Nabatəli Qulamoğlu: «Istənilən yolla xarici ölkələrə tələbə axınının qarşısını almaq istəyirlər»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən" lent.az"a verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək həyata keçiriləcək. Ixtisas seçimində qəbul imtahanlarında iştirak etmiş və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Yuxarıda qeyd edilənlərə nəzər salanda, belə bir sual yaranır: görəsən, aşağı balla texnikumlara qəbul ediləcək abituriyentlər sabah orta məktəblərə, yaxud səhiyyə ocaqlarına işləməyə göndəriləndə gələcəyimiz olan uşaqların təhsili, elə özümüzün sağlamlığımızın vəziyyəti necə olacaq? Plan yerini doldurmaq üçün texnikumlara aşağı balla tələbə qəbulu nə dərəcədə doğru addımdır? Əsas olan millətin hər mənada, həm zehni, həm də fizioloji sağlamlığı deyilmi?
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, vaxt vardı, qəbul balları aşağı salınmırdı və xaricə təhsil axını baş verirdi. Tələbə xarici ölkələrdə təhsil alaraq həmin dövlətlərin iqtisadiyyatına öz töhfəsini verirdi: “Bu mənada, məqsəd xaricə oxumağa heç kimin getməməsinə nail olmaqdır. Xaricə tələbə göndərilsə də, bunun dövlət xəttilə olmasına çalışırlar. Bu mənada, balları aşağı salmaqla abituriyentlərin təhsilinə yerli çərçivədə nail olmaq istəyirlər. Burada təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Istənilən yolla xarici ölkələrə tələbə axınının qarşısını almaq istəyirlər”.
Ekspert qeyd edir ki, xarici ölkələrə yönlənən maliyyənin öz ölkəmizdə sərf edilməsində maraqlı olanlar bu addımı atır. Həmsöhbətimiz iqtisadi baxımdan düzgün addım hesab etsə də, bunu “siyasi qərar” adlandırır. O, bunu təhsilin keyfiyyəti baxımından düzgün addım hesab etmir.