Vladimir Muxin“Nezavisimaya qazeta”, 10.09.2020 Avqust ayının sonunda Hindistan “Qafqaz-2020” strateji komanda və qərargah təlimlərinə qatılmamağa qərar verib. Bu ölkənin rəhbərliyi Vaşinqtonun sanksiya təhdidi altında Moskva ilə mühüm hərbi-texniki müqavilələr imzalamaqda tərəddüd edir. Bu əsnada dünənə qədər Rusiya Müdafiə Nazirliyində Balkanlarda müttəfiq və forpost sayılan Serbiya “Avropa İttifaqının təzyiqi altında” “Slavyan Qardaşlığı – 2020” (SQ-2020) hərbi təlimlərində Belarus və Rusiya Federasiyası ilə birlikdə rəsmi olaraq iştirak etməkdən boyun qaçırıb.Mütəxəssislər icması bu hadisələrin, həqiqətən, Vaşinqton və Avropa ölkələrinin təsiri altında olduğunu düşünür. Görünən odur ki, Rusiya və tərəfdaşlarının hərbi fəaliyyətini hibrid yollarla ləğv etməyə çalışırlar. Buna baxmayaraq, analitiklər “vəziyyəti tələsmədən qiymətləndirməklə” Moskvanın potensial tərəfdaşları ilə hərbi və hərbi-texniki maraqlarını reallaşdıra biləcəyinə əminliklərini ifadə edirlər.
“SQ-2020” manevrləri, bir növ, Şərqi Avropanın ən iddialı “Qafqaz”-2020 komandanlıq və idarəetmə eskadronunun bir müqəddiməsi olmalıdır”. Bunu hərbi ekspert polkovnik Vladimir Popov “NQ”-yə verdiyi müsahibədə bildirib. “Serbiyanın bunlara qatılmaması Balkan faktorunun çıx-daş edilməsi deməkdir. Bu, Moskvanın geosiyasi maraqlarının reallaşması üçün çox yaxşı nəticə deyil. Nədənsə Serbiya Rusiya Federasiyası üçün ən uyğun olmayan məqamda bitərəfliyini xatırladıb”.
Yeri gəlmişkən, Serbiyanın müdafiə naziri Aleksandr Vulinin dediyi kimi, Serbiya yalnız Rusiya Federasiyası ilə deyil, həm də NATO ilə hərbi əlaqələrini 6 aylıq dondurub. Bu qərar bir qədər qəribə görünür, çünki Vulin yalnız bir həftə əvvəl Moskvada gələcək hərbi əməkdaşlığı müzakirə edib. “SQ-2020”-də iştirak etməklə yanaşı, o, 2021-ci ildə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə Serbiyada Beynəlxalq Ordu Oyunlarının təşkil olunmasını təklif edib. Qeyd edilməlidir ki, Belqradla Moskva arasındakı hərbi münasibətlərin kəskin şəkildə soyuması, Serbiyalı nazirin inandığı kimi, “Aİ-nin təsiri” üzündən deyil. Bu, Serbiya prezidenti Aleksandr Vuçiçin ABŞ-a son “tarixi” səfərindən sonra baş verib. Bir çox rus siyasətçi və məmur bu səfərin nəticələrini açıq-aşkar bəyənməyib.
Vladimir Popov bildirib: “Ancaq bu, əlbəttə, Belqradın seçimidir. Göründüyü kimi, Moskvanın “günahı” yalnız ABŞ-ın Serbiyanın hazırkı rəhbərliyinə artan anti-Rusiya təsirini təsirsiz hala gətirə bilməməsidir. Başqa sözlə, amerikalılar Balkanlardakı nüfuz rəqabətində Rusiyanı üstələməyi bacarıblar”.
Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəetmə Akademiyasının Şimal-Qərb İdarəetmə İnstitutunun elmi işçisi Olqa Deqtyaryova da eyni fikirdədir. O qeyd edib ki, “Birləşmiş Ştatlar bütün Balkanlarda təşəbbüsü ələ keçirib. Bu gün o, Serbiya hökumətinə sponsorluq edir, Kosovodakı infrastruktur obyektlərinə pul yatırır, bundan əlavə, xorvatları silahlandırmağa, Makedoniyadakı toqquşmalara dəstək verməyə davam edir”.
Deqtyaryova əmindir ki, “Vuçiçin Rusiya prezidenti Vladimir Putinə şikayət etdiyi kimi, illər ərzində Serbiyaya qarşı təxribat müharibəsi aparılıb”.
Göründüyü kimi, söhbət hibrid müharibədən gedir. Ancaq fakt budur ki, Moskva Serbiya səlahiyyətlilərinə ABŞ kimi təsirli (iqtisadi və siyasi) dəstək verməyib. Rusiya Federasiyası ilə müdafiə məsələlərinin həllində Vaşinqton Belqrada “məhdudiyyətlər” tətbiq edə bilib. “İndi görürük ki, 1 il ərzində bölgədə 20-yə yaxın NATO təlim keçirilib, Rusiya və Serbiya hərbçiləri arasındakı təmaslar isə, təəssüf ki, barmaqla sayılacaq qədərdir”.
Əlbəttə, hərbi sahədə Serbiya-Rusiya təmasları azdır. Ancaq onların əhəmiyyətini azalda bilməzsən. Serbiya son 5 ildir qatıldığı “Slavyan Qardaşlığı” ortaq təlimlərinə hazırlaşmaqla yanaşı, bu il və daha əvvəl Beynəlxalq Ordu Oyunlarında fəal iştirak edib, hətta Tuvada keçirilən “Hərbi Ralli” yarışında qızıl medal qazanıb.
Xatırladaq ki, iyunun 24-də Böyük Qələbənin 75-ci ildönümü şərəfinə Qırmızı Meydanda baş tutan mərasimdə Serbiya hərbi personalından ibarət bir vahid var idi. Serbiyanın müdafiə naziri Aleksandr Vulin bundan qürur duyur. MDB, ŞƏT, KTMT Müdafiə Nazirləri Şurasının iclasında o, çıxış edərək deyib ki, Moskva və Belqrad “Böyük Vətən müharibəsi haqqında həqiqəti qorumaq üçün” tarixin saxtalaşdırıcılarına qarşı birgə mübarizə aparırlar. “Bəzi Avropa ölkələrində baş verən Qırmızı Ordu qəhrəmanlarına aid abidələrin sökülməsini qınamalıyıq”.
Popov bildirib: “Serbiyada Rusiya hərbi bazasının yaradılması ideyası bu yaxınlarda mətbuatda və internetdə müzakirə olunub. İndi, göründüyü kimi, bunu bir müddət unutmalı olacağıq. Nədənsə Belqrad Rusiya Federasiyasına qarşı mənfi emosiyalar formalaşdırıb. Bütün bunlar keçicidir. Moskvanın vəziyyəti yaxşılaşdırmaq üçün ehtiyatları olduğunu düşünürəm.
Hər şeydən əvvəl imicləri və hərəkətləri slavyan qardaşlığı şəkildə dəstəklənməlidir. Rusiya Federasiyasındakı bəzi məmurların etdiyi kimi istehza etməklə deyil”.
Amma Hindistana münasibətdə Rusiya, onun fikrincə, tamamilə praqmatik bir mövqedə olmalıdır. “Moskva müasir silahların istehsalındakı imkanlarını itirməyib və onları Dehliyə təqdim edə bilər. Hindistan bununla maraqlanır. Buna görə də, ABŞ-ın bu ölkənin Rusiya Federasiyası ilə silah ticarətinə mane ola biləcəyindən, rəqabət və sanksiyalardan qorxmamalıyıq”.
Mütəxəssisin fikrincə, Hindistanın “Qafqaz-2020”-də iştirakdan imtina etməsi, Hindistan KİV-lərinin yazdığına görə, “Çin və Pakistandan olan hərbçilərə görədir. Bu ölkələrin Dehli ilə münasibətləri son zamanlar kəskinləşdiyindən o, təlimlərdə iştirak etməmək niyyətindədir”. Bu motiv başadüşüləndir və ondan “ajiotaj” yaradılmamalıdır.
Tərcümə: Strateq.az