üzərində sınaqdan keçirilsin və biz də bilək ki, onun insan sağlamlığına ziyanları azdır. Bu zaman onun hansı ölkənin istehsalı olduğuna fərq qoymarıq, iqtisadi tərəfini isə hökumət nəzərə alar”.Aydın Əliyev deyir ki, keçmiş SSRİ zamanında icad olunan və indi də geniş istifadə olunan antioksidant “Meksidol” preparatlarının həmmüəliflərindən biridir:
“Yəni bununla sahənin mütəxəssis olaraq demək istəyirəm ki, peyvəndin dəqiq yoxlanılması, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunması vacibdir. Azərbaycanlı professor Tərlan Məmmədov Türkiyədə bu sahə üzrə - bitkilərdən vaksinlərin alınması istiqamətdə çalışır. Yaxşı olardı ki, TƏBİB həmin şəxslə əlaqələr yaratsın və təcrübələrini təhlil etsinlər, onlardan yararlansınlar”.Formokoloq deyir ki, virus xəstəliklərində ən vacib məqam bədənin immunitetidir:
“İmmunitetin formalaşması üçün isə lazım olan təmiz hava, təmiz su və təmiz qidadır. Açığını desək, qidalarımız, havamız, suyumuz keyfiyyətsiz vəziyyətdədir. Həkim olmayanlar da bilirlər ki, Azərbaycana gətirilən dərmanlar keyfiyyətsizdir. Belə olduğu təqdirdə bədənimizə 1000 dollarlıq peyvənd də vursaq, bunun xeyiri olmayacaq”.Dünya ölkələrinin Çinin peyvəndini almağa yönəldilə bilməsinə gəlincə, Aydın Əliyevin fikrincə, artıq dünyada elə proseslər gedir ki, insanlar əvvəllər gizli saxlanılan məqamları da görə bilir:
“Çox təəssüf edirəm ki, insanların sağlamlığı da dünyanı idarə edən ayrı-ayrı şeytani qüvvələrin əlindədir. Bu insanlar ya Allahdan qorxmur, ya da insana hörmət etmirlər. Pul üçün müharibələr törədilir, insan sağlamlığına zərər olan cürbə - cür texnoloji vasitələr üzə çıxarılır, insanlar torpaqdan, təbiətdən ayrı salınır. Kosmosa çıxırlar, amma Yerdə adi xəstəliklərin müalicəsi getmir. Bilərəkdən və gördükləri işlərin nəticəsində xəstəliklər yaradırlar. Artıq silah kimi təyyarələrdən, tanklardan deyil, dərmanlardan, xəstəliklərdən istifadə olunur. Bu baxımdan da indiki vəziyyətdə bütün çirkin oyunların həyata keçirilməsi, eləcə də sizin dediyiniz məsələ mümkündür. Aparıcı 3-4 ölkə var ki, onlar bəzən düşmən kimi bir-birilərinə münasibət bəsləyirlər, gizli olaraq mütəffiq olaraq nə desəniz edirlər”.Xatirə Nəsirova
Cebhe.info