Beynəlxalq aləm hüquq müdafiəçisinin həbsinə etiraz edir
"Leyla Yunusun həbsi Azərbaycanda insan haqlarının ağır vəziyyətinə yeni nümunədir"
Norveç İnsan Hüquqları Evi Fondu hüquq müdafiəçisi Leyla Yunusun həbsini və onun həyat yoldaşı Arif Yunusun təqib edilməsini pisləyib. Təşkilatın bəyanatında bu həbs Azərbaycanda insan hüquqları müdafiəçilərinə və fəallara qarşı görünməmiş “repressiya dalğası”nın bir hissəsi adlandırılır.
“Əgər Leyla Yunus və Arif Yunusa qarşı ittihamlar “təsdiqlənərsə”, Azərbaycanda daha bir siyasi motivli həbs olacaq”, - bəyanatda vurğulanır. Sənəd müəllifləri vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamların Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya qarşı sürülən ittihamlarla eyni olduğunu xatırladıb.
Hüquq müdafiəçisi Leyla Yunusun həbsi Azərbaycanda insan hüquqlarının ağır vəziyyətinə yeni nümunədir. Bu barədə beynəlxalq Amnesty International təşkilatının bəyanatında deyilir.
“Leyla Yunus uzun müddət hökumətin təhdid və hədə-qorxu ilə susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər”, - təşkilatın nümayəndəsi Natalya Nozadze bildirib. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olmasına baxmayaraq, ölkədə hüquq müdafiəçilərinin təqib olunması davam edir. İyulun 30-da məhkəmə L.Yunusu üç ay müddətinə həbs edib. Onun həyat yoldaşı A.Yunusun sərbəst hərəkəti məhdudlaşdırılıb. Hakimiyyət Leyla və Arif Yunusları dövlətə xəyanətdə, dələduzluqda və vergidən yayınmada ittiham edib. Amnesty International hesab edir ki, L. və A.Yunuslara qarşı ittihamlar saxtalaşdırılıb və L.Yunusun fəaliyyətinə görə təqib olunması prosesinin tərkib hissəsidir. L.Yunus ötən həftə mətbuat konfransı təşkil edərək ölkədə insan hüquqları pozulduğundan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykota çağırıb. Həbsindən əvvəl Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı cinayət işi ilə əlaqədar müntəzəm olaraq prokurorluğa çağırılıb. "Bu günkü həbs ölkədə müntəzəm tənqidi səslərin amansız yatırılmasının başqa bir nümunəsidir. Avropa Şurasının üzvləri Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bu ölkənin hakimiyyətinə etiraz etməlidir”, -N. Nozadze bildirib.
Hazırda Amnesty International ölkədə ən azı 19 vicdan məhbusunun olduğunu qeyd edir.
Britaniyada yerləşən “Index of Censorship” təşkilatının saytında Leyla Yunus həbsi ilə bağlı məqalə dərc olunub (azadliq.org). Məqalədə deyilir:
“Azərbaycanda ifadə azadlığına iki baxış var. Biri prezidentin və onun ətrafının reallığa məhdud baxışıdır. Bu baxış həm də prezidentin həqiqətə etinasızlığı ilə uzlaşır. Digər baxış isə etinasız yanaşılan vətəndaşların baxışıdır. Bu adamların həyatı maneələrlə doludur.
Azərbaycan prezidenti deyir ki, ölkədə bütün fundamental azadlıqlar təmin olunur. Burda media azaddır, internet azaddır.
Ancaq Azərbaycan Dünya Mətbuat azadlığı indeksində 160-cıdır, Freedom House Mətbuat Azadlığı İndeksində 183-cüdür, Freedom Housun azadlıq hesabatında “qismən azad” ölkədir.
Hazırda Azərbaycanda azı 10 jurnalist həbsxanada uzunmüddətli həbsini çəkir. 5 blogger, 8 gənc fəal və vətəndaş cəmiyyəti təmsilçisi həbsdədir. Amnesty İnternational təşkilatının fikrincə, 2013-cü ildə Azərbaycanda azı 19 vicdan məhbusu var idi. İndi isə insan haqları müdafiəçisi Leyla Yunus həbs olunub.
Amnersty İnternational təşkilatı yaydığı press-relizində yazır ki, Azərbaycanda insan haqları fəallarının təqib olunması davam edir, hərçənd Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir və Avropa Şurasının üzvü kimi insan haqlarına hörmət etmək haqda öhdəlik götürüb.
Azərbaycanda sonuncu belə təqibə məruz qalan Leyla Yunusdur. Amnesty İnternationalın Azərbaycan üzrə təhlilçisi Natalia Nozadze deyir: “Leyla Yunus Azərbaycanda hələ də qalmış müstəqil səsdir. Onu uzun müddətdir ki, hökumət qorxutma və hədələrlə susdurmaq istəyirdi”. Nozadze deyir ki, bu, baş tutmayanda ittihama və həbsə keçdilər. Təhlilçinin fikrincə, Leyla Yunusu hökuməti tənqid etdiyinə görə cəzalandırırlar.
Məhkəmə bu yeni ittihamlarla Leyla Yunusa 3 aylıq həbs cəzası kəsib. Onun həyat yoldaşı Arif Yunusdan isə Bakını tərtk etməmək iltizamı alınıb.
Nozadze hesab erdir ki, Avropa Şurasının üzvü olan ölkələr Azərbaycan hakimiyyətindən onun öhdəliklərilə bağlı hesabat tələb etməlidirlər.
Nozadze deyir ki, Azərbaycan hakimiyyətinin pozduğu insan haqları prinsiplərinin siyahısı isə uzundur”.
“Amnesty İnternational” təşkilatı hüquq müdafiəçisi Leyla Yunusu vicdan məhbusu elan edib. Bu barədə təşkilatın saytında rəsmi məlumat yerləşdirilib. Məlumatda Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun üzləşdiyi təzyiq dalğasından, onların ötən gün saxlanılmasından və xanım hüquq müdafisəçisinin 3 aylıq istintaq müddəti üçün həbs ediməsindən bəhs olunur.
Azərbaycan hakimiyyəti məşhur hüquq müdafiəçisi Leyla Yunusu dərhal azad etməli və ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli ittihamları ləğv etməlidir. Bu barədə Human Rights Watch hüquq müdafiə təşkilatının bəyanatında deyilir.
“Son dörd ayda irəli sürülən ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır”, deyə Human Rights Watch-un Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.
“Hakimiyyət Azərbaycanın aparıcı hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına dərhal son qoymalı və onlara maneəsiz işləmək imkanı yaratmalıdır”, deyə o əlavə edib.
Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin rəhbərləri açıq-aşkar göstərməlidirlər ki, Yunusların təqibi onların Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcək.
Yunuslar Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edilərək, iyulun 30-da onlar saxlanılıb prokurorluğa gətirildikdən sonra bir neçə saat dindiriliblər.
Müstəntiqlər Yunusların xalq diplomatiyası üzrə layihələrdə Azərbaycan vətəndaşlarının cəlb edilməsi zamanı xarici qrantlardan istifadə ediblər. Əslində isə bu qrantlardan casusluq fəaliyyətinin ört-basdır edilməsi üçün istifadə ediblər.
6 saat dindirmədən sonra prokurorluq Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət, fırıldaqçılıq, vergi ödənişindən yayınma və s. ittihamlarla cinayət işi açıb.
Bundan sonra məhkəmə Leyla Yunusu 3 ay müddətinə həbs edib, Arif Yunus isə ev dustaqlığına buraxılıb.
Azərbaycanda çoxdan hakimiyyəti tənqid edənlərə qarşı saxta ittihamlardan istifadə olunur. Son iki ildə hakimiyyət 40-dan çox siyasi fəala, jurnalistə, blogerə və hüquq müdafiəçisinə qarşı əsassız cinayət işi açıb, onların əksəriyyəti həbsdədir.
Mayın 15-də Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladıqdan sonra da tənqdi səslərin boğulması davam edir, deyə Denber qeyd edib.
Fransanın “Le Figaro” qəzeti hüquq müdafiəçisi Leyla Yunusun həbsindən yazıb. Məqalədə deyilir:
“Fransanın Şərəf Legionu Ordeni ilə mükafatlandırılmış azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-da səhər saat 11.45-də evinin qarşısında saxlanılaraq həbs olunub. Bu barədə Frans-Press Agentliyinə onun nümayəndəsi Yusif Ağayev məlumat verərək bildirib ki, hüquq müdafiəçisi mətbuat konfransına getmək üçün evdən çıxaraq avtomobilə əyləşib və evinin yaxınlığında maşının qarşısını kəsiblər. Üç nəfər şəxs maşına hücum edərək, həm sürücünün, həm də Leyla Yunusun telefonunu alıblar. Leyla Yunusu zorla prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıblar. Ardınca Leyla Yunusun həyat yoldaşı Arif Yunus da hədələnərək, həmin idarəyə çağırılıb.
Leyla Yunus və həyat yoldaşı Fransa prezidenti Fransua Ollandın Bakıya builki səfərindən bir neçə gün əvvəl – aprelin 28-də Bakı hava limanında saxlayaraq, ölkədən çıxışlarına imkan verməmişdilər. Yunusların şəxsi əşyalarını, sənədlərini əllərindən almış, Leyla Yunus prokurorluqda altı saatlıq dindirmədən sonra buraxdırmışdılar. Şərəf Legionu Ordeninin sahibi olan Leyla Yunus eyni zamanda, Sülh və Demokratiya İnstitutunun direktorudur. O, uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Azərbaycan və Ermənistan arasında yaranmış problemin həlli, xalqlar arasında barışıq əldə olunması istiqamətində fəaliyyət göstərirdi. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, neftlə zəngin olan bu keçmiş sovet ölkəsində İlham Əliyevin rəhbərlik etdiyi rejim istənilən fərqli fikri, müxalif mövqeni boğur”.