Koronavirus və məktəblər: Azərbaycan və dünya ölkələrində dərslər necə başlayır?
1-09-2020, 09:25
Avropanın bir çox ölkələrində məktəblilər sentyabrın 1-dən siniflərə qayıdırlar.
Britaniya
Britaniyada sentyabrın 1-dən başlayaraq İngiltərə və Uelsdə uşaqlar məktəbə gedəcək. Şotlandiya və Şimali İrlandiyada təhsil artıq avqust ayından başlayıb. Təhsil Departamenti tövsiyə edib ki, orta məktəblərdə, yəni, 11 yaşından başlayaraq hamı (Britaniyada bu yaşdan uşaqlar yeddinci sinfə gedir) dəhlizlərdə və digər ümumi məkanlarda maska taxsın. Yalnız lokal karantinin tətbiq edildiyi bölgələrdə məktəblərdə bu qaydadan istisnalar olacaq - həmin bölgələrdə dəyişikliklərdə maska taxılması - həm şagirdlər, həm də müəllimlər üçün məcburi olcaq. Dərslərdə isə maska taxmaq tələb olunmayacaq. Təhsil Departamenti məktəblərə tövsiyə edir ki, əgər belə bir imkan varsa, məktəbliləri sinif və ya illik qrupun "kürələrində" saxlasınlar (məsələn, bir sinif üçün bütün fənlərdən dərs bir otaqda keçilsin), siniflərdə daha çox sayda sanitayzerlər yerləşdirilsin, çox toxunulan əşyalar tez-tez dezinfeksiya olunsun, həmçinin müəllimlərdən bir-biri ilə və şagirdlərlə sosial məsafəni saxlamaq barədə xahiş edilsin.
Rusiya
Rusiya məktəblilərinin əksəriyyəti həmişəki kimi sentyabrın 1-dən məktəbə gedəcək, lakin bu il virusa görə məktəb önündə şagirdlərin toplantısı və "ilk zəng" mərasimləri olmayacaq. Bununla yanaşı, Moskva da daxil olmaqla, bir çox regionlarda uşaqların bir hissəsi evdə qala bilər: əgər valideynlər uşağı məktəbə buraxmağa qorxurlarsa, həmin uşağa "məsafəli tədrisdə" qalmaq və tapşırıqları internet vasitəsilə almaq və yerinə yetirmək icazə veriləcək. Rusiyalı məktəblilər koronavirus dövründə mümkün qədər çox eyni sinifdə oturacaqlar, otaqdan otağa keçən isə müəllimlər olacaqlar. Bundan əlavə, Rusiya məktəblərinə müxtəlif siniflər üçün dərslərin başlanmasının müxtəlif vaxtlarını tətbiq etmək göstərişi verilib ki, girəcəklərdə və soyunma otağında hər dəfə sıxılıq yaranmasın. Valideynlər üçün məktəb iclaslarının internetdə keçirilməsi planlaşdırılır. Bütün Rusiya məktəblərində mütləq həkim olacaq; siniflərin tez-tez dezinfeksiya olunması nəzərdə tutulub, məktəbə girişdə hamının temperaturu ölçüləcək. Məktəblilərdən kimsə koronavirusa tutulsa, bütün sinif karantinə göndəriləcək. Ukrayna Ukraynanın bölgələri infeksiyaya yoluxma hallarının sayından asılı olaraq, müəyyən kateqoriyaya aid edilir: yaşıl, sarı, narıncı və ya qırmızı və "qırmızı zonalarda" sentyabrın 1-də məktəblər açılmayacaq. Region tədris ili ərzində "qırmızı" kateqoriyaya düşərsə, məktəblərdə iki həftəlik karantin elan olunacaq və uşaqlar evdə təhsil alacaqlar. Şagirdlərdən və ya müəllimlərdən kimdəsə virus aşkar olunsa, vəziyyətdən asılı olaraq bütün sinif və ya bütün məktəb karantinə göndəriləcək. Sinifdən kənarda, ibtidai məktəbdə olan uşaqlar istisna olmaqla, Ukrayna məktəblərində hər kəs üçün maska taxmaq mütləqdir, lakin dərslərdə maska taxmamaq da olar. Ukrayna Təhsil Nazirliyi imkan daxilində bütün fənləri eyni otaqda və açıq havada tədris etməyi tövsiyə edir. Eləcə də antiseptiklərdən imkan olduqca istfadə edilməsi məsləhət görülür.
Estoniya
Estoniyada məktəblər ümumiyyətlə, kifayət qədər müstəqildir (məsələn, proqram və tədris üsullarının seçilməsində) və koronavirusa qarşı mübarizədə Təhsil Nazirliyi də onlara hərəkət azadlığı verir: təhlükəsizlik tədbirlərindən hansını həyata keçirməyi hər bir məktəb özü həll edə bilər. Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi yalnız tövsiyələr verirlər. Ümumiyyətlə, Estoniyada bütün təhsil müəssisələri həmişəki kimi sentyabrın 1-dən açılır, lakin rəsmilər pandemiyanın yeni dalğası başlayacağı təqdirdə qiyabi təhsilə keçməyə hazır olmağı tövsiyə edir.
Almaniyada
Almaniya məktəblərində tədris ili sentyabrın 1-dən deyil, avqust ayında başlayıb. Yerli mətbuatın xəbər verdiyinə görə, artıq minlərlə alman məktəbli yenidən karantin rejiminə qayıtmalı olub: demək olar ki, bütün Avropada olduğu kimi, Almaniyada da yoluxmaların sayı artır və məktəblərdə də yeni virus daşıyıcıları aşkar olunur.
Fransa
Fransada infeksiyaya yoluxanların sayı yenidən sürətlə artır, 11 və yuxarı yaşda olan bütün şagirdlər, yəni orta və yuxarı sinif şagirdləri, eləcə də müəllimlərdən maska taxmaq tələb olunur.
Bütün məktəblilər və müəllimlər gündə ən azı bir neçə dəfə əllərini yumalı və ya dezinfeksiya etməlidirlər: məktəbə daxil olmazdan əvvəl, yeməkdən əvvəl və hər bir tənəffüsdən, tualetdən və məktəbdən sonra. Əgər kimsə uşağı məktəbə göndərmək istəmirsə, bu haqda yerli hakimiyyət orqanlarına müraciət etməlidir. İspaniya Koronavirusla bağlı Avropa ölkələri arasında ən ağır durum hazırda İspaniyadadır. İspaniyada altı yaşından başlayaraq bütün şagirdlər maska taxmalı, əlləri gündə beş dəfədən az olmayaraq yumalı və sosial məsafəyə riayət etməlidirlər. Məktəbin girişində şagirdlərin temperaturu ölçüləcək; siniflərdə müntəzəm olaraq dezinfeksiya işləri aparılacaq. İspaniya məktəblərində kimdəsə virus aşkarlanarsa, bu zaman müəllimlərlə birlikdə bütün sinif karantinə göndəriləcək, yoluxanların sayı çox olduğu halda isə bütün məktəb karantinə göndəriləcək.
Türkiyə
Türkiyədə ölkənin təhsil naziri Ziya Selçuk Ankara Muazzez Karaçay ibtidai məktəbində tədris ilinin açılış mərasiminə qatılaraq ilk dərs zəngini çalıb və beləliklə 2020-2021 tədris ilinin distant təhsil formatının başlandığını elan edib. Milyonlarla tələbə Türkiyədə əyani təlimin başlanması planlaşdırılan sentyabrın 21-dək TRT EBA televiziya kanalında distant təhsil alacaqlar. Distant təhsil 18 sentyabr cümə gününə qədər davam edəcək və tutulmuş plana uyğun olaraq, əyani tədris sentyabrın 21-dən həyata keçiriləcək.
Azərbaycan
Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq, təhsil naziri Emin Əmrullayev bildirib. O, Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə axşamı keçirdiyi brifinqində bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərdə dərslərin həftədə 2 və ya 3 dəfə məktəbdə keçiriləcək. Nazir qeyd edib ki, ibtidai siniflərdə 650 mindən çox şagird var ki, onlardan da 250 mindən çoxu epidemoloji vəziyyəti həssas olan Bakıda və Abşeron rayonunda yaşayır. Emin Əmrullayev bildirib ki, V-XI sinif şagirdləri sentyabrın 15-də dərslərə onlayn şəkildə başlayacaq, oktyabrın 1-də isə epidemoloji vəziyyətdən asılı olaraq, onlar məktəbə tədricən qayıdacaqlar. Hələlik bu, həftədə 2 ya 3 dəfə nəzərdə tutulub. Nazir vurğulayıb ki, əgər epidemoloji vəziyyət uyğun olarsa, oktyabrın 15-dən X-XI sinif şagirdlərinin məktəbə qayıtması planlaşdırılır. Emin Əmrullayev bildirib ki, əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıdırlar.