Kreml yumşalır? - Putinin türk nazirlə göndərdiyi mesaj

27-08-2020, 13:11   


Kreml yumşalır? - Putinin türk nazirlə göndərdiyi mesaj

Azərbaycan-Rusiya münasibətlərinin yaxın perspektivdə formalaşması Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərinin nəticəsindən çox asılı olacaq.
Ekspertlərin fikrincə, bu səfər iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşlərdən sonra Kremlə qarşı yaranmış narazılığı aradan qaldırmaq məqsədi daşıyır. Belə ki, Rusiyanın Ermənistana dəstək məqsədilə İran ərazisindən 400 ton silah ötürməsi Azərbaycan cəmiyyətində etiraza səbəb olmaqla yanaşı, Türkiyənin Cənubi Qafqazda genişmiqyaslı hərbi təlimlərə başlaması ilə nəticələndi.
Bu baxımdan, Azərbaycanın Türkiyənin yanında yer alması bölgədə Rusiya-Ermənistan ittifaqına qarşı alternativ balansın yaranmasına şərait yaradıb.Bu isə Kremldə kifayət qədər narahatlıqla qarşılanır.Ona görə də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri daha çox Kremlin Ermənistanın deyil, Azərbaycanın dostu olduğunu inandırmağa xidmət edirdi.
Hətta S.Şoyqu Azərbaycan tərəfini inandırmaq üçün konkret vəd də verdi: “Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq”.
Ancaq Sergey Şoyqunun bu açıqlamasının nə qədər etibarlı olduğunu zaman göstərəcək.Bundan əvvəl isə Rusiya Azərbaycana qarşı Ermənistanın vasitəsilə hər cür təhlükəli addımlar atıb.Azərbaycan ərazilərinin 20 faizi məhz Rusiyanın siyasi və hərb dəstəyi nəticəsində işğal edilib.1998-ci ildə Ermənistana 1 milyad dollarlıq silahı Rusiya verib.ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, Rusiya Ermənistana “İskəndər” raketləri satıb.2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycana təzyiq göstərərək Sankt-Peterburqda Ermənistanla atəşkəs imzalamağa və hərbi əməliyyatları dayandırmağa vadar edib.2020-ci ilin iyul ayında Ermənistana 400 ton silah verərək Tovuz rayonu istiqamətindən hücuma keçməklə Azərbaycanın beynəlxalq neft-qaz kəmərləri və nəqliyyat dəhlizləri keçən əraziləri işğal etdirməyə cəhd göstərib.
Bütün bu düşmənçilik siyasətindən sonra Şoyqunun sözlərinə inanmaq olarmı?
Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın gələcəkdə eyni təxribatlara əl atmayacağına heç bir təminat yoxdur. Sadəcə olaraq, Şoyqu prezident Putinin təlimatı əsasında dostcasına bəyanat səsləndirməklə Azərbaycanla Türkiyənin yollarının ayrılmasına nail olmağa çalışır:
“Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfəri regionda cərəyan edən siyasi-hərbi hərəkətlilik fonunda reallaşır. Məhz Rusiya müdafiə nazirinin bu səfəri geosiyasi baxımdan həssaslıq təşkil edir.Ona görə də ikitərəfli danışıqlarda Rusiya-Azərbaycan əlaqələrini gələcək perspektivləri və ikitərəfli problemlərin həlli yolları müzakirə edildi.Şoyqu öz səfərində prezidentə bir sıra məsələlərlə bağlı məruzə edəcəyini vurğuladı. Görünür, söhbət regionda Rusiyanın artan hərbi fəallığı, bunun Azərbaycana yarada biləcəyi risklər, Dağlıq Qarabağ məsələsində Rusiyanın Ermənistana göndərdiyi silahlardan gedir. Azərbaycan prinsipial şəkildə Rusiyaya bu barədə narazılığıni dövlət başçısı səviyyəsində çatdırıb.Müdafiə nazirinin gəlişi və verdiyi mesajlar, əsasən, Kremlin siyasətini əks etdirir və Azərbaycanın könlünü almaq məqsədi daşıyır.Şoyqu iddia edir ki, Rusiya Azərbaycana qarşı yönələn hərəkətlərə bundan əvvəl və sonra yol verməyib və verməyəcək.Bu, Putin tərəfindən Şoyquya verilən təlimatdır.Hesab edirəm ki, Şoyqunun bu açıqlaması ciddi mesaj olsa da, bu güvəniləsi bir təminat deyil.Ümid edə bilmərik ki, Rusiya bundan sonra bizə qarşı yönələn hərəkətlər etməyəcək.Elə Tovuz təxribatlarında tikinti materialları adı altında Ermənistana silahlar daşıyan Rusiyadır.Belə bir ciddi mesajdan sonra Sergey Şoyqunun tikinti materialları deməsi Rusiyanın Azərbaycana münasibətdə taktiki gediş etdiyini göstərir.Fikrimcə, Azərbaycan Rusiyanin Şoyqunun dili ilə verdiyi mesaja güvənməməlidir.Rusiyanın bu siyasəti Türkiyə-Azərbaycan tərəfdaşlığını hədəf alıb”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.