Zeynal Məmmədli: “Bu imtahan söz və ifadə azadlığı ilə bağlı təməl qanunla uyuşmur”
“Kriteriyalar dəqiq deyil, Münsiflər Heyətində kimlər təmsil olunacaq, bilinmir...”
Xəbər verdiyimiz kimi, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Detallara nəzər salanda bəlli olur ki, imtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq. Jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb.
Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
Azərbaycanda sovet dövründən bəri ilk dəfədir ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanı keçirilir. Daha öncə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılıb və onu müdafiə edənlərlə yanaşı, tənqid edənlər də olub.
Media eksperti Zeynal Məmmədli hesab edir ki, jurnalistika fakültəsinə qəbul zamanı yaradıcı imtahanın verilməsi yersizdir. Müsahibimiz sovet dövründə keçirilən imtahanın özəlliklərinə toxundu: “Sovet dövründə bu, şifahi söhbət xarakteri daşıyırdı. Abituriyentdən jurnalistika ilə bağlılığını, maraq dərəcəsini, jurnalistikanı, kimləri izlədiyini, hansı mətbuat orqanı ilə tanış olduğunu, kimi kumir seçdiyini soruşurdular. Buna görə də bir bal müəyyənləşdirilirdi. Ondan sonra bir neçə mövzu üzrə yazı turu keçirilirdi. Həmin yazı turunda da sərbəst yazılar olurdu. İki turun nəticələrinə görə, bu, qiymətləndirilirdi. Bundan başqa, daha öncədən abituriyentin çap olunmuş materialları olmalıydı. Yəni əslində üç mərhələ sayılır: çap materialları, şifahi söhbətdə dünyagörüşünün səviyyəsi və yazı texnikası. Bütün bunlarla yanaşı, tanışlıq faktoru da rol oynayırdı. Kimin mətbuatda tanışı vardısa, yazısını asanlıqla çap etdirirdi. Nəticədə isə şifahi imtahandan da keçirdi, yazılıdan da”.
Z.Məmmədli hesab edir ki, yaradıcı turun aparılması söz və ifadə azadlığı ilə bağlı təməl qanunla uyuşmur. Onun sözlərinə görə, jurnalistika dünyada yeganə ixtisasdır ki, bu sahədə lisenziyasız işləmək olar: “Vacib deyil ki, sən bu sahədə oxuyasan, bu sahədə oxuduğunu təsdiqləyəsən. Qısamüddətli kurslar var ki, etika ilə tanış olursan, professional məqamları öyrənirsən. Konkret sahəni bitirmiş adam üçün də bu yaxşıdır ki, bu sahədə ixtisaslaşır. İndiki halda 17-18 yaşında abituriyentlərin nə dünyagörüşü var ki, bilək bu, çox yaxşı bir inşa yazıdı. Jurnalistikada əsas kriteriya yalan və ya doğru yazmaqdır. Burada bu, uydurma təxəyyüllə yazacaq. Bu, özünü real həyatda necə göstərəcək? Real həyatda həmin jurnalist namizədinə təsir edən min cür faktorlar var. Mən gözəl, amma yalan yazıma görə imtahandan keçəcəyəm. Amma o birisi doğru, yazı texnikası baxımdan zəif olan məqaləsinə görə keçməyəcək? Doğrunu yaz, amma pis yaz daha önəmlidir, nəinki yalan yaz, amma yaxşı yaz. Ona görə də bu yaradıcı tur ancaq işə qəbulda həyata keçirilməlidir”.
Z.Məmmədli xatırlatdı ki, sovet dönəmində yaradıcı turların keçirilməsinin səbəbi fərqli idi. Belə ki, həmin vaxt jurnalistika fakültəsinə stajsızlar qəbul edilmirdi: “Stajsızlar üçün az limit müəyyənləşdirmişdilər. Heç 10 faizi də keçmirdi. Təsəvvür edin ki, minimum 2 il staj tələb olunurdu. Bundan başqa, həmin illərdə Moskavada yaradıcı imtahan da başqa cür keçirilirdi. Abituriyenti aparırdılar bir olayın içinə, məsələn, bir zavoda. Hamı o yerə gedib, ordan bir reportaj hazırlayırdı. Amma bizimki götürüb mövzu verirdi. O dövrdə də Azərbaycanda bu məsələdə tanışlıq, rüşvət öz rolunu oynayırdı. İndi də eyni qaydada davam edir. Bizim hansı təminatımız var ki, bu imtahanlar tanışlıqla aparılmayacaq? Hansı qarantiyamız var ki, burda da ancaq həqiqəti yazmaq istəyən, prinsipal, öz xətti olanlar qəbul olunacaq? Hardan bilirik ki, şəraitə uyğunlaşanlar, buyruq qulu olanlar, imtahandan keçmək üçün ölkədəki problemlərdən obyektiv yazmayanlar keçməyəcək? Mən indiyə kimi bunun əleyhinə idim. Məleykə Abbaszadənin də Allah canını sağ eləsin, dolayısı ilə məni müdafiə edirdi. Bu il meydan boş qalıb”.
Z.Məmmədlinin fikrincə, Azərbaycandakı şəraitdə ictimai-siyasi proseslərə sərbəst, fərqli baxışı olan abituriyentin imtahandan keçmə şansı şübhə altındadır. Bundan başqa, Münsiflər Heyətində kimlərin təmsil olunacağı da maraq doğurur: “Bu adamların müasir media təcrübəsi ilə hansı bağlantıları var? Baxaq görək kimlər olacaq? Mətbuat Şurasından, redaksiyalardan və universitet müəllimlərindən adamlar olacaq. Kriteriyalar dəqiq deyil. Bir də ki, məqsəd nədir? İşə qəbulda yaradıcı tur edək. Amma bununla söz azadlığı haqqı tapdanır. Ona görə bütün dünyada söz və mətbuat azadlığı ilə bağlı təzad yaratdığı üçün jurnalistika fakültələrinə qəbulda yaradıcı turdan istifadə etmirlər”.