Lukaşenko əlində avtomat NATO-nun nüvə raketinə qarşı?
28-08-2020, 19:58
Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə gün əvvəl, Minskdə müxalifətin izdihamlı yürüşünün keçirildiyi vaxt əlində avtomat vertolyotla iqamətgahına getməsini əsaslandırıb. Virtualaz.org xəbər verir ki, Lukaşenkonun açıqlamasına BELTA rəsmi xəbər agentliyi yer verib. Lukaşenko deyib ki, həmin gün Berlindən Belarus sərhədlərinə doğru NATO-nun 18 F-16 qırıcısı göndərilmişdi. “Hansı ki, onlar bizim ərazilərimizdən 15-20 dəqiqəlik uçuş məsafəsindədir. Asqınlarında nə var, bilinmir. Bəlkə də nüvə silahı var. Mən ən pis variantdan çıxış edirəm”,-Belarus rəhbəri bildirib. “Və siz məni tənqid etməyə başlayırsınız ki, əlimdə avtomatla küçələrdə qaçıram və öz xalqıma atəş açmağa hazıram. Qulaq asın, mən əsrin dörddə biri ərzində xalqa heç barmaq göstərməmişəm, o ki qaldı atəş açmaq”,-o əlavə edib. Avqustun 23-də yayılmış videokadrlarda görünür ki, Lukaşenko zirehli gödəkcədə və alində avtomat vertolyotla Minskin üzərindən uçur. O, müxalifət tərəfdarlarının “siçovul kimi qaçdıqlarını” deyir. Kadrlarda Lukaşenkonun oğlu Nikolayın da hərbi formada və avtomatla olduğu görünür. Vertolyot iqamətgahın ərazisinə enəndə Lukaşenko əlində avtomatla çıxıb və binanı qoruyan OMON-çularla salamlaşıb. BELTA onu da xəbər verir ki, Lukaşenko son müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Belarusa yeritmək üçün ehtiyat qüvvələr formalaşdırıldığı barədə bəyanatını da şərh edib. “Siz dünən qonşumuz və mənim yaxşı dostumun bəyanatını eşitdiniz. Bu ona görə deyil ki, rusiyalılar Belarusu müdafiə etmək istəyir. Qulaq asın, biz özümüz özümüzü müdafiə edəcəyik. Lakin biz Rusiya prezidenti ilə birlikdə bunu başa düşürük ki, büdrəsək nə baş verər”,-Lukaşenko bildirib.