TÜRKİYƏ LİVİYADA TƏSİR GÜCÜNÜ İTİRİR –Aralıq dənizi hövzəsində kartlar yenidən paylanır

19-09-2020, 11:55   

Fehim Taştekin
“Əl-Monitor”, 18.09.2020
 
Türkiyə, Aralıq dənizinin şərqindəki qaz yataqları ilə sıx əlaqələndirilən Liviyadakı qarşıdurmada hədəflərini azaltmaq üçün getdikcə daha çox təzyiqə məruz qalır. Bölgədəki hadisələrin gedişatı, Türkiyənin müəyyən gözləntilərinin qarşılanması və hətta Qahirə ilə əlaqələrin normallaşması üçün zəmin yaradılması şərtilə, Misirin Liviyadakı rolunu qəbul etməsi də daxil olmaqla, Ankaranın daha real addımlar atılmasını diktə edir.
Nizamlanma səyləri sürətləndikcə, Misir Liviyadakı əks-tərəflər arasında vasitəçilik edə biləcəyini sübut edib.
Ankaranın münaqişədəki sərt mövqeyi isə müttəfiqləri üzərində təsir gücünü azaldıb. Bu, yaxınlaşan həll prosesində Türkiyənin maraqları üçün daha bir risk yaradır.
Başqa sözlə, rəqib tərəflər keçən ay danışıqlara qapı açdıqdan sonra Türkiyə geniş miqyaslı hərbi müdaxilə ilə qazandığı üstünlüyü qoruya bilməyib. MBH rəhbəri Fəyyaz Sərrac və daxili işlər naziri Fəthi Başaqa arasındakı nüfuz savaşı Ankaraya,əsgər və milis yerləşdirərək, Tripolidə hər şeyə nəzarət edə bilməyəcəyini başa salıb. Şübhəsiz, həmin uğursuzluqlar Türkiyənin başqalarının şounu idarə etməsinə icazə verəcəyi demək deyil.
Misir strateji baxımdan əhəmiyyətli olan Sirtdə “qırmızı xətt” çəkdikdə və Rusiya bölgədə gücləndikdə, Liviyadakı tərəflər döyüş meydanında çıxılmaz vəziyyətdən danışıqlara məcbur edilib. Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Həftər və Tobrukda yerləşən Nümayəndələr Palatasının rəhbəri Aqila Salehin təmsil eetdiyi Şərq Hökuməti Misirin atəşkəs təklifini iyun ayının əvvəlində qəbul edib, MBH avqustun 21-də.
Liviya daxilində iqtisadi şikayətlərlə əlaqədar küçə etirazları da, Sərrac və Başaqa arasındakı rəqabətlə yanaşı, avqustun sonunda tərəfləri danışıqlara məcbur edib. Sərrac, bir çoxlarının inandığı kimi, Türkiyənin dəstəyi ilə baş nazir postuna ümid edən Başaqanı və Tripolidəki digər əsas vəzifəli şəxsləri istefaya göndərib. Şərqdə də eyni şey baş verib –  hökumət istefaya gedib.
Türkiyə MBH-nın dağılmamasına diqqət yetirib. Nəticədə, Başaqa vəzifəsinə bərpa olunub. Sarrac xarici əlaqələrini şaxələndirməklə Ankaranı qıcıqlandırıb. Baş Qərargah rəisini dəyişən Sərrac, təhlükəsizlik, kəşfiyyat və media orqanlarında nəzarəti gücləndirməyə çalışıb, “Müsəlman Qardaşlar” və Misrata qruplarının əsəbləri ilə oynayıb.
Sərrac-Başaqa qarşıdurmasından bəri, bir çoxları Sərracın atdığı hər bir addımda antitürk hərəkəti görməyə meyllidirlər. Saleh və Həftərin də dəvət olunduğu Parisdəki görüşdə iştirak etməmək istəyi Ankaraya sədaqətsilzlik şübhələri oyadıb. Fəqət Başaqa da, Türkiyəyə söykənməsinə baxmayaraq, Fransa və Misirlə oyun oynayır.
Hər iki aktyorun Türkiyənin dəstəyinə ehtiyacı qalmaqdadır, bunu Sərracın sentyabrın 6-da Ankaraya səfəri də sübut edir. Sərrac Türkiyənin təzyiqi və Tripolinin Həftərin nəzarətinə keçməsi qorxusu altında, 2019-cu ilin noyabrında Ankara ilə dəniz sərhədi müqaviləsini imzalayıb. Türkiyənin Aralıq dənizindəki qaz axtarışı iddialarının dayaq nöqtəsinə çevrilən müqavilə parlamentdə təsdiqlənməyib və onun qüvvədə qalması MBH-nın sağ qalmasına bağlıdır.
Bütün bu mübahisələrdən əlavə, Sərrac sentyabrın 16-da “vəzifəsini oktyabrın sonundan gec olmayaraq növbəti icra hakimiyyəti təmsilçisinə təhvil vermək” arzusunu elan edib. Çözüm səylərinə toxunaraq, “Dialoq Komitəsinin işini başa çatdıracağına və yeni prezident şurası və baş naziri seçəcəyinə” ümidvar olduğunu bildirib.
İstefa istəyi ilə Sərrac Cenevrədə keçiriləcək sülh danışıqları öncəsi təzyiqlərdən qurtulmağa çalışır. Ankara üçün bu, xəbərdarlıq kimi səslənir: “Mən olmasam, dəniz müqaviləsi də yoxdur”. Lakin bu addım Tripolidə qarşıdurmaya səbəb ola bilər.
Ümumən, liviyalı müttəfiqlər arasındakı tarazlıq kövrəkdir. Bu da Ankaranın müttəfiqləri ilə şərqdəki müxalifləri arasındakı dialoqu idarə etməsini daha da çətinləşdirir.
Nümayəndələr Palatası və Tripolinin Ali Dövlət Şurasının nümayəndə heyətləri keçən həftə Mərakeşdə 5 günlük danışıqlar aparıb və güc paylaşımı ilə bağlı bəzi anlaşma əldə ediblər. Danışıqlar, hər iki qurumun nümayəndə heyətinin tərkibindən şikayətlə, bir neçə üzvünün etirazına səbəb olub. Türkiyəyə yaxın olan Ali Dövlət Şurasının rəhbəri Xalid Mişri danışıqların məşvərətçi xarakter daşıdığını və Şura üçün məcburi olmadığını söyləyib.
Keçən həftə Sərrac və Saleh nümayəndələri Qahirədə danışıqlar aparıblar, 2021-ci ilin oktyabrından gec olmayaraq, seçkilər üçün tarix təyin etməyi, MBH Prezident Şurasının 3 + 1 düsturu ((bir prezident və iki müavin və müstəqil baş nazir) əsasında yenidən qurulması təklifində razılaşıblar.
Qahirə görüşü Sərracın əhval-ruhiyyəsinin ürəkaçan olmadığı Ankaraya son səfərindən sonra baş tutub. Misir paytaxtının sülh platforması olaraq ortaya çıxması Ankaranın qarşısını almaq istədiyi bir şey deyil. Türkiyənin çevikliyi bir neçə səbəblə əlaqələndirilə bilər. Hər şeydən əvvəl Ankara, Sirtdə və əl-Cufrada Rusiyanın güclənməsindən sonra Liviyanın əsas neft yataqlarının əlindən çıxdığını və indi Tripoli-Misrata anklavında qalacağını başa düşür. Tripolidəki kövrək koalisiyanın xırıltıları ilə Ankaranın danışıqlara yol verməkdən başqa bir yolu yoxdur.
Misirin rolunu qəbul etmək müqabilində Türkiyə Həftərin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) həll prosesindən kənarlaşdırılması kimi müəyyən qazanclar əldə etməyə ümidlidir.
Qahirədəki danışıqlar Saleh və Sərracın nümayəndələri ilə məhdudlaşıb, nəticə Ankaranı məmnun edib – Həftərin yoxluğuna görə. Misirin vasitəçiliyi Tripolidə 14 aylıq mühasirənin baş sponsoru olan BƏƏ-nin rolunu azaltsa da, bu, Əmirliklərin maraqlandığı sahələrə müdaxiləsini daha təhlükəli hesab edən Ankara üçün faydalıdır.
Türkiyəni Misirin rolunu qəbul etməyə məcbur edən digər bir amil Rusiyanın təsirli mövqeyidir. Salehin şərq düşərgəsindəki profilini Həftər hesabına yüksəldən Rusiyanın incə mühəndisliyi var.
Beləliklə, Rusiya Türkiyənin şərq qüvvələrinə təsir göstərən yeganə kanalıdır.
Sonda, Liviyada Misirlə buzları qırmaq, Türkiyəyə Misiri Aralıq dənizindəki baş düşməni olan Yunanıstandan uzaqlaşdırmaq üçün manevr imkanı verə bilər. Keçən ay prezident Rəcəb Tayyib Ərdoğan, nüfuzlu təqaüdçü generalların rəhbərliyi altında Türkiyənin Aralıq dənizindəki təcridini qırmaq üçün Misir və İsraillə çəpərləri düzəltmək çağırışlarının artması fonunda, Misirlə kəşfiyyat məmurları səviyyəsində davamlı təmasların olduğunu açıqlayıb. Ankaranın “Müsəlman Qardaşlar”a – Qahirənin düşməni olan qrupa dəstəyi təməl maneə olaraq qalsa da, Türkiyənin Liviyadakı müttəfiqləri də Misirin həlledici qonşu olduğunu və qanuni təhlükəsizlik narahatlıqlarını qəbul edirlər.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.