Rusiya müxalifətinin lideri Aleksey Navalnının yerləşdirildiyi Berlin klinikasının ekspertləri ona qarşı döyüş təyinatlı kimyəvi vasitədən istifadə edildiyi qənaətinə gəliblər. Virtualaz.org xəbər verir ki, bu haqda “Der Spiegel” yazır.
Nəşrin yazdığına görə, “Charite” klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji laboratoriyasından kömək istəyiblər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir.
“Der Spiegel” nəşrinin və Bellingcat araşdırma platformasının birgə məlumatına əsasən sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilib. Həmin mərkəz keçmiş QRU zabiti Sergey Skripalın və qızının Solsberidə “Noviçok” adlı döyüş təyinatlı maddə ilə zəhərlənməsini araşdırıb.
Bundan əvvəl “Charite” klinikasının ekspertləri Bolqarıstana da sorğu veriblər və QRU tərəfindən zəhərlənən silah alverçisinin zəhərlənməsi ilə bağlı məlumatları istəyiblər.
Nəşr yazır ki, Almaniya kansleri Angela Merkel rusiyalı müxalifətçinin başına gələnlərdən çox narahatdır. “O, hər gün Navalnının səhhəti ilə bağlı ətraflı informasiya alır”,-nəşr bildirir.
Aleksey Navalnı Moskvaya uçarkən təyyarədə halı pisləşib və təyyarə Omska təcili eniş edib. Orada onu koma vəziyyətində yerli xəstəxanaya yerləşdiriblər. Qərb ölkələrinin və ailəsinin təzyiqi ilə bir neçə gün sonra Navalnının Almaniyaya aparılmasına icazə verilib.
Virtualaz.org