"TƏCİLİ TÜRKİYƏ İLƏ HƏRBİ MÜTTƏFİQLİK SAZİŞİ İMZALANMALIDIR"

4-09-2020, 09:57   





Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişinin imzalanması və ardınca intensiv strateji dialoq başladılmalı və ikitərəfli münasibətlər, həqiqətən, strateji səviyyəyə qaldırılmalıdır

Sülhəddin ƏKBƏR,Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili
I YAZI
Xatırlayırsınzsa, düşmənin Tovuz istiqamətində hərbi təxribat törətməsindən və ya döyüşlə kəşfiyyat əməliyyatı həyata keçirməsindən sonra, 16 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında” başlığı altında təkliflər paketi ilə çıxış etmişdim(https://strateq.az/manshet/447296/sulhəddin-əkbər-....
Və Azərbaycan Respublikasının mövcud qlobal, regional və lokal durumu, eyni zamanda onların başlıca inkişaf meyllərini nəzərə alaraq, vaxt itirmədən hansı kompleks qəti addımları atmalı olduğunu göstərmişdim.
Dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, həmin tarixdən bugünədək ötən dövr ərzində, müəyyən təşəbbüslərin edilməsinə baxmayaraq, göstərilən həmin qəti addımların atılmaması üzündən daha da aktuallaşan və kəskinləşən bu həyati mövzuya yenidən qayıtma ehityacı duydum.
Bu gün həmin təkliflər paketinin çox aktual hesab etdiyim bir istiqaməti – qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin qurulması ilə bağlı olan hissəsi üzərində dayanmaq istəyirəm.
Məlum təkliflər paketində göstərmişdim ki:
“Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası” qəbul edilməli(https://strateq.az/siyaset/429209/sulhəddin-əkbər-...;
– Demokratik siyasi strateji seçim edən, “Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası”nı qəbul edən rəsmi Bakı, eyni zamanda kompleks aktiv siyasi-diplomatik fəaliyyətə başlamalı;
– Təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə siyasi-strateji müttəfiqlik münasibətlərinin qurulmasına öncəlik verməli;
– Türkiyə-Azərbaycan-Gürcüstan üçlü formatını strateji öncəliklər səviyyəsinə qaldırmalı;
– Ən başlıcası, qardaş Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalanmalı, ölkəmizdə (ilk növbədə, Naxçıvan, Gəncə və Abşeronda) onun hərbi quru, hava və dəniz bazaları, strateji silah ehtiyatları (anbarları) və birləşmiş Türkiyə-Azərbaycan silahlı qüvvələri yaradılmalı (bu işə bir briqadanın – “Türkaz” və ya “Aztürk” briqadasının yaradılması ilə başlamaq olar);
– Ümumiyyətlə, Azərbaycan Respublikası strateji zaman, məkan və güc üçlüyünü nəzərə almalı, Türkiyə Cümhuriyyəti ilə strateji (uzunmüddətli, hərtərəfli və dərin) müttəfiqlik münasibətləri qurmalıdır.
Bu addımlar nə üçün atılmalıdır?
Əvvəla, nəzərə alınmalıdır ki, ümumiyyətlə hər hansı bir dövlətin müstəqil olması üçün həmin dövlətin açıq dənizlərə çıxışı, strateji dərinliyi və təbii müdafiə səddi (sədləri) olmalıdır. Əks halda, o dövlətin, indiki halda Azərbaycan Respublikasının, həqiqətən, müstəqil olması obyektiv, real olaraq mümkün deyildir.
İkincisi, Azərbaycan Respublikası Azərbaycan türklərinin yalnız kiçik bir hissəsinin tarixi torpaqlarımızın çox kiçik bir hissəsində yaratdığı yarımçıq, qüsurlu, natamam dövlətdir. Bu dövlətin uğurlu, baş tutan, tamdəyərli bir dövlət olması, daha doğrusu, belə bir dövlətə çevrilməsi Azərbaycanın və Azərbaycan türklərinin bütövləşməsini, hazırda bu, mümkün deyilsə, alternativ variantların tapılmasını tələb edir. Mövcud şəraitdə təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə birlik yoluna girmək ən təbii, obyektiv, aktual, real və praqmatik variantdır.
Üçüncüsü, bu addımların atılmasını yaranmış mövcud durum:
– Azərbaycan Respublikasının həyati əhəmiyyətli milli marağının (Vətənin müdafiəsi) – suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazılığı, Konstitusiya quruluşunun pozulması, müstəqilliyinin təhdid altına düşməsi, eyni zamanda vətəndaşlarının, bütövlükdə millətin həyatının, varlığının təhdid olunması;
– ətrafında əlverişsiz beynəlxalq və regional əhatənin yaranması;
– açıq düşməni olan Ermənistan Respublikasının Rusiya kimi böyük, güclü strateji müttəfiqə sahib olması, eyni zamanda KTMT kimi kollektiv müdafiə təşkilatına üzv olması;
– özünün isə bu ağır, mürəkkəb durumda müttəfiqsiz, yalnız qalması;
– müharibə vəziyyətində, torpaqlarının uzunmüddətli işğal altında olması, atəşkəsə baxmayaraq, tərəfləri ayırıcı xətdə hər hansı bir sülhməramlı qüvvənin olmaması, təmas xəttində, eyni zamanda düşmənlə sərhəddə atəşkəsə əməl olunmaması, tez-tez təxribatların törədilməsi, hərbi-strateji və hərbi-siyasi durumun kəskinləşməsi və ağırlaşması;
– “tələ yiyəsi” olan neoimperialist Rusiyanın vəkilləri Ermənistan Respublikası və “DQR” vasitəsilə yeni hərbi təxribatlara hazırlaşması;
– eyni zamanda müxtəlif yollarla ölkəmizə birbaşa və dolayısilə təzyiqləri artırması tələb edir.
Bəs nədən başlamalı?
Azərbaycan Respublikası qardaş Türkiyə Cümhuriyyəti ilə strateji müttəfiqlik münasibətlərinin qurulmasını və perspektivdə birliyin yaradılmasını hədəf alaraq, onunla hərbi müttəfiqlik sazişinin imzalanmasındanbaşlamalıdır.
Nə üçün? 
Çünki bu taleyüklü addımın atılması ölkəmizin inkişaf perspektivlərinə yön verəcək, onun həm daxili, həm də xarici inkişaf vektorunu müəyyən edəcək.
Ölkə daxilində atılmalı olacaq addımlara növbəti yazılarımızın birində toxunacağıq. Lakin onu qeyd edək ki, daxildə postsovet siyasətindən, yeni və ya yenidən ruslaşdırma siyasətindən imtina edilməsi, milli siyasətin aparılmasına keçilməsi qaçılmaz olacaq, imperativə çevriləcək.
Xarici siyasətdə isə qardaş Türkiyə Cümhuriyyəti ilə strateji müttəfiqlik münasibətlərinin qurulması və perspektivdə birliyin yaradılması birinci öncəlik olacaqdır.
Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişinin imzalanmasının ardınca ölkəmizdə, Naxçıvan və Abşerondan başlayaraq, qardaş dövlətin hərbi bazaları, strateji silah ehtiyatları (anbarları) və birləşmiş Türkiyə-Azərbaycan silahlı qüvvələri yaradılmalıdır.
Hərbi sahədə bu addımların atılması siyasi-strateji alqoritmin diktəsidir. Bu, Türkiyə-Azərbaycan münasibətləri və əlaqələrinin strateji zəncirinin əsas həlqəsidir. Əgər ondan tutub dartılarsa, zəncirin digər həlqələri də onun ardınca gələcəkdir.
Təbii ki, Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişinin imzalanması və ardınca digər hərbi addımların atılması ilə iş bitməməli, intensiv strateji dialoq başladılmalı və ikitərəfli münasibətlər, həqiqətən, strateji səviyyəyə qaldırılmalıdır:
– intensiv siyasi dialoq başladılmalı, Ankara və Bakı “siyasi saatlarını” yeni yaradılan “türk vaxt zonası”na və ya “türk saat qurşağı”na uyğun yenidən qurmalı;
– dövlətlər, hökumətlər və qurumlar arasında siyasi münasibətlər və əlaqələr yeni səviyyədə qurulmalı, ikitərəli münasibətlər institutlaşdırılmalı;
– intensiv strateji dialoqun üzvi tərkib hissəsi kimi, iqtisadi dialoq başladılmalı, strateji müttəfiqliyin başlıca ayaqlarından biri olan həyati vacib əhəmiyyətli Cənubi Qafqaz enerji, nəqliyyat, ticarət dəhlizi daha da möhkəmləndirilməli, təhlükəsizliyi təminat altına alınmalı;
– vahid iqtisadi məkanın yaradılması hədəf seçilməklə, gömrük ittifaqı və azad ticarət zonası yaradılmalı;
– qarşılıqlı olaraq viza rejimi ümumiyyətlə ləğv edilməli, gediş-gəliş üçün şəxsiyyət vəsiqəsi yetərli olmalı, hər iki ölkə vətəndaşlarına yaşama və işləmə izni verilməli;
– işçi qüvvəsi, mal, xidmət və kapitalın sərbəst hərəkəti təmin olunmalı;
– hərbi doktrina və digər konseptual sənədlər, əsasnamə və təlimatlar, hərbi norma və standartlar, o cümlədən hərbi-texniki standartlar və s. bir-birinə uyğunlaşdırlmalı;
– hər iki ölkənin silahlı qüvvələrinin bir-birinə uyğunlaşdırılması, əməliyyat sahəsi və döyüş qabiliyyəti də daxil olmaqla, bütün sahələri əhatə etməli;
– kəşfiyyat və təhlükəsizlik sahəsində də strateji münasibətlər qurulmalı, sıx informasiya mübadiləsi aparılmalı;
– elmi, elmi-texniki, o cümlədən hərbi-texniki, texnoloji münasibətlər də strateji səviyyəyə qaldırılmalı;
– strateji gücün sabit ünsürləri olan tarix, coğrafiya, etnoqrafiya, din və mədəniyyət sahələrində münasibət və əlaqələr müvafiq səviyyəyə qaldırılmalı;
– nəhayət, “Bir millət, iki dövlət” tezisi yalnız qulağa xoş gələn şüar olmaqla qalmamalı, əməldə həyata keçirilməlidir.
Unudulmamalıdır ki, mövcud şəraitdə və şərtlərdə bu tezisin əməldə həyata keçirilməsi ilk növbədə ortaya siyasi iradənin qoyulmasından və “Bir millət, bir ordu” tezisinin həyata keçirilməyə başlanmasından asılıdır.
Bu addımlar nə üçün həmən atılmalı, yubadılmamalıdır?
Səbəblər çoxyönlü, müxtəlif səviyyəli və çoxsaylıdır.
Birincisi, bu addımların həmən atılması, yubadılmaması təbii müttəfiq olan hər iki qardaş ölkənin milli maraq və mənafelərinə uyğundur. Və bu, hər iki tərəfdə dərk olunmaqdadır.
İkincisi, bunu zaman, içindən keçdiyimiz dövr – yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal, xüsusən də regional səviyyədə həlledici mərhələyə daxil olması tələb edir.
Üçüncüsü, bunu məkan – hər iki qardaş dövlətin Avrasiyanın ən həssas strateji məkanlarından birində, geopolitik, geostrateji, geoekonomik və geokültürəl baxımdan çox həsas, xarici təsirlərə açıq məkanda yerləşməsi tələb edir.
Dördüncüsü, bunu mövcud qlobal və regional strateji güc balansı, hər iki ölkənin bu güc balansındakı mövcud payı, onların milli strateji güclərinin qarşıya qoyulan strateji hədəflər baxımından təkbaşına yetərsizliyi, ümumiyyətlə, gücün məhdudluğu və bu səbəblə, hər iki qardaş dövlətin öz strateji güclərini birləşdirməsi zərurəti tələb edir.
Beşincisi, bunu Yaxın və Orta Şərqdə, postsovet məkanında, ələlxüsus Cənubi Qafqazda formalaşmış mövcud geopolitik, geostrateji, geoekonomik və geokültürəl, eyni zamanda siyasi, hərbi, iqtisadi və mədəni durum diqtə edir.
Altıncısı, kiçik dövlət olan Azərbaycan Respublikasının strateji zəifliyi, hələ ki, pərdə arxasında qalmağa çalışan neoimperialist Putin Rusiyasını və açıq düşmənimiz olan Ermənistan Respublikasını (ona hücum etməyə) şirnikləndirir.
Yeddincisi, qonşu regionlarda, postsovet məkanında, həmçinin Cənubi Qafqazda, ələlxüsus da Ermənistan-Azərbaycan hərbi münaqişə zonasında yaranmış mövcud durum, neoimperialist Putin Rusiyasının tələsməsi, intensiv şəkildə təcavüzkar, işğalçı Ermənistanı silahlandırmağa davam etməsi və Azərbaycanı “cəzalandırmağa” hazırlaşması bu addımların yubadılmadan, həmən atılmasını tələb edir.
Səkkizincisihazırda təkbaşına zəif olan Azərbaycanın düşmənlər tərəfindən çəkici, cəzbedici, təhrikedici görünməsi, bu sazişin imzalanacağı halda isə, tam əksinə, çəkindirici gücə çevriləcəyi xüsusilə nəzərə alınmalıdır. Bu halda, istənilən hərbi müdaxilə və ya təxribatın bədəlinin Ermənistan bir yana, hətta Rusiya üçün belə, ağır olacağı şübhəsizdir. Bu səbəblə, Azərbaycan, rəsmi Bakı sazişi imzalamağa tələsməli və onu “cəzalandırmağa” hazırlaşan Moskvanı qabaqlamalıdır.
Doqquzuncusu, bu addımların atılması üçün hər iki ölkədə ictimai və siyasi rəy, demək olar ki, hazırdır. Üstəlik, Azərbaycanda hakim siyasi elita artıq ictimai rəydən geri qalmağa başlayıb (Bunu 28 avqust 2020-ci il tarixdə bir qrup Azərbaycan vətəndaşının Türkiyənin ölkəmizdəki səfirliyi qarşısında keçirdiyi piket də əyani şəkildə göstərdi).
Nəhayət, xüsusi həssaslıq və diqqətlə nəzərə alınmalıdır ki, hazırda iki qardaş ölkə arasında hərbi müttəfiqlik sazişinin imzalanmasına hazır olduğu görünən Türkiyə Cümhuriyyətinin siyasi-hərbi rəhbərliyinin rəyi, fikri həm Azərbaycan Respublikasının siyasi rəhbərliyinin ayaq sürüməsi, qarşı duran tərəflər arasında strateji vurnuxması, get-gəldə olması, həm regionumuzda, həm də qonşu regionlarda mövcud olan durumun sürətlə, dinamik şəkildə dəyişməyə açıq olması, eyni zamanda hadisələrin inkişafının neqativ yönalma perspektiv(lər)inin istisna edilməməsi üzündən dəyişilə bilər. Məsələn, Şərqi Aralıq dənizində, lokal miqyaslı olsa da, hər hansı bir ciddi hərbi münaqişənin baş verməsi (bu, ehtimal daxilində hesab edilir) Türkiyə Cümhuriyyətinin siyasi-hərbi rəhbərliyinin durumu yenidən dəyərləndirməsinə yol aça bilər.
Azərbaycan Respublikasının siyasi-hərbi rəhbərliyi, xüsusilə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bütün bunları, ələlxüsus xalqın rəyini nəzərə almalı, ortaya qəti siyasi iradə qoyaraq Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi müttəfiqlik sazişini imzalamalı və qardaş ölkə ilə strateji müttəfiqliyin və birliyin yaradılması istiqamətində ilk qəti addımı atmalıdır.
P.S.: Bu sazişin 15 sentyabrda, Bakının işğalçılardan – bolşevik (rus) – daşnak (erməni) silahlı qüvvələrindən azad olunduğu (15 sentyabr 1918-ci il), Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı baxımından, müstəsna əhəmiyyət daşıyan bu böyük hadisənin baş verdiyi tarixi bir gündə imzalanması həm siyasi, həm siyasi-mənəvi, həm tarixi, həm də simvolik baxımdan məqsədəuyğun olardı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.