ÜST-dən fövqəladə rejimi uzatmaq çağırışı: Bakı üçün son 3 gün...
Həkimlər və deputat karantin rejiminin uzadılmasını, lakin rayonlara gediş-gəlişi, şadlıq saraylarının açılmasını təklif edirlər; professor: “Payız gəlir, diqqətli olmaq lazımdır”
Avqustun 31-dən 13 şəhər və rayonda sərt karantin rejimi ilə vidalaşmalıyıq. Amma əfsus ki, bu ehtimal olduqca azdır. Bir yandan son günlərdə koronavirusa yoluxanların sayındakı nisbi artım, bir tərəfdən də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətin davam etməli olduğu çağırışı bu proqnozları şərtləndirir.Düzdür, əhali karantinin uzadılacağı xəbərlərinə psixoloji hazırdır. Amma hamı yorulub, həyat monotonlaşıb, iqtisadi şərait pisləşib, karantinlə yaşamaq insanları təngə gətirib. Üstəgəl, daha sərt karantinə qayıdışın sentyabrın sonu, oktyabrın əvvəlinə təsadüf edəcəyi fikirləri səslənməkdədir.
ÜST-ün COVID-19 üzrə mətbuat katibi Marqaret Harris də qeyd edib ki, nə vaxt bütün ölkələrdə yoluxma və ölüm halları azalacaq, ölkələr arasında yoluxma olmayacaq, o halda fövqəladə vəziyyəti ləğv edəcəyik, hazırda isə həmin şərtlərdən çox uzağıq. Yəni, bu açıqlama kifayət edir ki, avqustun 31-dən sonra bizi hansı qərar gözlədiyini təxmin edək. Halbuki deputatlar, mütəxəssislər, həkimlər karantini daha da yumşaltmağa, qaydalar çərçivəsində yaşamağa çağırır, bağlanan ticarət mərkəzlərini, rayonlara gediş - gəlişi açmağı təklif edir, qadağaların hamısının ləğvini tələb edirlər.
Eyni zamanda, dərslərin açılması ilə bağlı tövsiyələr irəli sürülür. Hətta iddialar var ki, son bir həftədə yoluxmada eniş müşahidə olunsa, dərslər ənənəvi qaydada açıla bilər. Lakin Təhsil İnsititunun Təhsil Nazirliyinə təkliflərindən aydın olur ki, aşağı siniflər həftədə 2-3 gün dərsə gedəcək, yuxarı siniflər və tələbələr isə onlayn dərslərə davam etməli olacaqlar. Xülasə, Nazirlər Kabinetinin karantinlə bağlı son qərarı qəbul etməsinə üç gün vaxtı var. Şərtlərə, gedişata, təkliflərə baxmayaraq, vəziyyət göstərir ki, hökumət çətin karantini tam aradan qaldırsın.Eyni zamanda, qonşu ölkələrdə vəziyyət ürəkaçan deyil: Türkiyənin 14 vilayətində toy-nişan qadağan olunub, yoluxma artıb, İranda Məhərrəmlik mərasimləri bəzi şəhərlərdə keçirilmir, Gürcüstanda da öz tempinə uyğun artım var, Rusiya və Ermənistanda da gündəlik yoluxma aşağı düşmür.
Azərbaycan Həkimlər Birliyinin üzvü, doktor Ədalət Rüstəm də “Yeni Müsavat”a bildirdi ki, karantin rejiminin uzadılması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, buna əsaslar çoxdur, xüsusən də vətəndaşlarda intizamsızlıq müşahidə olunur. Ə.Rüstəm hesab edir ki, karantinlə həyatı davam etmək olar.
“Üzvü olduğum Azərbaycan Həkimlər Birliyi də Operativ Qərargaha müraciət etmişdi. Biz təklif edirik ki, bağlanan iş yerləri açılsın, karantin yumşaldılsın, amma davam etsin. İnsanlar karantin qaydalarına riayət etməklə işləsinlər. Həkimlər qeyri-adi məsləhət vermirlər, aylardır deyirik ki, üç tələbə əməl etmək lazımdır - maska taxmaq, sosial məsafə gözləmək, dezinfeksiya...”Həkimin fikrincə, son günlər yoluxmanın artma səbəbi sırf yumşalmalarla bağlıdır: “Mən demişdim ki, avqustun 25-dən sonra yoluxma sayı artacaq. Bu da səbəbsiz deyil, insanlar gərək məsuliyyətli olsunlar. Amma başqa yol da yoxdur. Ona görə karantin yumşaldılmalı və davam etməlidir”.
Adil QeybullaTibb üzrə professor Adil Qeybulla da “Yeni Müsavat”a söylədi ki, karantin bütövlükdə ləğv oluna bilməz. Onun sözlərinə görə, dünyada koronavirus xəstəliyi bitən son günə qədər karantin davam etməlidir. A.Qeybulla hesab edir ki, sadəcə, “Evdə qal” karantininə qəti qayıtmaq olmaz: “Karantinin yavaş-yavaş yumşaldılmasına gedilməlidir, bölgələrə gediş-gəliş açılmalıdır. Amma qapalı mühitdə, ictimai nəqliyyatda karantin davranışlarına nəzarət sərt olmalıdır. Üstəlik, qarşıdan payız gəlir, soyuqdəymə də olacaq. Bu da COVID-19-la qarışa bilər. Ona görə diqqətli olmaq lazımdır”.
Vüqar BayramovDeputat Vüqar Bayramov isə təklif edib ki, epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, Azərbaycanda yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil: “Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur. İctimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlar ilə şadlıq saraylarında fəaliyyətə icazə verilsin”.
Bu arada son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. TƏBİB məlumat yayıb ki, monitorinq məqsədi ilə işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb. Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan ŞMX və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb. Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-nin baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 35707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, aktiv xəstə sayı 1904 nəfərdir. Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub. Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 820 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
Emil SALAMOĞLU“Yeni Müsavat”