Ermənistan hərbi sənaye kompleksinin yaradıldığına dair məlumatlar yayır.Hətta bu məqsədlə Ermənistan Hərbi Sənaye Komitəsi yaradılıb.Karantin dövründə qızına toy elədiyinə görə vəzifəsindən qovulmuş Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Artak Davtyan da adıçəkilən komitəyə rəhbər təyin edilib.Rəsmi İrəvan silah istehsalı ilə bağlı Rusiya, Çin və Hindistan şirkətləri ilə danışıqlar aparıb.Hətta Paşinyan hökuməti Ermənistan ordusunun silah idxalının diversifikasiyası barədə bəzi danışıqlar aparsa da, sonda Rusiyaya üstünlük verməli olub.
Çünki Ermənistan silah bazarı, əsasən, Rusiyanın nəzarətindədir.Ona görə də axır vaxtlar Paşinyan hökuməti və Rusiya şirkətləri arasında Ermənistanda silah istehsalı ilə məşğul olan birgə müəssisələrin yaradılması barədə razılaşmalar əldə olunur.
Təbii ki, bu ilk növbədə, Ermənistanın maliyyə imkanlarının və hərbi büdcəsinin çox aşağı olması ilə bağlıdır. 2020-ci il üçün Ermənistanın dövlət büdcəsində müdafiə xərcləri 625 milyon dollar nəzərdə tutulub.
Bu isə Silahlı Qüvvələrin təminatı baxımından olduqca kiçik rəqəmdir.Ermənistan Silahlı Qüvvələrinin rəsmi saytında ölkə ərazisində silah və digər döyüş vasitələri istehsal edən 24 qapalı və məhdud məsuliyyətli səhmdar cəmiyyətin adı çəkilir.Ancaq Ermənistanda bu sayda hərbi müəssisə fəaliyyət göstərsə, o zaman Rusiyadan kredit hesabına silah almağa ehtiyac qalmazdı.Bu həm də Ermənistanda işsizliyin böhran həddinə çatmasının qarşısının alınmasında yardımçı vasitə olardı. Ermənistan Müdafiə Nazirliyi yalnız yerli istehsaldan “Qarni-Ler” şirkəti tərəfindən istehsal olunmuş “N-2” yaylım atəşi sistemləri, “TB-1” reaktiv mərmiləri və “Krunk” uçan pilotsuz aparatlarını nümayiş etdirib.
Əslində, hərbi sənaye kompleksinə aid edilən müəssisələr Köçəryan-Sarkisyan rejiminin hakimiyyəti dövründə Ermənistanın Rusiyadan aldığı kredit borclarının müqabilində girov verilib.Paşinyan iqtisadiyyatı Rusiyanın asılılığından xilas edəcəyinə dair vəd versə də, bunu yerinə yetirə bilmədi.Koronavirus pandemiyasının Ermənistanda ağır iqtisadi və sosial böhran yaratması hökuməti 2021-ci ildə çox güman ki, hərbi xərcləri bir qədər də azaltmağa vadar edəcək.Ona görə də Rusiya və Çindən silah almaq Ermənistan üçün problem olacaq.Azərbaycanın Serbiya hökumətinə kəskin etirazından sonra rəsmi Belqradın Ermənistana silah satışına dair müqaviləyə yenidən baxacağı ehtimalı yüksəkdir.
Bu baxımdan Ermənistan son zamanlar Rusiyanı həm investor, həm də tədarükçü qismində cəlb etməklə birgə silah istehsalının təşkilinə üstünlük verir.Yəni maliyyə xərclərindən əlavə yığılacaq silahların ehtiyat hissələri də Rusiyadan gətirilir.Məsələn, Bu ilin iyun ayının 3-də Ermənistanın "Royalsys Engineering Ltd" şirkətinin rəhbəri David Qalstyan və “Kalaşnikov” şirkətinin direktor müavini Andrey Barışnikov avtomat silahın yeni növünün istehsalına dair müqavilə imzalayıb. Sazişə uyğun olaraq, Rusiyadan idxal edilən ehtiyat hissələri əsasında İrəvandakı “Neytron QAM ” Qapalı Səhmdar Cəmiyyətində “Kalaşnikov” avtomatlarının “AK-103” modeli yığılır. Yaxud avqustun 25-də Moskvada keçirilən “Forum-2020” müdafiə sənayesi məhsullarının nümayişi sərgisində Ermənistanla Rusiya arasında növbəti razılaşma əldə edilib.Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyevlə görüşüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın verdiyi məlumata görə, tərəflər birgə müəssisələrin yaradılması və özəl hərbi-sənaye şirkətləri tərəfindən istehsalın təşkilinin vacibliyini müzakirə edib.
Qeyd edək ki, David Tonoyan silah sərgisində dəqiq və uzaq mənzilli taktiki raketlərə maraq göstərib.Görünür, tərəflər arasındakı müzakirə də həmin raketlərin Ermənistanda istehsalının təşkili ilə bağlı olub.
Bu isə “məxməri inqilab”dan sonra Ermənistanda siyasi mövqeləri zəifləmiş Kremlə hərbi dayaqlarını gücləndirmək və iqtisadi nəzarət imkanlarını da artırmaq imkanı yaradır.
Politloq Nəzakət Məmmədova hesab edir ki, Ermənistan de-fakto suveren dövlət olmadığına görə, onun müdafiə sənayesi də müstəqil ola bilməz. Yəni Ermənistanın Rusiyadan asılılığı hərbi sənaye kimi strateji sahədə də özünü göstərir. Lakin ekspertin fikrincə, Ermənistan güclü və çoxsaylı silah istehsal etmək potensialına malik deyil:
“Bu, Rusiyanın nəhəng hərbi sənaye komleksinin kiçik bir filialı, yaxud zavodu səviyyəsində ola bilər. Ermənistan böyük dövlət deyil ki, özünə hərbi sənaye kompleksi yaratsın.Ermənistanın bu sahəni inkişaf etdirmək üçün nə maliyyə imkanları, nə də kadr bazası yoxdur.Ukraynada və Belarusda bu sahəni yaxşı bilən kifayət qədər mütəxəssis var. Ermənistanda isə bunu görmək mümkün deyil.Ona görə də yerli silah istehsalı yenə də Rusiyanın köməyi ilə olacaq.Rusiya İrana hərbi sənayenin inkişafında, nüvə texnologiyasını əldə etməkdə yardım etdiyi kimi, Ermənistana da müəyyən silahların ehtiyat hissələrini göndərə bilər.Rusiya özü dünyanın ən aparıcı silah istehsalçılarından biridir.Ermənistanın istehsal etdiyi silalar nəinki dünya bazarına ixrac edəcək səviyyədə deyil, heç daxili tələbatı təmin edəcək miqdarda olmayacaq.Rusiyanın hansısa bir əyalətində mövcud olan bir zavodunun istehsalı gücündə olan bu kompleksin fəaliyyəti sadəcə, görüntü yaratmağa xidmət edir.Ola bilsin ki, Rusiya bunu gözdən pərdə asmaq üçün edir.Rusiyanın Ermənistana silah satması Azərbaycanın böyük narazılığına səbəb olur.Hətta Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinə zəng edərək narazılığını bildirib.Ona görə də Rusiya bu silahların guya Ermənistanda istehsal olunduğuna dair görüntü yarada bilər.Serbiyanın Ermənistana silah göndərməsi, Rusiyanın İran ərazisindən Ermənistana 400 ton silah ötürməsi ciddi siyasi qalmaqala səbəb oldu.Bu baxımdan, Rusiya Ermənistana silah təchizatını pərdələmək üçün belə bir siyasi fənd işlədə bilər. Amma Rusiya heç zaman Ermənistanın silah istehsalında maraqlı ola bilməz. Çünki Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan nə qədər etibarlı müttəfiq olduğunu göstərdi. Ermənistan istənilən an Rusiyanın nəzarətindən çıxmağa hazırdır. Kreml də belə bir etibarsız müttəfiqə özünün silah texnologiyasını verməz”.Ermənistanda silah istehsalı ilə məşğul olan birgə müəssisələrin yaradılması Nikol Paşinyana Rusiyanın siyasi elitasını təşkil edən hərbi-sənaye komleksinin dəstəyini qazanmaqda yardımçı ola bilər.
Nəzakət Məmmədova isə hesab edir ki, Paşinyanın formal olaraq ordunun Ali Baş Komandanı olsa da, silah istehsalı və alışında səlahiyyət sahibi deyil.
“Paşinyana hərbi elitaya daxil olmaq ixtiyarı verilməyib. O, siqaret biznesi ilə məşğul olur. Yəni Paşinyana müəyyən sahələri versələr də hərbi sənaye, silah istehsalına müdaxilə imkanları yoxdur.Çünki Paşinyanın belə səlahiyyəti olsa, o zaman onu hakimiyyətə gətirən ABŞ və digər Qərb ölkələri hərbi-sənaye kompleksinə daxil olacaq, Ermənistan ordusuna təsir göstərmək imkanı qazanacaq.Bu, Rusiyanın Cənubi Qafqazdakı ən gülü silahını əlindən almaq olardı.Paşinyan Rusiyanın təsirini azaltmaq üçün Ermənistanda müqavilə ilə xidmət göstərən ordunun yaradılmasını təklif etmişdi.Lakin dərhal daşnaklar bəyanat yayaraq onu devirməklə hədələdilər. Yəni Rusiya-Ermənistan hərbi münasibətlərinin Paşinyana aidiyyatı yoxdur ”.Politoloq qeyd edib ki, hərbi sənaye komleksinin yaradılması Azərbaycanla münaqişədə Ermənistanın mövqeyini gücləndirməyəcək:
“Ermənilər yeni, qorxulu silah ixtira etmir ki, Azərbaycan da ondan müdafiə olumaq haqqında düşünsün. Rusiya vaxtilə Azərbaycana satdığı silahları indi də Ermənistana satır.Yəni Rusiya münaqişə tərəflərin arasında balansı saxlamağa çalışır.Rusiya istəyir ki, tərəflərdən biri digərindən güclü olmasın.Ona görə də Ermənistanın silahı Azərbacan üçün təhlükə törətməyəcək. Ermənistanda istehsal olunacaq silahlar Rusiyanın indiyə qədər ona verdiyi ən ağır silahlardan güclü ola bilməz. Ermənistan “İskəndər” raketləri istehsal etməyəcək ki?Bu baxımdan, biz ən təhükəli mərhələləri 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin yayında Tovuzda keçmişik”.Müşfiq Abdulla
Cebhe.info