Partiyadaxili ittihamlar artıb
Müsavat Partiyasının qurultayının sentyabrda keçiriləcəyi barədə açıqlama yayılandan sonra partiyadaxili ittihamlar artıb. Müsavat Partiyasının üzvü Səxavət Əlisoyun “facebook”da “Müsavat başqanı kim olacaq?” başlıqlı paylaşımı müsavatçılar arasında mübahisə doğurub. Bu barədə “Meydan.tv” məlumat yayıb. Xatırladaq ki, Səxavət Əlisoy bunları yazmışdı:
“Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur. Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, ”filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, “behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var.
Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çoxlu sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm ki, belə də olacaq".
Səxavət Əlisoyun yazdıqlarına Hollandiyada mühacir həyatı yaşayan Eldəniz Yusubov isə “Mən də təklif edirəm, Müsavat başqanı naxçıvanlı ola bilməz”, - deyə reaksiya vermişdi.
Ondan sonra, hazırda Sülhəddin Əkbərin sədr olduğu Azad Demokratlar Partiyasının Məclis rəhbəri olan Tapdıq Abbas Arif Hacılını hədəfə alıb. O, Arif Hacılının qrupunun Sülhəddin Əkbəri partiyadan uzaqlaşdırmaqda ittiham edib.
Vəziyyət o həddə çatıb ki, mübahisə edən tərəflər bir-birinin milliyyətinə şübhə ilə yanaşır. Elə Arif Hacılının iyulun 29-da “facebook” səhifəsində yazdıqları da dediklərimizi təsdiqləyir.
Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri yazır ki, partiyanın 600-dək qurultay nümayəndəsi onun milliyyətinin, dininin, siyasi əqidəsinin, partiyanın və Azərbaycanın gələcək inkişafı ilə bağlı düşüncələrinin, insanlara münasibətinin nə cür olduğunu çox yaxşı bilir: “Müsavat başqanının kim olması yalnız müsavatçıları deyil, partiyanın cəmiyyətdə olan dostlarını, rəqiblərini, düşmənlərini də maraqlandırır və hər kəs öz düşüncələrinə uyğun olaraq bu məsələyə müdaxilə etməyə çalışır”.
A.Hacılı hazırda Müsavatda yeni başqanın seçilməsi zərurəti ortaya çıxdığı üçün başqanlığa iddia edən şəxslərə və xüsusi iddiaçılara qarşı kampaniyaların aparılmasında qeyri-adi bir şey görmür: “23-cü ildir Müsavat Partiyasında rəhbər vəzifələrdə fəaliyyət göstərirəm. Düşünürəm ki, Səxavət Əlisoy, Tapdıq Abbas və ya bir başqasının fikirləri partiyanın qurultay nümayəndələrinin mənə olan münasibətini dəyişməyəcək. Ona görə də bu məsələlərlə bağlı müsavatçıların xüsusi narahatlıq keçirməsinə əsas yoxdur”.
Sosial şəbəkələrdəki müzakirələrdə o fikir xüsusilə vurğulanır ki, gəncliyə yol verilməlidir. Gənclərdən isə Tural Abbaslı daha şanslı namizəd hesab olunur. Amma o və Müsavat başqanı Isa Qəmbər hazırkı mübahisəli duruma susqun yanaşır.
“Müsavatda gənclərin partiya başqanı olmasına qarşı çıxanlar var. Belə bir təbliğata cəhd edilsə, bu, uğursuzluqla nəticələnəcək. Biz belə mübarizənin əleyhinəyik”, - deyə Müsavat Partiyasının Divan üzvü, başqanlığa namizədliyə iddialı Tural Abbaslı APA-ya açıqlamasında bildirib.
T.Abbaslı qeyd edib ki, bəzi şəxslər tərəfindən səsləndirilən “gəncdən başqan olmaz” və ya “başqanlıqda yaş məhdudiyyəti olmalıdır” kimi fikirlərin əleyhinədir: “Biz o düşüncədə deyilik ki, gəncik deyə, hamı kənara çəkilib, yerini bizə versin. Biz qəbul edirik ki, bu, siyasi mübarizədir və burada hərə öz ambisiyasını, hədəfini həyata keçirmək uğrunda mübarizə aparır. Müsavatda gənclərin partiya başqanı olmasının əleyhinə çıxanlar olsa da, məhz mənim başqanlığa namizədliyimin əleyhinə əks arqument yox dərəcəsindədir. Çünki mənim ilk gündən partiya təşkilatçılığı, siyasi fəaliyyətim haqqında çatışmazlıq yoxdur. Eyni zamanda, gənclər digər ölkələrdə nəinki partiyalar, hökumət idarəçiliyində də yaxından iştirak edirlər”.
T.Abbaslı Müsavat başqanının müşaviri Səxavət Əlisoyun “başqan türk olmalıdır” fikrinə də münasibət bildirib: “Müsavat Partiyasında heç vaxt bir insanın milli, dini və ya cinsi mənsubiyyətinə görə ayrı-seçkilik olmayıb. Ancaq mən Səxavət Əlisoyun fikrinə normal yanaşıram və tənqid etmək fikrində deyiləm”.