Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev barəsində səsləndirilən ittihamları cavablandırmaqda davam edir. ANAXEBER. Info xəbər verir ki, xüsusi karantin rejimində nəvəsinin toy mərasiminin keçirilməsi ilə gündəmə gələn AMEA prezidenti bu hadisənin fonundan ona ünvanlanan tənqidlərlə bağlı artıq üçüncü məqaləsini yazıb. Ramiz Mehdiyevin cavablarının sayı artdıqca yazdığı məqalələrdə tənqidin dozası da artır. O, əgər birinci məqalədə yalnız nəvəsinin toyu ilə bağlı iradları cavablandırmışdısa, növbəti yazısında onu tənqid edənləri topa tutmaqla yanaşı hədələyib. Sonuncu məqalədə isə Ramiz Mehdiyev demək olar ki, bütün cəbhələrdə hücuma keçib. AMEA prezidenti faktiki olaraq cəmiyyət narahat edən problemlərə, yarıtmaz idraəetmə sisteminə görə özünü təqsirkar bilmir. Ramiz Mehdiyev aydın şəkildə yazır ki, bu barədə tənqidlərə belə eşitmək istəmir. Halbuki o, 24 il Prezident Administrasiyasının (PA) rəhbəri olub. Doğrudur, onun vəzifəsi bürokratik postdur. Lakin Ramiz Mehdiyev bu vəzifəni siyasi posta, özünü isə hakimiyyətin ən əhəmiyyətli siyasi fiquruna çevirə bilib. Hər halda 2003-cü ildən bu yana Azərbaycan hakimiyyətinin tutduğu siyasi xətt Ramiz Mediyevin ayağına yazılıb. İstər media, istirsə də digər sahələrdəki problemlərə görə akademik ittiham olunub. Amma akademik bu barədə iddialara PA rəhbəri olarkən cavab verməyib. İndi siyasi analitiklər hesab edir ki, Ramiz Mehdiyevin özünü məsuliyyətdən kənar saxlaması, səlahiyyətləri və qanunun ona verdiyi hüquqular çərçivəsində faəliyyət göstərdiyini söyləməsi əslində problemlərə görə ölkənin birinci şəxsini və yeni komandanı nişan verməsi anlamına gəlməlidir. “Lakin məni az qala Azərbaycanda keçmişdə baş vermiş və gələcəkdə baş verəcək bütün günah və cinayətlərdə ittiham edənlərin məntiqi həqiqətən də ağlasığmazdır. Xarici İşlər, Mədəniyyət, Təhsil, Səhiyyə, Milli Təhlükəsizlik sahələrinin öz rəhbərləri olduqları halda, oradakı bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir? Bu yanaşma kimin işinə yarayır?”, - deyə Ramiz Mehdiyev məqaləsində bildirib. Akademikin Xarici İşlər, Mədəniyyət, Təhsil, Səhiyyə və Milli Təhlükəsizlik nazirliklərinin adını çəkməsi təsadüfi deyil. Onun bu qurumlara təsir imkanları o qədər də güclü olmayıb. Bu qurumların daha çox hakimiyyətdəki ikinci soyada bağlı olması barədə iddialar var. Görünür, bu iddialar əsassız deyil. Ramiz Mehdiyev də onların adını çəkməklə bu sahələrdəki problemləri yada salmağa və onu hakimiyyət komandasında arzulamayan rəqiblərinə mesaj verir. Qarşı tərəfdən akademikin hədə dolu mesajlarına necə cavab veriləcəyini isə zaman göstərəcək.
ANAXEBER. Info
Turan