Qafqazda yeni rus-türk “SAVAŞI”

25-08-2020, 13:14   


Qafqazda yeni rus-türk “SAVAŞI”

Rusiya Türkiyəni Cənubi Qafqaza buraxmaq istəmir.
Türkiyənin regionda güc mərkəzinə çevrilməsindən narahat olan Kreml, onun qarşısına Qars müqaviləsini çıxarır. Lakin müasir dünya siyasəti göstərir ki, gücü və qətiyyəti olan dövlətlər müqaviləyə baxmır. Elə Rusiyanın özünün Ukraynaya və digər region dövlətlərinə qarşı sərgilədiyi mövqe də bunu təsdiq edir. Digər tərəfdən Türkiyənin Suriyada və Liviyadakı qətiyyətli addımları onun özünütəsdiqi oldu.
Türkiyə Suriya və Liviyadakı kimi, qətiyyətli addımlar ataraq Qafqazda da düzəni dəyişə bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət”ə açıqlamasında deyib ki, hazırda Türkiyəni nə Sevr, nə Lozanna, nə də Qars müqaviləsi düşündürür: “Türkiyənin 2010- cu ildən bəri regionda aktiv siyasi və hərbi hərəkətliliyi artıb. Çünki beynəlxalq münasibətlər sistemində gərginlik elə Türkiyənin sərhədləri və yaxın qonşuluğunda baş verir. Bura Suriyanı, İraqı və Orta Şərqi göstərmək olar. Tarixə nəzər saldıqda bu ərazilər Osmanlının tabeliyində olub. Türkiyə öz xarici siyasətində NATO- ya güzəştə getsə də, regionda öz maraqlarına xidmət edən aktiv siyasət yürüdür. Onu nə Sevr, nə Lozanna, nə də Qars müqaviləsi düşündürür. Rusiyanın region dövlətlərinə qarşı sərgilədiyi mövqe də onun beynəlxalq müqavilələrə əhəmiyyət vermədiyini göstərir. Rusiya digər dövlətləri öz tabeliyinə keçirmək üçün beynəlxalq hüququ ayaqları altına alır. Şərqi Aralıq dənizi məsələsində də qardaş Türkiyə tam haqlıdır və Fransa, Yunanıstan kimi Qərb dövlətlərinin Ankaraya təzyiqi Türkiyəni qəti addımlar atmağa sövq edir. Türkiyə öz hərəkətləri ilə istənilən müharibəyə hazır olduğunu sübut edir. Cənubi Qafqaz məsələsində gəldikdə, hələ ötən əsrin 20- ci illərində Türkiyə Cənubi Qafqazda idi. Ondan əvvəl də bu ərazilərdə Osmanlı imperiyası olub. Azərbaycan, Gürcüstan, Ermənistan Cümhuriyyətlərinin qurulmasında Osmanlının rolu var. Bundan əvvəl də Rusiya Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini istəməyib. Lakin Tovuz hadisələri zamanı Rusiyanın Ermənistanı dəstəkləyərək Türkiyənin enerji layihələrini təhdid etməsi, Ankaranı öz enerji siyasətini dəyişməyə vadar etdi. Ərdoğan özü də çıxışında qeyd etdi ki, 100 il öncə babalarımız bu torpaqlarda nə etdisə, biz də onu etməyə hazırıq. Təbii ki, bu mesaj elə Rusiyaya ünvanlanmışdı. Eyni zamanda bu Azərbaycanı mövcud proseslərdə tək qoymamaq mesajı idi”.
Politoloq hesab edir ki, Rusiya artıq regionda arzuolunmaz dövlətə çevrilib. Ona görə də hesab edirəm ki, Türkiyənin regiondakı rolu bundan sonra daha da artacaq: “Artıq Türkiyə ordusu Azərbaycandadır. Rusiyanın hərbi təlimlərə məhz Tovuz hadisələri zamanı başlaması Türkiyənin Cənubi Qafqazdakı siyasətinə qarşı bir hərəkətlilik idi. Lakin Türkiyənin birmənalı şəkildə Azərbaycanın yanında olduğunu göstərməsi Rusiyanın gözləmə mövqeyində qalmasına səbəb oldu. Digər tərəfdən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana gəlir. Əlbəttə ki, aparılacaq danışıqlarda Türkiyə mövzusu müzakirə olunacaq. Türkiyənin yaxın perspektivdə Azərbaycanda hərbi bazalar qurmayacağı barədə cavab almaq istəyəcəklər. Amma hesab edirəm ki, Rusiya bundan sonra nə etsə də Türkiyə Cənubi Qafqazda qalacaq.
Rusiyanın Suriyada nə işi varsa, Türkiyənin də Cənubi Qafqazda o işi var. Türkiyə hazırda ötən əsrin 90-cı illərində başlatdığı siyasəti davam etdirir. Rusiya da bundan çox narahatdır. Çünki Türkiyənin mövqeyi hər gün daha da güclənir. Hesab edirəm ki, Rusiya bu məsələdə Türkiyə ilə barışmalı olacaq. Türkiyənin Cənubi Qafqazdakı rolu regionun təhlükəsizliyini və stabilliyini təmin etməkdirsə, Rusiyanın regionda rolu təhlükəsizliyi və stabilliyi təhdid edir. Hesab edirəm ki, Azərbaycan da Rusiyanı müəyyən qədər neytrallaşdırıb Türkiyəyə yaxınlaşmalıdır. Rusiya Ermənistnı silahlandırmaqla Cənubi Qafqazda yeni bir münaqişə ocağı yaradır. Rusiya artıq regionda istənilmir. Ona görə də hesab edirəm ki, Türkiyənin regiondakı rolu bundan sonra daha da artacaq”.
Əli Bədir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.