Sənə həsəd aparıram, Pərviz!
Avqustun 1-i hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimlinin ad günüdür. Pərviz bu ad gününü, möcüzə baş verməsə, türmədə keçirəcək. Qızı - balaca Zeynəb üçün istədiyi süfrəni açmağı bacarmayacaq. Amma nə qəm... Bu bəlkə də bir fürsətdi Zeynəbi görmək üçün. Türmə həyatını bilənlər bilir ki, dustaq üçün bundan böyük bayram mümkünsüzdü. Sentyabrda Pərvizin günahsız həbsindən bir il ötəcək. Onun günahsızlığını Azərbaycan məhkəmələri özlərində cəsarət taparaq təsdiqləyə bilmədi, dünya isə şükür ki, bizim məhkəmələr qədər ədalət hissini itirməyib. Ona görə də Pərviz bu gün “vicdan məhbusu” olaraq tanınır. Günahsız bir insanın bir il nədi, bir gün də azadlıqdan məhrum edilməsi zülmdür. Ancaq nə edəsən, belə hallar olmasa da, biz vicdanın Azərbaycanda diri olduğunu, bu ölkədə vicdana qarşı savaş elan edildiyini indiki kimi asan sübut edə, göstərə bilməzdik. Bu da var, “quldar cəmiyyətdə vicdanlı adamın özünü ən rahat hiss etdiyi yer həbsxanadır”. Ona görə də hətta Pərvizə bir az həsəd də aparmaq olar. Ad günün mübarək, Pərviz bəy! Ümidvarıq ki, bizi sonadək sınmaz iradənlə, əqidənə sadaqətinlə təəccübləndirəcəksən.
Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunub. Onlara qarşı odlu silah və döyüş sursatının qaçaqmalçılığı, odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı onu "vicdan məhbusu" elan edib.