Devid Hirst“Middle East Eye”, 27.08.2020 Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman xəbərin sızması və ABŞ paytaxtındakı varlığının kabusa çevriləcəyindən qorxaraq İsrail baş naziri Binyamin Netanyahu ilə görüşmək üçün gələn həftə üçün nəzərdə tutulan Vaşinqtona səfərindən imtina edib.Vəliəhd və Netanyahu arasındakı görüşün kameralar qarşısında canlı olaraq göstərilməsi və ya aparılacağı hələ razılaşdırılmayıb. Ancaq ABŞ prezidenti Donald Tramp və müşavir kürəkəni Cared Kuşner Məhəmməd bin Salmanın (MBS) gənc bir ərəb sülhpərvəri imicini yaratmaq istəyirlər. Üstəlik, Birləşmiş Ştatların vasitəçiliyi ilə Əmirliklər-İsrail anlaşmasına regional dəstəyi artırmaq.
Vəliəhd şahzadə İsrailin tanınmasını elan etməsə də, görüşün özü krallığın da münasibətləri normallaşdırmaq yolunda olduğuna dair ən güclü işarə olacaqdı.
Səfər tarixi razılaşdırılmış və artıq protokol qrupu göndərilmişdi. O, respublikaçıların qurultayı bitdikdən sonra, avqustun 31-də gəlməli idi. 2018-ci ilin mart ayından bəri bu, şahzadənin ABŞ-a ilk səfəri olacaqdı. Gözdən iraq qalmaq üçün gizlicə 4 ev də satın alınmışdı.
Şənbə günü vəliəhdin səfəri xəbəri sızdırılıb və plan faş olub. Buna qədər Ağ Ev səfərin tam məxfilikdə davam etməsi və şahzadənin paytaxtdakı varlığının yalnız hadisənin özü baş verdikdən sonra bilinəcəyi rəyində idi.
MBS-in məsləhətçiləri hesab edirdilər ki, bunun sayəsində vəliəhd şahzadənin bir çox rəqibinin bəyanat hazırlamaq üçün vaxtları olmayacaq, öldürülən səudiyyəli jurnalist Camal Xaşuqci və Kanadada gizlənən keçmiş daxili işlər naziri Səad əl-Cəbri üçün fəaliyyət göstərən vəkillər məhkəmə üçün dəlillər tapmayacaq.
Tramp və Kuşner bu səfərin baş tutmasını çox istəyirdilər. Ləğv edildikdən bir neçə saat sonra Tramp, BƏƏ-nin İsraillə bağladığı pakt üçün regional dəstəyi artırmaq naminə həm ABŞ Dövlət katibi Mike Pompeo, həm də Kuşneri Yaxın Şərqə göndərib.
Bundan bir gün əvvəl ABŞ səfiri Kelli Kraft və israilli vəzifədaşı arasında Əbu-Dabiyə “F-35” qırıcılarının satışına veto qoyma ilə BƏƏ-də planlaşdırılmış görüş ləğv olunub.
Ehtiyatlı yanaşmaBƏƏ-nin İsraili tanınması elanı digər ərəb dövlətlərindən dəstək ala bilməyib. Bunun əvəzinə, əvvəlcə razılaşmanı alqışlayan Bəhreyn və Sudan da daxil olmaqla, bölgədə bir sıra paytaxtlardan mənfi təpki var.
Kuşner CNBC-yə deyib: “Düşünürəm ki, İsraililə diplomatik əlaqələr qurmaq üçün irəliləməyə çox maraqlı olan digər ölkələr var. Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətlərini tamamilə normallaşdırmasının qaçılmaz olduğunu və birlikdə çox böyük işlər görə biləcəklərini düşünürəm”.
“MBS Vaşinqtona gedir, İsraillə əlaqəli böyük iş görmək nəzərdə tutulurdu”. Bunu Səudiyyə Ərəbistanından olan bir mənbə bildirib. Məxfilik şərti ilə danışan mənbə deyib: “Netanyahu ilə görüşün özü ya məxfi, ya da kameralar qarşısında olacaqdı. Hər iki halda bunun böyük bir hadisə olması nəzərdə tutulurdu. Münasibətlərin normallaşmasının tam açıqlanması gözlənilmirdi, ancaq işlərin bu yöndə getdiyinə dair ipucu veriləcəkdi”.
Səudiyyə mənbəyinə görə, əl sıxma təşəbbüsü ABŞ-a məxsusdur. “MBS buna razı olub, çünki Tramp və Kuşner buna məcbur ediblər. MBS-nin qalib gəlmə üçün Trampa ehtiyacı var. Tramp ona vəliəhd olmaq imkanı, legitimlik və sonra baş verən bütün digər şeylər üçün siyasi örtük verib, o cümlədən Xaşuqcinin öldürülməsi, əmiuşaqlarını “Ritz-Carlton”-da həbs etməsi, Qətərin blokadası. MBS üçün demokratlardan gələn siqnallar ürəkaçan deyil. Lakin vəliəhdin bir şərti var idi: səfərin gizli saxlanılması. Məsləhətçiləri ona bildiriblər ki, səfər xəbəri sızsa, MKİ, Konqres, jurnalistlər, Xaşuqci tərəfdarları və Cəbri üçün mənfi kampaniya başlatmaq imkanı yaranacaq və Vaşinqtonda olması kabusa çevriləcək. MBS hesab edirdi ki, birdən-birə Netanyahu ilə görünsə, böyük hadisə onun sülhpərvər imicini yenidən işə salmaq üçün kifayət edəcək”, – mənbə bildirib.
Əks-düşərgəSəudiyyə kral çevrəsində bu planın müdrikliyinə dair fikirlər yekdil deyildi. Şahzadəyə ləngiməni tövsiyə edən böyük bir düşərgə var.
MBS-ə deyiblər ki, Trampın seçki kampaniyasında uğursuz olduğunu vəliəhd şahzadəyə işarə ediblər və bu mərhələdə Vaşinqtona yüksək səviyyəli səfər, Trampın ikinci müddətini təmin edə bilməyəcəyi təqdirdə, əks nəticə verə, demokrat namizəd Co Bayden qalib gəlsə, İsrailin sadiq tərəfdarı olan yeni prezident şahzadəni tənqid etməsi üçün bu səfərdən istifadə edilə bilər.
Məsləhətçilər şahzadəyə 1978-ci ildə Misir və İsrail arasında Kemp-David barış anlaşmalarına vasitəçilik edən Cimmi Karterı xatırladıblar, – 1980-ci il seçkilərində o, məğlub olub.
Ərəblərin İsraillə normallaşmanı rədd etməsi 10 gün əvvəl sürpriz razılaşma elan edildikdən sonra böyüyüb.
İlk problem Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zaidin, İsrail tərəfindən gözlənildiyi kimi, ilhaqı qəbul etməməsidir. Netanyahu müqaviləni “dondurma” adlandırıb. Bu, krallığın eyni yola getməyi düşünməsi halında, Səudiyyə Ərəbistanında daha böyük tələblər doğurub.
Səudiyyə şahzadələri artıq BƏƏ müqaviləsindən özlərini açıq şəkildə uzaqlaşdırıblar.
Cümə günü “Əş-Şərq əl-Əusat”-da dərc olunan bir künc yazısında Turki əl-Feysəl BƏƏ-nin İsraililə diplomatik müqavilə bağlamaq qərarını müdafiə edib, lakin Riyadın razılaşma barədə əvvəlcədən məlumatlı olmadığını bildirib. “Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və İsraillə bir razılığa gəlməklə bizi təəccübləndirib”.
Fəqət o, paytaxtı Qüds olan bir Fələstin dövləti qurulmadan əvvəl İsraililə münasibətlərin normallaşmasını istisna edib.
Digər bir səudiyyəli Netanyahunun bu anlaşmadan ərəblərə nisbətən daha çox şey əldə etdiyini söyləyib. Tanınmış sosioloq, yazıçısı və şərhçi Xalid əl-Daxil “Tvitter”də yazıb: “Belə görünür ki, Birləşmiş Ərəb Əmirlikləri Trampa seçki vəsiqəsi vermək istəyir. Netanyahu ilhaqı dayandırıb, lakin sona çatdırmayıb. Bunu Avropa və Amerika təzyiqləri altında və ərəblərin rədd etməsinə görə edib. Nəticədə, o, heç bir şey qarşılığında yeni ərəb normallaşmasını qazanıb. BƏƏ-nin qazancı noyabrım 3-dən sonra aydın olacaq. Trampın da qazancı olacaq. Hələlik qalib Netanyahudur”.
Körfəzdə razılaşmaya qarşı düşmənçilik “Normallaşma xəyanətdir” və “Körfəz xalqları normallaşmaya qarşıdır” haştaqı ilə sosial mediada özünü büruzə verib. Əmirlik və Səudiyyə Ərəbistanında onlayn tənqidlərə nəzarət etmək və onlara qarşı mübarizə səylərinə baxmayaraq.
Pompeonun Sudana gəlməsindən bir neçə saat əvvəl nüfuzlu Azadlıq və Dəyişiklik Qüvvələri (FFC) koalisiyası İsraillə normallaşma məsələsinin keçid hökumətinin qərarı olmadığını söyləyib. FFC koalisiyasının aparıcı üzvü Heydər əs-Safi normallaşmanın yerli hərəkatlarla geniş məsləhətləşmələrdən sonra həll edilməsi lazım olan milli bir məsələ olduğunu bildirib. “Düşünürəm ki, İsrail də daxil olmaqla bütün qonşularımızla, barışıq içində yaşamalıyıq, amma bu məsələ sudanlıların əksəriyyətinin qərar verəcəyi Konstitusiya konfransının masasına qoyulmalıdır”.
Tərcümə: Strateq.az